"ABŞ Prezidenti Donald Tramp tərəfindən rusiyalı həmkarı Vladimir Putinə verilən 50 günlük möhlətin azaldılacağı gözlənilirdi".
Bu sözləri politoloq Rəşad Bayramov Hit.az-a açıqlamasında deyib.
O bildirib ki, həmin möhlət Putinə müharibənin dayandırılması və atəşkəsin ən azından əldə olunması üçün danışıqlarda fəal iştirak baxımından verilmişdi:
"Lakin nəticə etibarilə bu, baş vermədi. Əksinə, biz gördük ki, bu müddətdən istifadə edərək Putin yeni əraziləri nəzarətə keçirmək taktikasını seçdi və nəticədə Tramp da həm əvvəldən verdiyi bəyanata uyğun olaraq, həm də növbəti dəfə Rusiyaya mesaj vermək baxımından həmin müddəti 10 günə endirdi".
Ekspert qeyd edib ki, burada başqa səbəblər də var:
"Səbəblərdən biri də Avropa İttifaqı ilə imzalanan sazişdir. Çünki Tramp müvafiq qərarı faktiki olaraq Avropa İttifaqı ilə ticari sazişdən bir gün sonra bəyan edib. Yəni biz bilirik ki, 3 il ərzində Avropa İttifaqı ABŞ-nin 750 milyard dollarlıq enerji məhsullarının alışına razılıq verib.
Eyni zamanda, ABŞ iqtisadiyyatına 600 milyard dollar sərmayə qoymağa razılaşıb və Ukraynanın silahlandırılması üçün ötürüləcək silah və texnika paketini də Avropa İttifaqı qarşılayacaq".
Onun sözlərinə görə, bu məsələ də ABŞ liderinin qərarında müəyyən rol oynadı:
"Bundan başqa, Kiyev ilə imzalanmış və Ukraynanın mineral ehtiyatlarına çıxışı nəzərdə tutan saziş də faktiki olaraq işləmir. Çünki heç bir böyük şirkət bombaların altında sərmayə qoyub oradan mineral ehtiyatları çıxarmağa başlamaz. Bu baxımdan, həmin fəaliyyətə keçidin təmin olunması üçün Tramp faktiki olaraq 50 gün verilmiş möhləti 10 günə endirdi".
Rəşad Bayramovun fikrincə, bundan sonra hansı addımların atılacağı əsasən Rusiyadan asılı olacaq:
"Amma Trampın verdiyi bu bəyanatdan sonra Rusiyanın dərhal atəşkəs elan edəcəyini və ya müharibəni dayandıracağını zənn etmirəm. Yəqin ki, Kreml də sanksiyaların tətbiqini gözləyəcək. Burada söhbət ikinci dərəcəli sanksiyalardan gedir.
Yəni Rusiyanın özündən daha çox, ondan məhsul alan ölkələrə tətbiq ediləcək sanksiyaları nəzərdə tuturam. Putin güman ki, əvvəlcə həmin ölkələrin bu sanksiyalara nə qədər əməl etdiyini yoxlayacaq, sonra qərar verəcək".
Politoloq diqqətə çatdırıb ki, əgər sanksiyalar tətbiq olunacaq, amma Ukraynaya silah və texnika ötürülməyəcəksə, bu yenə də müharibənin dayandırılmasına gətirib çıxarmayacaq:
"Bunlar paralel şəkildə həyata keçirilməlidir. Düşünürəm ki, Tramp da verdiyi müddətin təkcə Ukraynanın yox, eyni zamanda Qərbin maraqlarının da əleyhinə olduğunu anlayacaq. Ona görə də tezliklə həm sanksiyaların tətbiqi, həm də Ukraynaya əlavə silah və texnikanın verilməsi ilə bağlı yeni qərarlar qəbul olunmalıdır".
Pərviz