AZ

Haaqa Tribunalı “Bosniya qəssabı” Ratko Mladiçin vaxtından əvvəl azadlığa buraxılmasını rədd edib

Sarayevo, 30 iyul, AZƏRTAC

BMT-nin Haaqadakı Beynəlxalq Cinayət Tribunalları üzrə Qalıq Mexanizmi (IRMCT) 2017-ci ildə ömürlük həbs cəzasına məhkum olunan Bosniya serbləri ordusunun sabiq komandiri Ratko Mladiçin humanitar əsaslarla vaxtından əvvəl azadlığa buraxılması tələbini rədd edib.

AZƏRTAC xəbər verir ki, məhkəmə soyqırımı və müharibə cinayətləri törətmiş 83 yaşlı Ratko Mladiçin səhhətinin qeyri-qənaətbəxş olduğunu və ömrünün çox qalmadığını qeyd etsə də, onun Niderlanddakı həbsxanada yüksək keyfiyyətli tibbi yardım aldığını bildirib.

IRMCT-nin prezidenti, hakim Qrasiela Qatti Santana deyib ki, tibbi rəylər Mladiçin həyatının sonuna yaxınlaşdığını göstərir: “Əldə olunan məlumatlar onun azadlığa buraxılması üçün əsas kimi göstərdiyi məcburi humanitar şəraitin sübuta yetirilmədiyini nümayiş etdirir. Mladiç azadlığa çıxmasına haqq qazandıra biləcək kəskin ölümcül xəstəlikdən əziyyət çəkmir”.

Mladiçin vəkilləri humanitar əsaslarla azadlığa buraxılması üçün iyun ayında IRMCT-yə müraciət etmişdilər.

Xatırladaq ki, Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı R.Mladiçi soyqırımında, insanlıq əleyhinə cinayətlərdə, həmçinin müharibə qanunları və ənənələrini pozmaqda təqsirli bilərək ömürlük həbs cəzasına məhkum edib.

R.Mladiç 1992-1995-ci illərdə Bosniya və Herseqovinada silahlı münaqişə zamanı serb ordusuna rəhbərlik edib. Serb qoşunlarının 1995-ci il iyulun 11-də Bosniya və Herseqovinanın şərqindəki Srebrenitsa şəhərinə daxil olması ilə başlayan soyqırımında bir neçə gün ərzində 8372 bosniyalı mülki şəxs öldürülüb və onların cəsədləri müxtəlif kütləvi məzarlıqlarda basdırılıb. 2007-ci ildə Keçmiş Yuqoslaviya üzrə Beynəlxalq Haaqa Tribunalı Srebrenitsa və ətrafında baş verənləri soyqırımı kimi qiymətləndirib.

Nihad Budaqov

AZƏRTAC-ın xüsusi müxbiri

Sarayevo

Seçilən
25
2
azertag.az

3Mənbələr