AZ

Məşhur restoranlar şəbəkəsinin rəhbəri ilə bağlı yeni qalmaqal: özünü “İmam Mehdi” kimi təqdim edən şəxslə əlaqəli yazılara görə 50000 tələb etdi və...

Bizimyol saytından verilən məlumata görə, ain.az xəbər verir.

“Shaurma N1” restoranlar şəbəkəsinin rəhbəri Natiq Sadıqov şərəf və ləyaqətinin alçaldıldığını, işgüzar nüfuzuna zərbə vurulduğunu iddia edir. Bu iddia ilə məhkəməyə müraciət edən biznesmen 50000 manat təzminat tələb edir.

Bizimyol.info xəbər verir ki, restoranlar şəbəkəsinin sahibi “Yeni Cümhuriyyət” qəzetinin və cumhuriyyet.net xəbər portalının baş redaktoru Nəsimi Şərəfxanlıya qarşı iddia ilə məhkəməyə müraciət edib.

Məhkəmə çəkişməsinin səbəbi isə özünü zühur etmiş “12-ci İmam Mehdi” kimi tanıtmaqla, adamları aldadıb, onların külli miqdarda pulunu və əmlaklarını ələ keçirməklə dələduzluq etməkdə ittiham edilərək, 12 il 3 ay azadlıqdan məhrum edilmiş Aqil Babayevlə Natiq Sadıqovun münasibətləri barədə yayılan məlumatlardır.

“Shaurma N1” qalmaqalının pərdəarxası məqamları: Natiq Sadıqov Aqil Babayevi necə şərləyib?” və s. başlıqlı materialları Natiq Sadıqov işgüzar nüfuzuna zərbə kimi qiymətləndirib. O, iddia edib ki, Aqil Babayevin “Shaurma N1”ə heç vaxt aidiyyəti olmayıb. Və özü də heç vaxt Aqil Babayevin hesabına varlanmayıb, restoranlar şəbəkəsini onun əlindən almayıb: “Mənim haqqımda yazılanlar yalandır, heç vaxt ondan 800 min manat borc almamışam. Əksinə, o, mənə 543 min manat ziyan vurub”.

Nəsimi Şərəfxanlı isə iddianı qəbul etməyib. O, bildirib ki, iddia əsassızdır, ortada Aqil Babayevin özünün dedikləri və ailə üzvlərinin şikayəti var. Baş redaktor qeyd edib ki, jurnalist fəaliyyəti ilə məşğul olur, cəmiyyətdə baş verən hadisələri insanlara olduğu kimi çatdırmağı özünə borc bilir: “Yazılara baxdıqda da hər bir fikrin hansısa təsdiq üsulu ilə birlikdə yazıldığını görmək olur. Lakin bunlar iddiaçının ərizəsində fərqli formada təqdim edilib. Bu yazılarda “Shaurma N1”in fəaliyyətinə aid heç nə yoxdur”.

Nəsimi Şərəfxanlı əlavə edib ki, biznesmen başqa saytları cərimələtdirdiyini xatırlatmaqla onu da faktiki hədələyir: “Bu, birbaşa media azadlığı və konstitusion hüquq olan məlumat azadlığının pozuntusudur”.

Sumqayıt Şəhər Məhkəməsi biznesmenin 50000 manatlıq iddiasını qismən təmin edib. Baş redaktor 1000 manat cərimələnib.

Aytən, Bizimyol.info

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
6
1
bizimyol.info

2Mənbələr