AZ

Şəmkirdə 52 yaşlı kişi arvadına xəsarət yetirdi

Şəmkir rayonunda 52 yaşlı kişi qısqanclıq zəminində yaranan mübahisə zamanı həyat yoldaşına xəsarət yetirib. 

Demokrat.az-ın əldə etdiyi xəbərə görə, hadisə ötən ilin iyulun 21-də Şəmkir rayonunun kəndlərindən birində baş verib. 

Kənd sakini, 1973-cü il təvəllüdlü Pənah Salmanov kəndə yerləşən fərdi yaşayış evinin həyətyanı torpaq sahəsində onunla eyni ünvanda yaşayan arvadı Sürayə (ad-soyad şərtidir – red.) ilə mübahisə edib. 

Ər arvadının əsassız səbəblərdən əxlaqsız həyat tərzi keçirdiyini bildirdiyinə görə aralarında yaranmış məişət zəminində baş vermiş sözlə mübahisə zamanı onu əlindəki dəryazla sağ qol nahiyəsinə qəzəblə və dəfələrlə zərbələr vurub. 

Hadisəni törədən P. Salmanovun barəsində Cinayət Məcəlləsinin 127.2.2-ci (xüsusi amansızlıqla, o cümlədən zərərçəkənə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxs barəsində qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsi ilə ittiham elan edilib. 

Cinayət işi üzrə izahat verən təqsirləndirilən şəxs ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun arvadıdır: “Sürayə ilə münasibətim əvvəllər yaxşı olub. Lakin sonradan münasibətlərimiz qısqanclıq zəminində pisləşdi. Arvadım və özüm Şəmkir rayon ərazisində yerləşən istilikxanalarda fəhlə kimi işləyirik. Lakin mən arvadımdan ayrı işləyirəm. Zərərçəkmiş şəxs istilikxanalarda işləmək üçün Şəmkir rayonunun kəndində yaşayan Lətifə adlı şəxs ilə birlikdə gedir. Mən isə arvadımın həmin həmkəndlimiz ilə birgə istilikxanalarda işləmək üçün getməsinə dəfələrlə öz narazılığımı bildirmişəm. Lakin zərərçəkmiş şəxs  sözlərimə məhəl qoymayaraq, məndən Lətifə adlı şəxs ilə birgə işləmək üçün istilikxanalara getməyinə narazılığımın səbəbini soruşub. Bu zaman arvadıma onun əxlaqsızlıq etməsini kənd sakinlərindən eşitdiyimi bildirdim. Ancaq arvadım onunla istilikxanalarda işləməyə davam etdi”. 

Təqsirləndirilən şəxs qeyd edib ki, iyulun 21-də, saat 15 radələrində arvadıyla yaşadıqları evin həyətyanı sahəsində işləyən zaman aralarında sözlə mübahisələri baş verib: “Mübahisə zamanı arvadımdan Lətifə ilə istilikxanalara getməməsini, ancaq mənim özüm ilə birgə getməyini dedim. Həmin vaxt qadın mənə dedi ki, Lətifə səndən qeyrətlidir. Bu səbəbdən də əsəbi halda əlimdə olan dəryazla zərərçəkmiş şəxsin sağ qol nahiyəsindən vuraraq ona xəsarət yetirdim. Zərərçəkmiş şəxs yaşadığımız evin həyətindən qaçaraq anamın yaşadığı evə getdi. Daha sonra o, Şəmkir rayon Mərkəzi xəstəxanasına aparıldı. Zərərçəkmiş şəxsə dəryazla xəsarət yetirən zaman hadisənin baş verdiyi yerdə bizdən başqa heç kim olmayıb”.
Bu cinayət işinə Şəmkir Rayon Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə B. Salmanov 1 il 4 ay müddətinə azadlıqdan məhrum edilib. 

Fariz Məlikli
Demokrat.az
Seçilən
6
demokrat.az

1Mənbələr