AZ

Quruculuğun coğrafiyası 300 kilometr yol, 21 təhsil ocağı, 19 səhiyyə mərkəzi

 

Tariximizin ən

ağrılı səhifələrindən biri olan Qarabağ həsrəti artıq geridə qalıb. 2020-ci ildə

qazanılan şanlı Zəfər təkcə torpaqlarımızın azad olunması deyil, həm də Böyük

qayıdışın başlanğıcı oldu. İllərin sükutundan sonra  regionda torpaqlar dirçəlir, yaşayış bərpa

edilir.

Dövlət tərəfindən

həyata keçirilən genişmiqyaslı bərpa və quruculuq işləri "Böyük Qayıdışa

dair I Dövlət Proqramı"nın əsasını təşkil edir və artıq bu proses real nəticələr

verməyə başlayıb. Yol infrastrukturundan tutmuş məktəb və xəstəxanalara,

yaşayış komplekslərindən enerji təchizatına qədər atılan hər addım, icra olunan

hər layihə doğma torpaqlara işıq və ümid verir, gələcək qurur. Bütün dünya görür

ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə 

həyata keçirilən Böyük qayıdış 

ölkəmizin sosial-iqtisadi inkişaf strategiyasının əsas sütunlarındandır.

Beş milli prioritetdən biri kimi qəbul olunan bu qayıdış  təkcə məcburi köçkünlərin doğma torpaqlarına

dönməsi deyil, həm də bölgənin tamamilə yenidən dirçəldilməsi deməkdir. Müasir

infrastruktur yaradılır, yeni yollar, enerji xətləri, sosial obyektlər və

yaşamaq üçün əlverişli şərait qurulur, şəhərciklər tikilir, kəndlər salınır. Hər

daşında tarix, hər nəfəsində Vətən həsrəti olan bu torpaqlarda indi həyat

qaynayır. Proses təkcə regional dirçəliş deyil, həm də Azərbaycanın bir dövlət

kimi gücünü, iradəsini və gələcəyə olan inamını əks etdirən böyük bir

qayıdışdır.

Bu günlər İqtisadi

İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) əməkdaşları

"Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrasının monitorinq və

qiymətləndirilməsi çərçivəsində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına

səfər ediblər. İİTKM-in nümayəndə heyəti tərəfindən Ağdam şəhəri, Ağdam

rayonunun Xıdırlı kəndi, Xocalı rayonunun Təzəbinə və Xanyurdu kəndləri, Xankəndi

şəhərinin Kərkicahan qəsəbəsi, Ağdərə rayonunun Həsənriz və Vəngli kəndləri, Kəlbəcər

şəhəri, Laçın şəhəri, Laçın rayonunun Sus və Bəylik kəndləri, Qubadlı rayonunun

Mahruzlu və Zilanlı kəndləri, Zəngilan şəhəri, Zəngilan rayonunun Ağalı,

Cahangirbəyli və Məmmədbəyli kəndlərində icra olunan tikinti, yenidənqurma və bərpa

işlərinə, həmçinin kommunikasiya, infrastruktur və digər obyektlərə yerində

baxış keçirilib. Eyni zamanda nümayəndə heyəti Ağdam Sənaye Parkı, "Araz

Vadisi İqtisadi Zonası" Sənaye Parkı, "Qozlukörpü" və "Çaykənd"

su-elektrik stansiyaları, "Təkəqaya" və "Ağçay" kiçik

su-elektrik stansiyaları, "Şəfəq" Günəş- Elektrik Stansiyası və Cəbrayıl

rayonunda yerləşən "Tingçilik və Təlim-Tədris Mərkəzi"ndə görülmüş

işlərlə yaxından tanış olub.

İİTKM nümayəndələrinin

səfəri zamanı əldə olunan təəssüratlar bir daha göstərdi ki, Böyük qayıdış

kağız üzərindəki plan deyil, bölgədə 

real bərpa işləri həyata keçirilir. İnfrastrukturun qurulması və sənaye

imkanlarının genişləndirilməsi ilə paralel əhalinin mərhələli şəkildə geri

dönüşünə də şərait yaradılır. Əsas məqsəd 

keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışını təmin etmək və

onların rahat, təhlükəsiz şəkildə məskunlaşmasıdır. Fakt  görülən işlər nəticəsində təkcə 2025-ci ilin

iyuluna qədər 15 mindən çox insan doğma torpaqlarına qovuşub. Bu, Böyük

qayıdışın real nəticələrindən yalnız biridir. Hazırda burada 50 min nəfərdən

artıq əhali yaşayır. Bu rəqəmlər hər birimizin qürur mənbəyidir. Çünki bu,

yalnız qayıdış deyil, həm də torpaqlarımızda yeni nəfəs, yeni həyat deməkdir.

2025-ci ilin

birinci yarısına olan bu məlumatlar prosesin necə genişmiqyaslı və sistemli şəkildə

irəlilədiyini bir daha nümayiş etdirir. Azad edilmiş ərazilərdə aparılan bərpa

və quruculuq işləri, eyni zamanda sosial infrastrukturun yaradılması istiqamətində

görülən tədbirlər insanların gündəlik həyatına birbaşa təsir edir. Dövlət

proqramı çərçivəsində bir sıra əhəmiyyətli layihələr icra olunub. Artıq 1 ali,

14 ümumtəhsil və 6 məktəbəqədər təhsil müəssisəsi istifadəyə verilib. Bu təhsil

ocaqları nəinki gənc nəsil yetişdirəcək, həm də 

bölgənin intellektual potensialının formalaşmasında mühüm rol oynayacaq.

Sağlam gələcək

sağlam bünövrədən başlayır. Buna görə də səhiyyə infrastrukturunun yaradılması

Böyük qayıdışın əsas istiqamətlərindən biridir. Yeni tikilən xəstəxanalar, tibb

məntəqələri və müasir tibbi avadanlıqlarla təchiz olunmuş müəssisələr əhalinin

keyfiyyətli tibbi xidmətə əlçatanlığını təmin etməklə yanaşı, bölgələrə peşəkar

tibbi kadrların cəlb olunması və gələcək fəaliyyətləri  üçün şərait yaradır. 19 səhiyyə müəssisəsinin

fəaliyyətə başlaması, o cümlədən 2 xəstəxana, 6 ailə sağlamlıq mərkəzi, 5 həkim

məntəqəsi, 4 modul tipli xəstəxana və 1 poliklinika  deyilənlərin sübutudur. Səhiyyə ilə bağlı

görülən işlər  işğaldan azad olunmuş ərazilərdə

yaşayan və buraya qayıdacaq əhali üçün etibarlı tibbi xidmətin təminatından xəbər

verir.

Ərazilərin fiziki

və iqtisadi birləşdirilməsi isə keyfiyyətli yol infrastrukturu ilə mümkün olur.

2025-ci

ilin birinci yarısında 300 kilometrdən artıq avtomobil yolunun tikintisi

tamamlanıb. Bu yollar təkcə məntəqələri bir-birinə bağlamır, həm də insanları

doğma yurdlarına, öz köklərinə qovuşdurur. Onlar bölgəyə iqtisadi nəfəs gətirir,

investisiyaların və xidmətlərin axınını təmin edir, kənd təsərrüfatının, sənayenin

və turizmin inkişafına təkan verir, regionun potensialını üzə çıxarır. Yol

infrastrukturu sayəsində həm yerli əhali, həm də sahibkarlar üçün yeni imkanlar

yaranır, bazarlara çıxış asanlaşır.

Bütün bu sadalananlar Azərbaycanın Qarabağ və Şərqi Zəngəzur bölgəsində

güclü və dayanıqlı həyat mühitinin yaradıldığını sübut edir. Böyük qayıdış sadəcə

əhalinin doğma yurdlarına qayıdışı deyil, həm də mədəniyyətin, tarixin,

iqtisadiyyatın və sosial həyatın yenidən dirçəldilməsidir. Bu gün səslənən rəqəmlər

sabahın reallıqlarıdır. Və bu reallıqlar göstərir ki, Qarabağ və Şərqi Zəngəzurda

həyat planlı, düşünülmüş və möhkəm təməl üzərində qurulur.

 

Züleyxa ƏLİYEVA,

"Azərbaycan"

Seçilən
4
azerbaijan-news.az

1Mənbələr