Təəssüf ki, arzuedilən turist axını arzuolunmaz izlər də qoyur...
Biz Qarabağın, Şərqi Zəngəzurun erməni işğalından azad edilməsini, həsrətilə yaşadığımız bu müqəddəs torpaqlara qovuşmağımızı illər boyu ən müqəddəs arzu kimi ürəyimizdə yaşatmışıq. Böyük sərkərdə, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində qazandığı şanlı qələbələr sayəsində bu gün həsrət bitib, vusal dəmi yetişib.
Yurd yerlərimiz yenidən qurulur, şəhərlər, kəndlər salınır, keçmiş məcburi köçkünlərin mərhələli şəkildə ata-baba ocaqlarına qayıdışı nəticəsində vətənimizin bu dilbər güşələrində həyat canlanır. Başdan-başa genişmiqyaslı tikinti meydançasını andıran Qarabağa indi təkcə vaxtilə burada yaşamış insanların deyil, ölkəmizin dörd bir yanından işləmək, təhsil almaq, ən çox da Tanrının bu yerlərə bəxş etdiyi təbiət gözəlliklərini görmək üçün gələnlərin ardı-arası kəsilmir.
Xocalının, Xankəndinin ruhumuza hüzur verən parklarında, Şuşanın şanına şeirlər yazılmış, nəğmələr bəstələnmiş Cıdır düzündə, İsa bulağında, Turşsuyunda, Həkərinin sahilində, Laçının, Kəlbəcərin can dərmanı, buz kimi çeşmələrində, minbir güllərlə, çiçəklərlə bəzənmiş yaylaqlarında qələbəliyi görəndə sevinməmək, qürurlanmamaq mümkün deyil!
Ancaq təəssüf ki, elə həmin qələbəliyin içində uzun həsrətdən sonra qovuşduğumuz vətən torpaqlarına sevgisi şübhə doğuran, bilərəkdən və ya bilməyərəkdən təbiətə zərər verən, meşələri, yaşıllıqları, bulaqların ətrafını zibilləyənlər də var.
Paradoksa fikir verin, kimsə “oxxay!” çəkərək hansısa bulağın suyundan içir, yanında həmin anı xatirəyə çevirmək üçün “Allah bizə bu günləri yaşadan şəhidlərimizə rəhmət eləsin”lə başlayan video çəkir, bulağın başında yeyib-içir, sonra da zibillərini elə ora tullayıb gedir. Cıdır düzünün yaxınlığındakı ağacların altında, Turşsuda, Laçın-Şuşa yolundakı Şəhidlər bulağının ətrafında və sadalamadığımız daha neçə-neçə yerlərdə belə hallarla rastlaşmaq ürək ağrıdır.
Baxmayaraq ki, insanların axın etdiyi həmin ərazilərin əksəriyyətində aidiyyəti qurumlar tərəfindən zibil qabları qoyulub, mütəmadi monitorinqlər keçirilir, maarifləndirici lövhələr var, ancaq hər ağacın, hər bulağın yanında polis əməkdaşının növbə çəkməsi, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşının dayanması mümkün deyil axı.
Köhnə dövr marşrut avtobuslarında “ən yaxşı nəzarət sənin vicdanındır” yazılan kiçik lövhələr vardı. Həqiqətən də, Qarabağda, Şərqi Zəngəzurda təbiətimizə münasibət də vicdan, qeyrət, vətənpərvərlik məsələsidir. Hələ nə yaxşı ki, başqalarının tökdüklərini yığan, bu yerləri təmiz saxlamağı vətəndaşlıq nümunəsinə çevirən həssas, vicdanlı insanlarımız da kifayət qədər çoxdur.
Mövzunun aktuallığını bugünlərdə işğaldan azad olunmuş rayonlarımızın əksəriyyətində baş vermiş yanğın hadisələri də təsdiqləyir. Əlbəttə, həmin yanğınların yaranma sabəbləri haqqında aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır, günahkarlar tapılaraq qanunamüvafiq cəzalandırılır və cəzalandırılacaq.
Ancaq hər bir halda baş verən hadisələrin mahiyyətində bəzi üzdəniraqların laqeydliyi, səhlənkarlığı və savadsızlığı dayanır. ETSN yanında Meşələrin İnkişafı Xidmətinin Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarını əhatə edən 12 saylı Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Söhrab Abbasov da “Xalq qəzeti”nə açıqlamasında mövzu ilə bağlı təəssüf və hiddətlə bəhs etdi. Uzun illər bu sahədə diqqətçəkən fəaliyyəti ilə seçilən S.Abbasov bildirdi ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin və rəhbərlik etdiyi qurumun əməkdaşlarının fədakarlıqları sayəsində baş verən yanğınlar vaxtında söndürülüb, alovların meşələrə keçməsinin qarşısı alınıb, meşə fondu torpaqlarını mühafizə etmək mümkün olub.
Bütün bu səylərə rəğmən yenə də hektarlarla ot örtüyü, əkin və otlaq yerləri, kolluq ərazilər yanaraq külə dönüb, təbii landşafta ciddi zərər dəyib. Yanğınsöndürmə əməliyyatlarını çətinləşdirən həm də həmin yanğınların minalardan təmizlənməmiş ərazilərə keçməsi olub. Nəticədə, bir neçə partlayışın baş verməsi FHN əməkdaşlarının birbaşa fiziki müdaxiləsini çətinləşdirib, buna baxmayaraq, helikopterlərin də köməyi ilə yanğınlar nəzarət altına alınıb və tamamilə söndürülüb.
Təbiət sevgisi insanın içində olmalıdır. Bu yerlərə istirahətə, gəzməyə gələn hər kəs başa düşməlidir ki, kabab bişirmək üçün yandırdığı ocağı söndürməlidir. Başa düşməlidir ki, zibili yaxınlıqda olan zibil qutusuna deyil, oturduğu yerə atmaq, o tərtəmiz gözəllikləri zibilləmək həm hüquqi, həm də insani baxımdan cinayətdir.
S.Abbasov qəzetimiz vasitəsilə bir daha vətəndaşlara müraciət edərək onları təbiətimizi, meşələrimizi, yaşıllıqlarımızı qorumağa, ətrafı zibilləməməyə, yanğın təhlükəsizliyi ilə bağlı təlimatlara əməl etməyə çağırdı.
Biz də “Xalq qəzeti” olaraq bu çağırışa qoşuluruq: Vətən sevgimizi torpaqlarımızı işğaldan azad etmək məqamında birliyimizlə göstərdiyimiz kimi, bu gün onu qorumaqla da göstərək. Axı bu əsrarəngiz təbiət gözəllikləri ana təbiətin, babalarımızın bizə əmanətdir. Əmanətə xəyanət etməyək!
Mahir RƏSULOĞLU,
“XQ”nin Qarabağ müxbiri,
Xocalı