Oğluna söz
vermişdi. Ad günündə onun yanına - Murova gedəcəkdi. Orada döyüşlər gedirdi. 24
yaşlı Məhəmməd odun-alovun içindəydi.
Xalq yazıçısı
Sabir Əhmədli övladının müharibəyə getməməsi üçün nəinki nüfuzundan istifadə
etməmişdi, Məhəmməd döyüşə atasının razılığı, hətta tövsiyəsi ilə könüllü
yollanmışdı.
Cəbhəyə gedənədək
çətinlik görməyən, bərkə-boşa düşməyən oğulları müharibə böyütmüşdü. Məhəmməd də
cəsarətlə döyüş yoldaşları ilə çiyin-çiyinə dayanır, komandirinin verdiyi hər
bir tapşırığı, hər bir əmri məsuliyyətlə yerinə yetirirdi.
Narahat fikirlər yazıçıya dinclik vermirdi. Onun qəlbindən, həyatından
rahatlığı qovub aparan yalnız oğlunun ön cəbhədə olması deyildi. Məkrli,
riyakar ermənilər 1980-ci illərin sonlarında Azərbaycan torpaqlarına yenidən
nifaq toxumu səpdikləri günlərdən yazıçının yuxusu ərşə çəkilmişdi.
Yenə doğma məmləkəti təlatümlər içindəydi. Qəsbkarlar bu dəfə də Azərbaycandan
Qarabağı və Şərqi Zəngəzuru qoparmaq niyyətindəydilər. Hər-zamankı kimi kəmfürsətlik
etmişdilər. İşğalçılıq planlarına sadiq qalan daşnaklar bu dəfə də Azərbaycana
ictimai, siyasi və iqtisadi böhranın tüğyan etdiyi vaxtda hücuma keçmişdilər. Vəziyyətin
gərginliyindən, havadarlarının verdiyi hər cür yardımdan istifadə edirdi ermənilər.
Onları himayədarları o illərin müasir silahları, hərbi texnikası ilə təchiz
edib, azərbaycanlıları isə əliboş qoymuşdu. Azğınlaşmış ermənilər Qarabağı və Şərqi
Zəngəzuru odlara qalayırdılar. Yerli sakinlərə divan tutur, qətlə yetirir, şikəst
edir, əsir götürür, evlərini yandırır, yurdlarını xarabalığa çevirirdilər. Canlarını
götürüb qaça bilənlər vətənlərində məcburi köçkün olurdular.
Sabir Əhmədlinin 1930-cu il iyulun 10-da dünyaya göz açdığı yurd - Cəbrayıl
rayonunun Cəbrayıl kəndi də qəsbkar ermənilərin işğalına məruz qaldı. Uşaqlığı,
ilk gənclik illəri orada keçmişdi. 9 yaşı olanda İkinci Dünya müharibəsi
başladı. Müharibənin alovları getdikcə dünyanın bir çox ölkəsini bürüyürdü. Şəhərlər,
qəsəbələr, kəndlər yandırılıb kül edilirdi. İnsanlar müharibənin qurbanı
olurdular.
Amma Sabir Əhmədlinin yurdu o zaman cəbhədən xeyli uzaqda olsa da, o,
müharibənin dəhşətlərini, gətirdiyi faciələri, göz yaşlarını doğma kəndində
gördü. Onun el-obasından ömürlərinin ən gözəl çağlarında döyüşə gedənlər cəbhədən
qayıtmadılar.
Həmyaşıdları kimi, Sabir Əhmədli də müharibənin gətirdiyi qüssəyə, dərdə,
yoxsulluğa, aclığa qatlaşa-qatlaşa sabaha ümidlə baxırdı. Ancaq bir gün qanlı
müharibə onların da qapısını "qara kağız"la döydü. Sabirin böyük
qardaşı Cəmil Əhmədov 1944-cü ildə Polşa ərazisində həlak olmuşdu. Cəmil
Varşavada sovet döyüşçülərinə aid qəbiristanlıqda dəfn edildi. 1945-ci ilin
martında ona Sovet İttifaqı Qəhrəmanı fəxri adı verildi. Sabir qardaşı ilə fəxr
edirdi. Amma əbədi ayrılıq dərd, mənəvi əzab gətirir. Sabir Əhmədli bu dərdlə
böyüdü.
Ən çətin, qüssəli anlarında da arzularından, ümidlərindən yapışdı. Sonra
qəlbinə yol tapan ədəbiyyat sevgisi həyat yoluna işıq saçdı. Orta məktəbi
bitirdikdən sonra bu işığın dalınca Bakıya gəldi. 1946-cı ildə Azərbaycan Dövlət
Universitetinin (indiki Bakı Dövlət Universiteti) Filologiya fakültəsinə daxil
oldu. 1951-ci ildə təhsilini başa vurdu.
Həmin il Cəbrayıla pedaqoq kimi döndü, müəllim işlədi. Sonra Şükürbəyli kənd
orta məktəbinin direktoru oldu.
Ədəbi fəaliyyətinin başlanğıcı hesab edilən "Poçtalyon" hekayəsi
1951-ci ildə "Pioner" jurnalında işıq üzü görmüşdü. Bir gün
imtahanlar vaxtı gənc müəllim Sabir Əhmədli ana dili yazı imtahanı üçün Maarif
Nazirliyindən göndərilmiş zərfi açanda gözlərinə inanmadı. Yeddinci sinifdə
ifadə yazı üçün nümunə kimi göstərilmiş mətn onun jurnalda dərc olunmuş hekayəsi
idi. Onu təəccübləndirdiyi qədər də sevindirən bu hadisədən sonralar belə bəhs
edirdi: "Bir ucqar əyalət məktəbində müəllim şagirdlərə müəllifi olduğu
hekayəni imtahan olaraq yazdıracaqdı. Bu, maraqlı təsadüf idi".
Onu bir vaxtlar Bakıya aparan ədəbiyyat sevgisi yenə doğma yurdundan
paytaxta qanadlandırdı. Sabir Əhmədli 1956-1993-cü illərdə "Ədəbiyyat və
incəsənət" qəzeti redaksiyasında ədəbi işçi, Nəsr şöbəsinin müdiri,
1993-1996-cı illərdə isə baş redaktor işlədi.
1955-ci ildə Azərbaycan Yazıçılar İttifaqına (indiki Azərbaycan
Yazıçılar Birliyi) üzv qəbul edildi. Azərbaycan Yazıçılar İttifaqının Mirzə Fətəli
Axundov adına ədəbi mükafat komissiyasının sədri seçildi.
"Bir payız axşamı" adlı ilk kitabı 1961-ci ildə çapdan çıxan
Sabir Əhmədlinin sonralar "Aran" ikihissəli romanı, "Pillələr",
"Yamacda nişanə", "Toğana", "Yasamal gölündə qayıqlar
üzür", "Mavi günbəz", "Gedənlərin qayıtmağı, dünyanın
arşını", "Yasaq edilmiş oyun, Gülməli kişinin axırı", "Kütlə",
"Öpmə məni öpərəm səni", "Sevişməyin cəzası", "Axirət
sevdası", "Şəhid ruhu" və digər əsərləri işıq üzü gördü. Nəsrimizə
bir çox yenilik gətirən Sabir Əhmədliyə 1992-ci ildə Xalq yazıçısı fəxri adı
verildi. Bundan əvvəl də mükafatlar almışdı. "Əməkdar incəsənət
xadimi" fəxri adı (1984), "Xalqlar dostluğu" və "Qırmızı Əmək
Bayrağı" ordenləri ilə təltif edilmişdi, "Qızıl sünbül" ədəbi
mükafatı laureatı (1991) idi. Yazıçının əsərləri yalnız öz vətənində oxunmurdu,
keçmiş SSRİ məkanı və xarici ölkə xalqlarının dillərinə tərcümə edilirdi.
Vətən sevgisi həyatının da, yaradıcılığının da əsas qayəsi idi. Yazıçı
böyük həssaslıqla, təəssübkeşliklə XX əsrin sonlarında Azərbaycanda baş verən
hadisələri qələmə alırdı. Əsərlərində milli azadlıq hərəkatından, 20 Yanvar
faciəsindən, Qarabağ münaqişəsindən, erməni təcavüzündən, Sumqayıt hadisələrindən,
torpaqlarımızın işğala məruz qalmasından, müharibənin gətirdiyi ağrı-acılardan,
məcburi köçkün problemindən, yurd nisgilindən bəhs edirdi. "Kütlə",
"Yanvar hekayələri", "Axirət sevdası", "Kef",
"Ömür urası", eləcə də ölümündən sonra çap olunan "Yazılmayan
yazı" əsərlərində yazıçı həmin tarixi hadisələri bədii dilə çevirmişdi.
1992-1993-cü illərdə mətbuatda yer verilən irihəcmli ədəbi-publisistik məqalələrində
Qarabağ hadisələrini qələmə almışdı.
1990-cı illərdə Azərbaycan torpaqlarının işğalçı Ermənistan tərəfindən zəbt
edilməsi yazıçıya ağır təsir edir, onu sarsıdırdı. Bunun səbəbi vardı. Onun
uşaqlıq çağları da, ahıl vaxtları da müharibəyə təsadüf etmişdi. 1944-cü ildə
müharibənin gənc yaşda həyatdan qopardığı qardaşına Sabir Əhmədli "Biz yenə
görüşəcəyik" adlı sənədli povest həsr etmişdi. Qardaşının məzarını ziyarət
etmək üçün 20 il sonra Polşaya gedən yazıçı o günün ağrılarını belə qələmə
almışdı: "Kiçik qardaş böyük qardaşın qəbri üstündə ağlayırdı, ana! 35 yaşlı
kiçik qardaş 20 yaşlı böyük qardaşını tapmışdı. İndi o, ailəmizdə hamıdan
kiçikdir, onun üçün zaman yoxdur. Ona aid olan zaman 20 il əvvəl bir gecə səhərəcən
qurşağa qədər bir çayda qalıb, döyüşəndən sonra əvvəlcə qoluna, sonra qıçına,
sonra başına dəyən güllə ilə dayanıb".
İndi isə 1994-cü il idi. Bu dəfə yazıçının vətənində ağır döyüşlər
gedirdi. Könüllü olaraq cəbhəyə yollanmış çiyərparası Məhəmməd erməni
işğalçılarına qarşı döyüşürdü. Sabir Əhmədli oğluna verdiyi sözü yerinə yetirmək,
ad günündə Məhəmmədin yanında olmaq üçün qarlı, çovğunlu havada cəbhə bölgəsinə
getdi. Amma bilmirdi ki, Məhəmməd 1994-cü il fevralın 12-də, ad günündə Murovda
şəhid olmuşdu. Oğlunun şəhadətindən xəbərsiz ata Beyləqanda, Gəncədə, Murovda
onu axtarırdı.
O gün Məhəmmədi görmədən geri dönsə də, ümidinə kölgə düşmədi. Gəncədə
yaşayan dostunun evinə qayıtdı. Ona xəbər verdilər ki, Məhəmməd yaralanıb.
Sabir Əhmədli yenə şübhələrinin ümidinə toxunmasına imkan vermədi. Bakıda,
Yasamaldakı evinin dikdirinə qalxıb həyətindəki yas çadırını görəndə də oğlunun
ölümünə inanmadı...
İllərboyu şəhid qardaşı kimi yaşamışdı. İndi həm də şəhid atası idi. O,
oğlu üçün oğlunun yasında da, sonralar adamların yanında da ağlamadı. Yalnız
gizlində göz yaşı tökdü. Həmin gözlər isə 2009-cu il aprelin 17-də əbədi
yumuldu.
2020-ci ildə nisgil bitdi, həsrətə son qoyuldu. Qəhrəman Azərbaycan
Ordusu Qarabağı, Şərqi Zəngəzuru Ermənistanın işğalından azad etdi. Bütün vətənpərvərlərimizin
ürəyi rahatlıq tapdı. Bu şanlı tarixi görmədən dünyadan köçənlərimizin ruhu şad
oldu.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"