AZ

“Elbit Systems” Almaniyanın A400M təyyarələri üçün DIRCM sistemləri tədarük edəcək

Almaniya Hərbi Hava Qüvvələrinin A400M hərbi nəqliyyat təyyarələri “Elbit Systems” şirkətinin J-MUSIC yönləndirilmiş infraqırmızı əks-tədbir (DIRCM) sistemləri ilə təchiz ediləcək.

Bu barədə “Poliqon” “Elbit Systems” şirkətinə istinadən xəbər verib.

Bildirilib ki, bunun üçün “Elbit Systems” və “Airbus Defence and Space” 260 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.

Altı il ərzində icra ediləcək bu müqavilə, Almaniya Silahlı Qüvvələrinin (Bundesver) Avadanlıqlar, İnformasiya Texnologiyaları və Xidmətdə Dəstək Federal İdarəsi (BAAINBw) tərəfindən verilmiş satınalma qərarına əsaslanır. Sözügedən qərara əsasən, Almaniya HHQ-nin 23 ədəd A400M təyyarəsinə J-MUSIC DIRCM sisteminin quraşdırılması planlaşdırılıb.

“Elbit Systems”in MUSIC ailəsinin üzvü olan J-MUSIC DIRCM sistemi insan tərəfindən daşınan hava hücumundan müdafiə sistemləri (MANPADS) vasitəsilə buraxılan infraqırmızı raket təhlükələrinə qarşı müdafiə məqsədilə hazırlanıb. Qabaqcıl lazer texnologiyasının yüksək performanslı görüntüləmə sistemləri ilə inteqrasiyası bu sistemə real vaxtda daxil olan raket təhlükələrini aşkar etməyə, izləməyə və qarşısını almağa imkan verir. Sistem tamamilə avtonom işləyir və heyətin müdaxiləsini tələb etmir. Onun modular və miqyaslana bilən arxitekturası bu sistemin müxtəlif təyyarə platformaları və raket xəbərdarlıq sistemləri ilə uyğunluğunu təmin edir. Kompakt ölçüləri sayəsində təyyarənin performansı və faydalı yük tutumu minimum təsirlənir.

“Elbit Systems”in DIRCM həlləri artıq dünyanın müxtəlif ölkələrində həm hərbi, həm də mülki təyyarələrdə əməliyyat şəraitində istifadə olunur. Müştərilər arasında İsrail, Almaniya, Niderland, İtaliya və Braziliya kimi ölkələrin hökumətləri, Hərbi Hava Qüvvələri və Müdafiə Nazirlikləri yer alır. Bu sistem, eyni zamanda bir neçə qabaqcıl təyyarə istehsalçısı tərəfindən həm yeni, həm də modernləşdirilmiş platformalar üçün üstünlük verilən DIRCM həlli olaraq seçilib.

Seçilən
10
poliqon.az

1Mənbələr