AZ

"İdmana marağı artırmaq üçün bir neçə istiqamətdə iş aparmaq lazımdır" - BAŞ MƏŞQÇİ DANIŞDI

"Uşaqların idmana marağını artırmaq üçün bir neçə əsas istiqamətdə iş aparmaq lazımdır. Real idman mütəxəssisi kimi deyə bilərəm ki, burada həm valideynlərin, həm də məktəb və dövlət qurumlarının üzərinə böyük məsuliyyət düşür". Bu sözləri SİA-ya açıqlamasında baş məşqçi Arif Əsədov deyib.

Onun sözlərinə görə, ilk növbədə uşaqların idmana marağını formalaşdırmaq üçün erkən yaşdan onlara müxtəlif idman növləri ilə tanışlıq yaratmaq vacibdir. Məktəblərdə fiziki tərbiyə dərslərinin keyfiyyətinin yüksəldilməsi, interaktiv və əyləncəli üsullarla dərslərin keçirilməsi uşaqların idmana daha həvəsli yanaşmasına səbəb olur: "Valideynlər də övladlarını idman dərnəklərinə, klub və ya federasiyaların təşkil etdiyi məşğələlərə yönləndirməli, onlara bu istiqamətdə motivasiya verməlidirlər.

Digər mühüm məqam isə idman infrastrukturunun əlçatanlığıdır. Uşaqlar üçün pulsuz və ya minimal ödənişli idman zallarının, stadion və meydançaların sayının artırılması, hər bir rayon və kənddə idmanla məşğul olmaq üçün şəraitin yaradılması marağı yüksəldən amillərdəndir. Dövlət səviyyəsində isə müxtəlif proqramlar mövcuddur. Məsələn, Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən hər il "Kütləvi İdman" layihələri, məktəblilər arasında olimpiadalar və müxtəlif turnirlər keçirilir. Bundan başqa, "Sağlam Nəsil" proqramı çərçivəsində uşaqların sağlam həyat tərzinə yönləndirilməsi, idmanla mütəmadi məşğul olmağa təşviqi həyata keçirilir. Həmçinin federasiyalar və idman klubları ilə əməkdaşlıq çərçivəsində bölgələrdə seleksiya tədbirləri və idman bayramları təşkil olunur ki, bu da uşaqların marağını artıran mühüm faktorlardan biridir. Qısacası, uşaqların idmana marağını artırmaq üçün dövlət, valideynlər və məktəblər birgə şəkildə çalışmalı, həm motivasiyaedici tədbirlər, həm də infrastruktur dəstəyi gücləndirilməlidir. Bu yanaşma sağlam və idmansevər bir gənc nəslin formalaşmasına şərait yaradacaq".

Müəllif: Ziya Hikmətoğlu
Seçilən
25
sia.az

1Mənbələr