AZ

Tayvan ətrafında gözlənilən toqquşma - Qərb-Çin qarşıdurması real savaşa çevrilə bilər

  “Çinin Tayvan ətrafında keçirdiyi hərbi təlimlər Vaşinqtonu əvvəlkitək narahat edir. ABŞ-ın siyasi və hərbi dairələrində hesab edirlər ki, Pekin bu hərbi təlimlərlə Tayvan adasını ələ keçirməyə çalışır”.

Referans xəbər verir ki,bu barədə Musavat.com-a açıqlamasında politoloq Elxan Şahinoğlu deyib.

Politoloqun sözlərinə əsasən, ABŞ müdafiə naziri Pit Heqset Çinin Tayvana hücumunun “real və qaçılmaz” olduğu barədə xəbərdarlıq edib:

“Pentaqon rəhbəri Pekinin əməliyyata başlamaq üçün hərbi hazırlıqlarını artırdığını bildirib. Vaşinqton Pekini bu planından çəkindirmək üçün Sakit-Hind Okeanı bölgəsində hərbi gəmilərinin sayını artırıb.

London da Vaşinqton qədər mövcud durumdan narahatdır. Böyük Britaniyanın müdafiə naziri Con Hili Avstraliyaya səfəri zamanı “Prince of Wales” təyyarədaşıyan gəminin göyərtəsində açıqlama verib. O bildirib ki, Pekin Tayvanı ələ keçirmək məqsədilə hərbi əməliyyata başlayarsa, London adaya hərtərəfli dəstək verəcək.

Müşahidəçilər bu açıqlamanı Böyük Britaniyanın böyük güc olduğunu xatırlatması kimi qiymətləndiriblər.

Britaniyanın “The Telegraph” nəşri Con Hilinin açıqlamasının digər dövlətlərin rəsmilərinin açıqlamalarıyla müqayisədə daha kəskin olduğunu yazıb.

“The Global Times” nəşri isə Con Hilinin açıqlamasını Böyük Britaniyanın Sakit-Hind Okeanı bölgəsində hərbi gücünü artırmaq istəyindən xəbər verdiyini yazıb. Bununla London həm də Vaşinqtonun ən etibarlı müttəfiqi olduğunu nümayiş etdirib.

Maraqlıdır ki, Con Hili təyyarədaşıyan gəminin göyərtəsində Çini xəbərdar edərkən onu müşayiət edən avstraliyalı rəsmilər oxşar açıqlama verməyiblər. Avstraliya Çinin bölgədə artan gücündən narahat olsa da, Tayvan adasıyla bağlı ehtiyatlı mövqe sərgiləyir. Bu o deməkdir ki, Çin Tayvanı hərbi yolla ələ keçirmək planını reallaşdırarkən Avstraliya prosesə müdaxilə etməyəcək. Buna baxmayaraq, Avstraliya Böyük Britaniya ilə birgə dəniz təlimlərində iştirakdan boyun qaçırmır. Misal üçün, “Prince of Wales” təyyarədaşıyan gəmisi illərdir Avstraliya limanlarının yaxınlığında üzür və daha sonra Yaponiya sahillərinə yaxınlaşır.

Böyük Britaniya Honkonqun idarəetməsini 1997-ci ildən Çinə təhvil versə də, bu bölgədə hərbi varlığını azaltmayıb. Böyük Britaniya Tayvan boğazı ətrafında iki patrul gəmisinə də malikdir”.

Elxan Şahinoğlu bildirib ki, Tayvan ətrafında gərginlik artmaqdadır və Çin lideri Si Cinpin Tayvana nəzarət etmək üçün hərbi gücdən istifadə olunacağını istisna etməyib:

“Yəni bölgədə müharibə mümkündür. Bunun qarşısını almaq məqsədilə ABŞ, Böyük Britaniya və Avstraliya AUKUS hərbi bloku formalaşdırıblar. Tayvanda amerikalı hərbi məsləhətçilərin sayı artıb. Vaşinqton eyni zamanda Tayvana müasir silah və hərbi texnika göndərməkdə davam edir. Pentaqonda Çinin Tayvanı ələ keçirməyinin bütün ssenariləri araşdırılır”.

Seçilən
27
1
referans.az

2Mənbələr