AFFA Azərbaycan millisinin 2026-cı il dünya çempionatının seçmə mərhələsindəki ev oyunlarından heç birini Gəncə şəhər stadionunda keçirməyi planlaşdırmayıb.
Sportinfo.az xəbər verir ki, "report"un əldə etdiyi məlumata görə, daha əvvəl seçmə mərhələdə D qrupunun Fransa ilə ev matçının Gəncədə keçiriləcəyi ilə bağlı xəbərlər tirajlansa da, əslində bunun heç bir əsası olmayıb.
Belə ki, milli komandanın 3 ev oyunundan heç birinin hazırda inşası davam edən Gəncə şəhər stadionunda keçirilməsi müzakirə edilməyib.
Lakin gələcəkdə Azərbaycanın aşağı yaş qruplarından ibarət yığmalarının Gəncədə təlim-məşq toplanışı keçəcəyi istisna olunmur.
Azərbaycan yığması yer aldığı D qrupunda İslandiyanı noyabrın 13-də "Neftçi Arena"da, Ukrayna və Fransanı isə, uyğun olaraq, sentyabrın 9-da və noyabrın 16-da Tofiq Bəhramov adına Respublika stadionunda qəbul edəcək.