Fransa Cənubi Qafqazda barıt qoxusu yayır
Ceyhun Məmmədov: “Fransanın cəhdləri yeni reallığı dəyişə bilməz!”
İyulun 22-də Fransa Milli Assambleyasındakı “Sağ Respublikaçılar” qrupunun rəhbəri və Fransa-Ermənistan dostluq qrupunun sədri Loran Vokye, habelə həmin dostluq qrupunun sədr müavini Aleksandr Marten tərəfindən Azərbaycana qarşı növbəti qətnamə təşəbbüsü irəli sürülüb. Qətnamədə qondarma məfhumlara (“dağlıq-qarabağ respublikası, artsax) yer verilib.
Bu torpaqlardan köçmüş erməni əhalisinin vəziyyəti ilə əlaqədar çoxsaylı "narahatlıqların" olduğu qeyd olunub. Həmçinin, Azərbaycanda hərbi cinayətlərdə ittiham olunan erməniəsilli şəxslər üzərində məhkəmə proseslərinin guya “qondarma” olduğu iddia edilib, onların dərhal azad olunması tələbi irəli sürülüb. Fransa Milli Assambleyasında Azərbaycana qarşı irəli sürülmüş növbəti qətnamə layihəsi bir daha göstərir ki, bu ölkədə bəzi siyasi dairələr Cənubi Qafqazda sülhə və sabitliyə qarşı qərəzli və təhlükəli yanaşmalarını davam etdirirlər. Qətnamənin müəllifləri isə daim erməni lobbisinin təsiri altında fəaliyyət göstərən və anti-Azərbaycan mövqeləri ilə tanınan şəxslərdir. Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının irəlilədiyi bir mərhələdə, xüsusilə Əbu-Dabi görüşündən dərhal sonra belə bir qətnamə təşəbbüsünün ortaya atılması Fransanın sülh prosesindən narahat olduğunu və prosesdən kənarda qalmasını həzm edə bilmədiyini açıq şəkildə sübut edir. Fransa Milli Assambleyası tərəfindən irəli sürülən bu kimi qətnamələr beynəlxalq hüquqa zidd olmaqla yanaşı, ölkəmizin suverenliyinə və ərazi bütövlüyünə açıq hörmətsizlikdir. Reallıqların təhrif edilməsi, yalan məlumatlar üzərindən siyasi nəticələr çıxarılması, rəsmi Parisin hansı maraqlara xidmət etdiyini aydın göstərir. Fransa bir tərəfdən Azərbaycanın ünvanına “demokratiya”, “insan haqları” kimi anlayışlardan sui-istifadə edir, digər tərəfdən isə öz daxilində – Yeni Kaledoniya, Polineziya, Qvadelupa və digər müstəmləkə ərazilərdə yerli xalqların azadlıq çağırışlarını amansızcasına boğur. Bu, Fransa dövlətinin açıq-aşkar ikili standartlara əsaslanan neokolonial siyasətinin göstəricisidir. Fransanın Azərbaycana qarşı bu cür qərəzli yanaşmalarının bir səbəbi də Bakı Təşəbbüs Qrupu tərəfindən Yeni Kaledoniyaya göstərilən beynəlxalq dəstəkdir. Görünən odur ki, Azərbaycanın bu sahədə apardığı ədalətli təşəbbüslər Fransada ciddi narahatlıq doğurur və cavab olaraq ölkəmiz əleyhinə qondarma qətnamə layihələri ilə cavab verməyə çalışırlar. Azərbaycan dövləti və xalqı bu kimi qərəzli və siyasi motivli hücumlara qarşı hər zaman milli maraqlara, beynəlxalq hüquqa və prinsipial mövqeyə əsaslanan qətiyyətli siyasət nümayiş etdirib.

Millət vəkili Ceyhun Məmmədov Sherg.az-a açıqlamasında deyib ki, Fransa Milli Assambleyasında Azərbaycan əleyhinə qətnamə təşəbbüsü ilə çıxış edilməsində erməni lobbisinin böyük rolu var. Deputat diqqətə çatdırıb ki, bu gün Azərbaycan-Ermənistan münasibətlərində yeni səhifə açılarkən, sülh prosesində irəliyə doğru gedərkən, Fransa Assambleyası məhz bu cür absurd qətnaməni gündəmə gətirir:
"Tarixdə heç vaxt olmadığı qədər fürsət, şans yaranıb ki, Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalansın. Bu şansdan yararlanmaq imkanı varkən, Fransa kimi ölkələr pozuculuqla məşğul olur, təxribatlara əl atırlar. Dövlətlər arasında münasibətləri gərginləşdirir. Hər halda bu cür addımlar, səylər ciddi problemlər yaradır. Ancaq Fransa kimi ölkələr ona da əmin olsunlar ki, onların qərəzli cəhdləri heç nəyi dəyişməyəcək. Kimsə düşünürsə ki, bu cür qərarlarla, qətnamələrlə Azərbaycanın haqlı mövqeyinə təsir edə, cənab Prezidentin rəhbərliyi ilə yaradılan yeni reallığı dəyişə bilərlər, bu, mümkün deyil. Ona görə də bu cür təxribatlara son qoymaq lazımdır. Azərbaycan öz torpaqlarını azad edib. Hazırda tərəflər arasında sülh danışıqlarının son mərhələsidir. Sülh sazişinin mətni hazırdır. İkitərəfli dialoqlar nəticəsində münasibətlər normallaşır. Yaxşı olar ki, Fransa kimi ölkələr bu məsələyə müdaxilə etməsin, öz "töhfələrini" verməsinlər. Çünki biz sülh istəyirik və görünən odur ki, Paşinyan hökuməti də sülh sazişinin imzalanmasını istəyir. Sülhün əldə olunması üçün mövcud olan imkanlardan maksimum yararlanmaq lazımdır".