AZ

Bakının bu ərazisindəki evlər sökülür – VİDEO

Bakı sərnişin stansiyası ilə Keşlə dayanacağı arasında dəmir yollarının mühafizə zonasında inşa edilmiş qanunsuz tiklilərin söküntüsü aparılır. Artıq xeyli ərazidə söküntü işləri başa çatdırılıb.

Bəs söküntü işləri digər ərazilərdə də aparılacaqmı?

Suala cavab almaq üçün “Azərbaycan Dəmir Yolları” QSC-yə müraciət etdik. Qurumdan Bizim.Media-ya bildirilib ki, dəmir yollarının mühafizə zolağında yerləşən tikililər bir tərəfdən dəmiryol nəqliyyatına ciddi problemlər yaradır, digər tərəfdən də sakinlərin özləri üçün təhlükə kəsb edir:
 

“Son 3 ildə dəmir yolunun mühafizə zolağında yerləşən ərazilərdə çoxsaylı bədbəxt hadisə baş verib, 30-dan artıq insan həyatını itirib və ya ağır xəsarət alıb. Hər hansı bir hadisə baş verdikdə bu cür ərazilərə yanğınsöndürən, təcili tibbi yardım maşınları daxil ola bilmir.


Dəmir yollarının ətrafında qanunsuz tikintilər uzun illərdir davam edən problemlərdən biridir.

Əsasən Abşeron dairəvi xətti üzrə dəmir yolu, o cümlədən Nərimanov-Keşlə-Böyükşor sahələrində mühafizə zolağı nəzərə alınmadan tikilən evlər ciddi təhlükə törədir.
 

Dəmiryol xətti çəkilərkən mütləq mühafizə zolağı da ayrılır. Bu zolağın eni 20 metrdən 50 metrə, bəzi yerlərdə 100 metr və daha artıq sahəni əhatə edir və xüsusilə təhlükəsizliyin təmin edilməsi məqsədilə ayrılır”.


Məlumatda qeyd edilib ki, Nərimanov Rayon Polis İdarəsində Nərimanov rayonu, Bakı sərnişin – Keşlə sahələrində dəmir yollarının mühafizə zonasında ərazilərin qanunsuz zəbt edilməsi, qanunsuz tikinti fəaliyyəti ilə bağlı cinayət işi başlanıb:

“Məhkəmə qərarına əsasən də, buradakı tikililər qeyri-qanuni tikililərdir. Eyni zamanda, müvafiq tədbirlərin görülməsi üçün ADY tərəfindən məhkəməyə müraciət olunub.

Söküntü işləri məhkəmənin müvafiq qərarına əsasən aparılır. Hazırkı tədbirlər infrastrukturun modernləşdirilməsi, genişləndirilməsi və təhlükəsizliyin beynəlxalq standartlara uyğunlaşdırılması ilə bağlı planın tərkib hissəsidir”.


Surxay Atakişiyev, Bizim.Media

 

Seçilən
3
bizim.media

1Mənbələr