Boliviya Xarici İşlər Nazirliyi Perudakı səlahiyyətli nümayəndəsi Eva Çukimianı məsləhətləşmələr üçün geri çağırıb. Bu qərar Peru Prezidenti Dina Boluartenin qonşu Boliviyanı "uğursuz dövlət" adlandırmasından sonra qəbul olunub.
Hafta.az xəbər verir ki, bu barədə nazirliyin Mətbuat Xidməti məlumat yayıb. Boliviya xarici işlər nazirinin müavini Elmer Katarina bəyan edib ki, bu cür açıqlamalar dövlətlər arasında sülh və qarşılıqlı hörmət prinsiplərinə əsaslanan birgə yaşayışa təhdid yaradır. Onun sözlərinə görə, bu prinsiplər qonşu və qardaş ölkələr arasında münasibətlərin əsasını təşkil etməlidir.
Katarina bildirib ki, Perudakı diplomatik nümayəndənin geri çağırılması məqsədi Boluarte tərəfindən səsləndirilən fikirlərin konteksti və səbəbləri barədə ətraflı hesabat almaqdır.
Boliviya rəsmisi Peru prezidentinin sözlərini yolverilməz adlandırıb və onları "Boliviya xalqının ləyaqətinə qarşı təhqir" kimi qiymətləndirib.
Qeyd edək ki, Peru Prezidenti Dina Boluarte ölkəsinin müstəqilliyinin 204-cü ildönümünə həsr olunmuş çıxışında belə demişdi:
"Peru 2022-ci ildə Kuba, Venesuela, Boliviya və bir çox başqa ölkələr kimi uğursuz dövlətə çevrilmək üzrə idi".