istehsal prosesində Ətraf mühit Çirklənməsin
Gələcək nəsillər bəlkə də heç təsəvvür edə bilməyəcək ki, Bakıda Qara şəhər
adlı bir yer olub. Çünki tüstülü, mazutlu Qara şəhər indi Ağ şəhərə çevrilib.
Bir zamanlar Balaxanı zibilxanası daim yanır, tüstü buraxırdı və şəhəri elə bil
böyük, tutqun bulud bürüyürdü. Ora da təmizləndi, yerində böyük zavod tikildi,
poliqon inşa edildi. Daha sonra Olimpiya stadionu istifadəyə verildi, böyük bir
park salındı. Yaxınlıqdakı Böyükşor gölü təmizləndi.
Hələ Sumqayıtı demirik! Bu, sovet dönəmində ekoloji cəhətdən ən çirklənmiş
şəhər hesab olunurdu. O vaxt Sumqayıtdan şimal istiqamətində gedən maşınların sərnişinləri
havadan zəhərli iy gəldiyi üçün şüşələri bağlayardılar. İndi Sumqayıt həm öz sənaye
potensialını qoruyub saxlayan, həm də ekoloji cəhətdən təmiz şəhərdir.
Bunlar ölkəmizdə son onilliklər ərzində ekoloji problemlərin həllinə yönəldilən
ardıcıl tədbirlərin nəticəsidir. Bu, Prezident İlham Əliyevin rəhbərliyi ilə təbiətin
xilası üçün həyata keçirilən çoxsaylı layihələr sayəsində mümkün olub.
Ekologiya ilə mübarizədə Bakıda və Sumqayıtda yerləşən neft-qaz emalı və
neft-kimya müəssisələri genişmiqyaslı işlər aparır. Məlumdur ki, neftin və
qazın emalı prosesi zamanı ətraf mühitə müxtəlif təsirlərin olması riski
mövcuddur. Həmin təsirlərin qarşısının alınması və yumşaldılması işlərə peşəkar
mütəxəssislərin cəlb olunmasını, müvafiq ləvazimatların tətbiqini, həmçinin
uyğun plan və prosedurların müəyyənləşdirilməsini tələb edir. Bu məqsədlə
"SOCAR Downstream Management" (SDM) şirkəti ixtisaslaşmış kadrlar cəlb
etməklə ətraf mühitin idarə olunması sistemini qurub. Burada istehsalat fəaliyyətlərinin
ekoloji sahədə qəbul edilmiş yerli qanunlara və beynəlxalq standartlara uyğun həyata
keçirilməsi prioritet məsələlərdəndir. Şirkətin ətraf mühit komandası bu
istiqamətdə ölkə üçün əhəmiyyətli olan bir sıra layihələr reallaşdırıb. Bəzi
layihələrin icrası isə davam edir.
Ekoloji baxımdan təmiz nəqliyyatın inkişaf etdirilməsi bu gün qlobal səviyyədə
ətraf mühitin qorunması üçün vacib şərtlərdən biridir. Statistik rəqəmlər göstərir
ki, ətraf mühitin çirklənməsinin 70-80 faizini məhz avtomobillərin buraxdığı zərərli
qazlar təşkil edir. Bu isə ekosistemin sağlamlaşdırılması üçün ilk növbədə
yanacağın keyfiyyətinin yaxşılaşdırılmasını zərurətə çevirir.
Bir neçə il əvvəl SOCAR (Azərbaycan Respublikası Dövlət Neft Şirkəti)
istehsal olunan neft məhsullarının, xüsusilə benzin və dizelin keyfiyyətinin ən
müasir beynəlxalq standartlara uyğunlaşdırılması məqsədilə Heydər Əliyev adına
Neft Emalı Zavodunda yenidənqurma və modernizasiya layihəsinə başlamaqla bu məsələlərə
həssas yanaşma nümayiş etdirib.
Bu baxımdan zavodda mühüm tədbirlər həyata keçirilib. Yeri gəlmişkən,
burada çirkab suları təmizləyən qurğuların tikintisini də misal gətirmək olar.
Müəssisədə aparılan yenidənqurma layihəsinin ikinci mərhələsi dekarbonizasiya
texnologiyalarının tətbiqi, şəhərdaxili ekoloji risklərin azaldılması ilə səciyyələnəcək.
Layihənin tam həyata keçirilməsi növbəti 15-25 il ərzində ölkəmizin yanacağa
olan tələbatını ödəməyə və ixrac potensialını artırmağa imkan verməklə yanaşı,
müəssisənin istismar xərclərini optimallaşdıracaq. Təbii ki, bu layihənin ətraf
mühitin sağlamlaşdırılmasına xeyli müsbət təsiri olacaq.
Xatırladaq ki, SOCAR-ın dəstəyi ilə zəhərli və zərərli, ekologiyaya mənfi
təsir göstərən istehsalatlar ləğv edilib, səmərəli işləyə bilən istehsalat sahələri
isə yenidən qurulub. Məsələn, "Azərikimya" İstehsalat Birliyinin əsas
istehsalat sahələrinin yerləşdiyi Etilen-Polietilen Zavodunda yeni azot-oksigen
kompleksi və müasir tipli soyutma qurğusu tikilib. Bir sıra sahələr əsaslı təmir
olunub. Eyni zamanda kimyəvi suları təmizləyən qurğu inşa edilib. Bu, Xəzər dənizinə
axıdılan suların təmizlik həddinin maksimal dərəcədə təmin edilməsinə, təmizlənən
suların irriqasiya məqsədilə istifadə olunmasına imkan verib. 10 il əvvəl
burada butan-butilen fraksiyasının hidrogenləşdirilməsi qurğusu istismara daxil
olub.
Karbamid zavodunda isə 2024-2025-ci illərdə bir sıra rəqəmsal
transformasiya layihələrinin həyata keçirilməsi nəzərdə tutulub. Bu layihələrin
həyata keçirilməsi nəticəsində müəssisə maksimum istehsal gücü ilə fəaliyyət
göstərməklə yanaşı, hər ton karbamid üçün sərf olunan təbii qaz miqdarının
azalması da təmin ediləcək. Təbii qaz sərfiyyatının azalması isə öz növbəsində
atmosferə atılan karbon emissiyalarının azalmasına və zavodun ekoloji cəhətdən
daha təmiz müəssisəyə çevrilməsinə şərait yaradacaq.
Metanol Zavodunda da ekoloji problemlərin həll olunması üçün əhəmiyyətli
tədbirlər görülüb. Belə ki, istehsalat prosesinin ekoloji cəhətdən təmiz
olması, ətraf mühitə zərərli təsirlərin azaldılması məsələsi daim diqqət mərkəzindədir.
Zavodda istismar edilən istehsalat və məişət-sanitar tullantı sularının təmizlənməsi
qurğuları mütəmadi olaraq texniki baxışdan keçirilir, tullantıların çeşidlənməsi
nəzarətdə saxlanılır. Bir sözlə, bu müəssisədə biznes prosesinin təhlükəsiz
idarə edilməsi, aktivlərin bütövlüyü, bütün işlərin və əməliyyatların təhlükəsiz
və keyfiyyətlə yerinə yetirilməsi sırasında ətraf mühitin mühafizəsi də qarşıya
qoyulan başlıca vəzifələrdəndir.
Onu da qeyd edək ki, neft-qaz emalı və neft-kimya müəssisələrinin
tikintisində və yenidən qurulmasında da ekoloji tələblərə riayət olunub. Belə
ki, "SOCAR Polimer" MMC-nin Polipropilen Zavodunun və Yüksək Sıxlıqlı
Polietilen Zavodunun tikintisində ekoloji və sosioloji təsirləri minimuma
endirmək üçün beynəlxalq "Ekvator" prinsiplərinə riayət olunub və bu
sahədə məşhur Kanada şirkəti "Golder Associates" ilə əməkdaşlıq
edilib.
Sadalanan tədbirlər görülmüş işlərin yalnız kiçik bir hissəsidir. Ona
görə də qısaca belə demək olar: ölkəmizin neft-qaz emalı və neft-kimya müəssisələrində
ətraf mühit məsələləri daim diqqət mərkəzindədir.
Flora SADIQLI,
"Azərbaycan"