AZ

Qərbi azərbaycanlıların da Böyük qayıdışı başlayacaq

Sadəcə, geci-tezi var

BMT katibliyinin Azərbaycan Prezidenti İlham Əliyevin 2025-ci il mayın 21-də  Ankarada "Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi" mövzusunda keçirilmiş beynəlxalq konfransın iştirakçılarına müraciətini və konfransın yekun sənədini BMT Təhlükəsizlik Şurası və Baş Assambleyasının rəsmi sənədləri kimi yayması ictimaiyyətdə rəğbətlə qarşılanıb. 

Xatırladaq ki, bu istiqamətdə icmanın təşəbbüsü ilə indiyədək BMT-nin rəsmi sənədi kimi 10-dan çox bəyanatı və müraciəti bəyənilib. Bütün bunlarla yanaşı, digər dövlətlərin və tərəqqipərvər beynəlxalq təşkilatların başçıları, habelə tanınmış insan hüquqları müdafiəçiləri ən yüksək kürsülərdən qərbi azərbaycanlıların haqlı tələblərini məmnunluqla dəstəkləyiblər. İcmanın bununla bağlı bəyanatında deyilir: "Qərbi Azərbaycan məsələsini prinsipial və ardıcıl şəkildə beynəlxalq gündəmdə saxlayan Prezident İlham Əliyevin sözügedən müraciətinin BMT-nin rəsmi sənədi kimi yayılması insan hüquqları mövzusu olaraq Qərbi Azərbaycana qayıdış məsələsinə beynəlxalq dəstəyin artırılmasında mühüm rol oynayır".

Qərbi Azərbaycandan, yəni indiki Ermənistan adlandırılan ərazidən didərgin salınmış azərbaycanlıların təhlükəsiz şəkildə və ləyaqətlə geri qayıdışını təmin etmək məsələsini qarşıya qoyan Qərbi Azərbaycan İcması həm də o yerlərdəki tarixi mədəni abidələrin, məhəllələrin taleyi ilə maraqlanır, vaxtilə elindən-obasından zorla köçürülmüş, deportasiyaya məruz qalmış ailələrin nümayəndələri, ən nəhayət, varisləri ilə görüşür, tarixin gizli və qaranlıq səhifələrinə işıq salır. İcma tərəfindən həmçinin Qərbi Azərbaycan ərazilərinin folkloru, toponimləri, kəndləri, yer adları, tarixi şəxsiyyətləri, el sənətkarları, şair və yazıçıları, insanların əmək vərdişləri və yaşam tərzi gündəmə gətirilir. Hətta bəzi görkəmli şəxsiyyətlərin xatirə günləri təşkil edilir, tədqiqatçı alimlərin, şair və yazıçıların Qərbi Azərbaycana dair kitabları nəşr edilir. 

Bu kimi məsələlərə məsuliyyət və diqqətlə yanaşan Qərbi Azərbaycan İcmasının bəyanat və çıxışlarında dünya ictimaiyyətinə, habelə beynəlxalq hüquq müdafiəçilərinə xitabən bildirilir ki, min illərlə o ərazilərdə yaşamış azərbaycanlıların tarixi torpaqlarına qayıdışı beynəlxalq sənədlərdə təsbit olunan hüquqlarıdır. Məsələn, adi bir fakt: ötən əsrdə Qərbi Azərbaycanın dörd bir yanında olduğu kimi, Göyçə gölündən 5 kilometr şimalda yerləşən Toxluca kəndində də (Çəmbərək rayonu) bu torpaqların əsl sahibi olan azərbaycanlılar dəfələrlə etnik təmizləməyə məruz qalıblar. 1988-ci ilin dekabrında baş verən deportasiyaya qədər Çəmbərəkdə rayon mərkəzindən sonra ən böyük yaşayış məntəqəsi olan bu kənddə 3200-ə yaxın azərbaycanlı yaşayıb. Kəndin bünövrəsinin VII əsrdə qoyulduğu ehtimal olunur. Kəndin adı 1728-ci il tarixli "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilib. Toxluca toponiminin Azərbaycan dilində "dağlıq yer" anlamında olan "dağlıqca" sözünün fonetik forması əsasında əmələ gəlməsi fikri var. Kənddə zamanında Anağızoğlu, Dərəyurd, Düzyurd, Taxça, Əyricə, Dərəkom, Ayıdərəsi, Quzey, Xırmanlı, Kərəmbiçən, Qurdlubulaq, Biçənək adlı qışlaqlar olub. Toxlucadakı yer adları da bu torpaqların tarixən öz əzəli sahiblərinə, yəni azərbaycanlılara məxsusluğundan xəbər verir.

Məlumdur ki, neçə-neçə kənd, el-oba ayrı-ayrı zaman kəsiyində eyni taleyi, ağrı-acını yaşamağa məhkum edilib. Bu yerlərin qanuni sakinləri beynəlxalq hüququn tələbləri çərçivəsində öz yurd-yuvalarına qayıtmaq arzusu ilə yaşayıblar. Onlar inanıblar ki, tarixi həqiqətə və rəsmi sənədlərə söykənən bu istək Azərbaycan Prezidentinin uzaqgörən xarici siyasəti nəticəsində reallaşacaq. Lakin Ermənistan hakimiyyəti və ictimaiyyəti bundan bərk narahatlıq keçirirlər. Unudurlar ki, insan hüquqlarının tələb və tövsiyələrinə əsaslanan bu istək gec-tez reallaşacaq. 

Dünyaya məlumdur ki, soydaşlarımız tarixi torpaqları olan Qərbi Azərbaycandan mərhələlərlə deportasiya olunarkən  ağır insan haqları pozuntularına məruz qalıblar. Onların ata-baba yurdlarından zorla qovulmaları, fiziki və mənəvi əzablara düçar edilmələri  təkcə azərbaycanlılara qarşı deyil, ümumilikdə bəşəri dəyərlərə qarşı törədilmiş cinayətdir.

Minilliklər boyu formalaşmış maddi-mədəni irsimiz Qərbi Azərbaycandakı soydaşlarımızın izlərini silmək üçün məqsədyönlü şəkildə aparılan siyasət nəticəsində məhv edilib. Tarixi abidələr dağıdılıb, toponimlər dəyişdirilib, qəbiristanlıqlar yerlə yeksan olunub, mədəniyyət nümunələrimiz saxtalaşdırılaraq ermənilərə aid olunub.

Azərbaycanın ərazi bütövlüyünün bərpası ilə nəticələnmiş 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqlar növbəti hədəfləri dəf etmək üçün daha böyük imkanlar açmışdır. Prezident İlham Əliyevin uzaqgörən və uğurlu siyasəti sayəsində Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasında böyük yol qət edilmişdır. Azərbaycanlıların, o cümlədən Qarabağdan və Qərbi Azərbaycandan məcburi köçkün və qaçqın düşmüş vətəndaşlarımızın hüquqlarının müdafiəsi beynəlxalq müstəviyə  çıxarılmışdır. Dövlət başçısı Qərbi Azərbaycanın soydaşlarımızın tarixi torpağı olduğunu nüfuzlu beynəlxalq kürsülərdən dəfələrlə bəyan etmişdir.

İcma rəhbərliyi və üzvləri fəaliyyət dairələrini və əlaqələrini daha da genişləndirir, ölkəmizin müxtəlif bölgələrində məskunlaşmış qərbi azərbaycanlılarla əlaqələr qurur, şəhər, rayon, qəsəbə və kəndlərdə, eləcə də xarici ölkələrdə ofisini açır, nümayəndəlik yaradır, sərgilər, festivallar, milli maddi-mədəni irsimizi təbliğ edən görüşlər təşkil edir.  Bu qəbildən olan görüşlər sırasında "Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli qaydada dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair" kitabın (müəllifləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli və tədqiqatçı-alim Səbuhi Hüseynovdur) təqdimatıdır. Tariximizi sənədlərlə, faktlarla, mədəniyyət nümunələri ilə sübut edən bu dəyərli mənbədə Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdığı dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, məruz qaldıqları tarixi ədalətsizliklər və cinayətlər, itirdikləri maddi-mənəvi sərvətlər haqqında davamlı tədqiqatlar aparılması genişliyi ilə ictimaiyyətə çatdırılır. Qeyd edək ki, bu istiqamətdə müasir elmi yanaşmalara uyğun yeni fundamental araşdırma - "Qərbi Azərbaycan irsi" tədqiqatlar seriyası nəşr edilməyə başlayıb. Azərbaycan, ingilis və rus dillərində nəfis tərtibatla çap edilən nəşrin 5 hesabatdan ibarət olması nəzərdə tutulub.

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, nəşrin həmmüəllifi Əziz Ələkbərli bizimlə söhbətində nəşrin ölkə Prezidentinin 24 dekabr 2022-ci ildə icmanın inzibati binasında Qərbi Azərbaycan ziyalıları ilə görüşdə qarşıya qoyduğu vəzifələr və tövsiyələr əsasında ərsəyə gətirildiyini bildirib. Qeyd edib ki, Azərbaycan bu gün qalib bir ölkə olaraq, regionda lider dövlətə çevrilməklə yanaşı, Prezident İlham Əliyevin fenomenal siyasəti nəticəsində dünyanın hesablaşdığı bir dövlətdir. Bu baxımdan Qərbi Azərbaycana Qayıdış Konsepsiyası da artıq təkcə bir ideya deyil, strateji və məqsədyönlü fəaliyyət planıdır. İcma sədri onu da bildirib ki, bu cür elmi və sənədli nəşrlər beynəlxalq auditoriyaya da yönəlmiş mesajlardır və dünyada belə bir metodologiya ilə nəşr olunan 3-cü kitabdır. 

Rəhman SALMANLI, 

"Azərbaycan"

Seçilən
12
azerbaijan-news.az

1Mənbələr