AZ

Ankara ABŞ-dan maye təbii qazın idxalı üzrə yeni razılaşmanı istisna etmir

Ankara, 30 iyul, AZƏRTAC

Türkiyənin energetika və təbii sərvətlər naziri Alparslan Bayraktar ABŞ-dan maye təbii qaz (MTQ) tədarükünə dair yeni razılaşmanın imzalanmasını istisna etməyib.

AZƏRTAC xəbər verir ki, Türkiyənin energetika naziri jurnalistlərə açıqlamasında MTQ-nin uzunmüddətli alışına dair təmasların əhəmiyyətinə toxunaraq, Ankara ilə Vaşinqtonun mövcud razılaşmaya əlavə olaraq yeni qaz müqaviləsi imzalaya biləcəyini bildirib.

Bayraktarın sözlərinə görə, bu məsələ ABŞ-ın Ankaradakı səfiri Tomas Barrakla keçirilən görüşdə də müzakirə olunub. “İki ölkə arasında enerji gündəliyinə neft-qaz yataqlarının birgə araşdırılması üzrə layihələr də daxildir. Bütün bunlar operativ şəkildə həll oluna biləcək addımlardır”, – deyə nazir vurğulayıb.

Nazir, həmçinin İraqdan neft tədarükünün artırılması istiqamətində görülən səylərdən də danışıb. “İraq-Türkiyə neft kəmərinin potensialı gündəlik 1,5 milyon barel neft nəqli üçün nəzərdə tutulub. Təəssüf ki, bu boru kəməri heç vaxt tam gücü ilə işləməyib, halbuki Türkiyə onun fəaliyyətinin təmin olunmasına xeyli sərmayə qoyub”, – deyə A. Bayraktar qeyd edib.

Nazirin sözlərinə görə, bu neft kəmərinin qonşu ölkənin cənub vilayətlərinə qədər uzadılması da mümkündür. Ankara bu məsələdə Bağdaddan konkret addımlar gözləyir və artıq son tarix 2026-cı ilin iyul ayı olaraq müəyyənləşdirilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Seçilən
23
azertag.az

1Mənbələr