AZ

“Qarabağ” “Şelburn”u qəbul edir

Futbol üzrə Azərbaycan çempionu “Qarabağ” bu gün UEFA Çempionlar Liqasının 2025/2026 mövsümündə növbəti sınağına çıxacaq.

Arena.az xəbər verir ki, Ağdam təmsilçisi qitənin ən nüfuzlu klub turnirinin 2-ci təsnifat mərhələsində İrlandiyanın “Şelburn” komandası ilə mübarizə aparır.

Azərbaycan və İrlandiya çempionları arasındakı ilk görüş ötən həftə Dublin şəhərində baş tutmuşdu. “Tolka Park” stadionunda təşkil edilmiş qarşılaşma Ağdam klubunun möhtəşəm qələbəsi ilə yekunlaşmışdı – 3:0.

Qurban Qurbanovun çalışdırdığı kollektiv yeni avrokubok mövsümünə uğurlu startın davamını gətirməyə və növbəti mərhələyə vəsiqə qazanmağa çalışacaq. “Şelburn”un təmsilçimizə Bakıdakı görüşdə sürpriz yaşadacağı elə də gözlənilən deyil.

Komandalar arasındakı cavab görüşü Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq. Görüşə saat 20:00-da start veriləcək. Qarşılaşmanı İtaliyadan olan hakimlər briqadası idarə edəcək.

Onu da xatırladaq ki, “Qarabağ” “Şelburn” səddini keçsə, növbəti mərhələdə “Şkendiya” (Şimali Makedoniya) – “Styaua” (Rumıniya) cütünün qalibi ilə üz-üzə gələcək. Bu komandaların ilk oyununda “Şkendiya” 1:0 hesablı qələbəyə sevinib. “Qarabağ” – “Şelburn” cütünün məğlubu isə Avropa Liqasının 3-cü təsnifat mərhələsində ÇL-in 2-ci təsnifat mərhələsinin “Riyeka” (Xorvatiya) – “Ludoqorets” (Bolqarıstan) cütünün uduzanı ilə 3-cü raundda üz-üzə gələcək. Bu komandaların ilk görüşü qolsuz yekunlaşıb.

UEFA Çempionlar Liqası
2-ci təsnifat mərhələsi, cavab oyunu
30 iyul

20:00. Qarabağ – Şelburn
Hakimlər: Andrea Kolombo, Stefano Alassio, Dario Cekkoni, Kevin Bonakina (hamısı İtaliya).
Bakı. Tofiq Bəhramov adına Respublika stadionu.

Seçilən
16
arena.az

1Mənbələr