AZ

Xamenei: ABŞ İranla qarşıdurmaya bəhanə axtarır...

İranın Ali lideri bildirib ki, nüvə proqramı Qərbin təzyiqləri üçün sadəcə bəhanədir...

Poliqon xəbər verir ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei ölkəsinin nüvə proqramı ilə bağlı Qərbin və xüsusilə də ABŞ-ın səsləndirdiyi ittihamların yalnız bir bəhanə olduğunu deyib. Xameneinin sözlərinə görə, Vaşinqtonun məqsədi İslam Respublikasına qarşı düşmənçiliyi davam etdirməkdir.

“Onların nüvə proqramı, uranın zənginləşdirilməsi, insan haqları və digər bu kimi məsələlərə toxunması yalnız bəhanədir. Əslində, onlar bizim inancımız və ideologiyamızla razılaşmırlar,” deyə Xamenei çıxışında vurğulayıb.

İranın dini lideri qeyd edib ki, İran nə qədər beynəlxalq təzyiqlə üzləşsə də, özünün iki əsas prinsipindən – “din və elm”dən heç vaxt imtina etməyəcək.

“Allahın köməyi ilə biz imanımızı möhkəmləndirməkdə və elmi nailiyyətlərimizi dərinləşdirməkdə uğurlar əldə etməyə davam edəcəyik”, deyə Xamenei vurğulayıb..

Xamenei, həmçinin İran xalqının ölkəni “inkişaf və qürurun zirvəsinə” qaldıracağına inandığını bildirib.

Xatırladaq ki, Qərb ölkələri, xüsusilə ABŞ, İranın nüvə proqramını regionda sabitlik üçün təhlükə hesab edir və Tehranın nüvə silahı hazırlamaq niyyətində olduğunu iddia edir. İran isə dəfələrlə bəyan edib ki, proqram yalnız dinc məqsədlər üçündür. Tərəflər arasında illərdir davam edən danışıqlar nəticəsiz qalıb və qarşılıqlı etimadsızlıq artmaqdadır.

Poliqon.info

Seçilən
13
poliqon.info

1Mənbələr