“İndi bəzi ağzıgöyçəklər başlayacaq ki, xalqı, təbiəti bu boyda vergilərlə yükləmək olmaz, havaya vergi qoymaq- lap ağ oldu, bəs bu demokratik qanunlara- filana ziddir. Yəqin, belələrinin nə tarixdən, nə də bizlərin xoş niyyətindən xəbəri var...”
Son dönəmlərdə məmləkətdə əhaliyə, şirkətlərə qarşı tətbiq edilən vergilərin, cərimələrin çoxalması tərəqqi əlamətidir. Fəqət bu yollarla əksər problemlərimizi həll etsək də, bir problemi aradan qaldıra bilmirik. Bəs o nədir? Sizcə, yayın bu cırhacırında insanları, hörmətli vətəndaşları narahat edən əsas müşkül nə olar? Əlbəttə ki, dəhşətli cəhənnəm(!) istiləri! Bəs havanın bu qızmarlığının qarşısını necə almaq olar? Neçə vaxtdır Milli Zülümlər Akademiyasının dürməkdaşları ilə birgə bu problem üstündə baş sındırıram. Nəhayət, bu səhər oyananda ağlıma bir çıxış yolu gəldi və rəhmətlik Arximed kimi “Evrika!”(“Tapdım!”) hayqıraraq vannaya atlanmaq istədim ki, “Azərsu” suyumuzu kəsdi.... Lakin bütün çətinliklərə rəğmən xalqımın yolunda xeyli tər töksəm də, məmləkətdəki isti havanın qarşısını almağın analoqu olmayan formulunu işləyib hazırladım...
Deməli, məsələ belədir. Son günlər ölkədə, xüsusən Bakıda və aran bölgələrində yağıntı da azalıb. Buna görə də nə etmək lazımdır? Havanı tərlətmək... Hamı bilir ki, adamın tərləməsi üçün ya istiləməsi, ya da nədənsə bərk qorxması, əndişələnməsi, həyəcanlanması gərəkdir. Biz də havanı tərlətmək üçün onu təzədən qızdıran deyilik, onsuz da o yetərincə qızıb və təri axıb gedib... Qorxutmaq da yaxşı deyil, çünki məmləkətdə demokratiyadır, insan haqlarını, heç havanın da haqqını tapdamaq olmaz. Ona görə də havanı tərlətmək üçün mədəni, sivil metodlardan yararlanmaq gərəkdir. Hörmətli nazirimiz Mikayıl Cabbarov da yaxşı bilər: adamın, böyük bir şirkət sahibinin belinə əlavə vergi yükləyəndə nə edir? Bəli, bəli, düz tapdınız – tərləyir?.. Qızmar istilərdə adamın sərinləməsi üçün öncə yaxşıca tərləməlidir – yoxsa hərarətdən partlayar... Adam öncə tərləyir, sonra sərinləyir... Hava da eşidəndə ki, 40-a yaxın vəzifə daşıyan nazir onun boynuna külli miqdarda vergi yükləyib- dərhal onu tər basacaq, nəticədə qaşqabağını tökəcək, qanı qaralacaq, başqa sözlə göy üzünü qara buludlar alacaq, göy nərildəyəcək, ildırım çaxacaq və nə olacaq? Əlbəttə ki, şıdırğı yağış yağacaq və biz sərinləyəcəyik...
İndi bəzi ağzıgöyçəklər başlayacaq ki, xalqı, təbiəti bu boyda vergilərlə yükləmək olmaz, havaya vergi qoymaq- lap ağ oldu, bəs bu demokratik qanunlara- filana ziddir. Yəqin, belələrinin nə tarixdən, nə də bizlərin xoş niyyətindən xəbəri var... Yəni biz nə ediriksə, xalqın rifahı, bugünkü və gələcək xoşbəxtliyi üçün edirik. Elə havaya vergini də yayın bu cəhənnəm(!) istisində vətəndaşlarımızın sərinləməsi üçün yükləmək niyyətindəyik...
İndi keçək tarixin dərslərinə... Heç bilirsizmi ki, qədim Bizans imperiyasında "hava vergisi" olub və həmin vergi yaşayış evinin və binaların daxili həcminə, yəni hava tutumuna görə alınıb. Həcm nə qədər böyük idisə, verginin miqdarı da artırdı...
Demokratiyanın beşiyi sayılan orta əsrlər Fransasında da "qapı-pəncərə vergisi" mövcud olub. Evlərdə qapı və pəncərələrin sayına görə alınırmış...
Tarixi faktdır: Bu gün bütün dünyaya demokratiya və insan haqlarından dərs keçən Böyük Britaniya Krallığında 1690-cı illərin sonundan ta ki 1851-ci ilədək pəncərələrin ölçüsünə görə varlı adamlardan pəncərə vergisi tutulub...
Elə çağdaş dövrümüzdə demokratik ölkə sayılan İtaliyada 2016-cı ildən kondisioner istifadəçilərinə tətbiq edilən yeni vergi artıq xalq arasında “hava vergisi” adını alıb. Həmin vergi yalnız 160 kvadratmetrdən çox sahənin soyudulması və ya isidilməsi üçün istifadə edilən və gücü 12 kilovatdan çox olan kondisionerlərə aiddir. Verginin tətbiqi məcburi hesab edilir...
Gördünüz, deməli, havaya da vergi qoymaq mümkündür. Özü də həmin vergini bizim məmləkətdə tətbiq etsək, insanlar, vətəndaşlar yox, hava özü qəzəblənəcək, coşacaq və dediyim kimi, sonda min tonlarla tər tökərək yağış yağmasına və sərinliyə səbəb olacaq...
Xülasə, havaya babat vergi yükləsək, nəinki sərinləyər, hətta yağış yağdırar...
Sual edəcəksiniz ki, bəs birdən hava hirsindən günlərlə leysan yağış yağdırdı, bəs onda kanalizasiya sistemi bərbad gündə olan iri şəhərlərimizin, xüsusən də Bakının halı necə olacaq? Yenə küçələri, tunelləri, evləri su basacaq, maşınlar batacaq, insanlar boğulacaq? Bu problemi necə həll etmək olar? İnşəAllah, gələn dərslərimizdə bu haqda da danışarıq. O müşkülə də bir əncam edərik...
Dəli şeytan deyir, bu Günəşə də vergi tətbiq edilməsini təklif et... Yox, Günəş hava deyil, hirsindən partlayar, biabırçılıq olar, bu nurlu məmləkətdə zülmətə qərq olarıq Yenə Aya, Veneraya, uzaq ulduzlara tətbiq etmək olar... O haqda da fikirləşərik...
Sultan Laçın