AZ

İnsan özünün terapevti olmalıdır? - PSİXOLOQ AÇIQLADI

“İnsan özünün terapevti olmalıdır? Bu sual çox maraqlı və düşüncəyə vadar edən bir yanaşmanı əhatə edir. Müasir psixologiyada "özünü dərk etmə" və "özünə yardım" anlayışları vacib yer tutur. İnsan müəyyən qədər özünün terapevti ola bilər - yəni, gündəlik həyatında öz emosiyalarını izləmək, hisslərini anlamaq, özünü sakitləşdirmək və sağaltmaq üçün bəzi üsullar öyrənə bilər. Buna özşüurluluq və öztənzimi deyirik”. Bu sözləri SİA-ya açıqlamasında psixoloq Zeynəb Eyyubova deyib.

Psixoloq sözlərinə belə davam edib: “Amma burada önəmli bir nöqtə var: bu, professional terapiyanın yerini tuta bilməz. İnsan özünün terapevti olmaq üçün ilk növbədə özünü yaxşı tanımalıdır. Amma çox zaman problemlərin kökü şüuraltı qatlarda gizlənir və insan öz təkliyi ilə onları tam görə bilmir. Psixoloq bir güzgü kimidir — bəzən fərdin görə bilmədiyini göstərir, bəzən isə onun özünü güvənli şəkildə ifadə etməsinə kömək edir.

İnsan özünü tanımalı, emosiyalarını izləməli və özünə qarşı şəfqətli olmalıdır. Bu, psixoloji sağlamlığın əsas dayağıdır. Amma bu, professional psixoloji dəstəyin əhəmiyyətini azaltmır. Ən güclü insanlar belə bəzən bir terapevtə ehtiyac duyur.

İnsan necə ki, yüngül ağrılarda evdə özünü yaxşı hiss etmək üçün addımlar ata bilər, amma ciddi problemlərdə həkimə getməsi vacibdir – psixoloji sağlamlıq da belədir. İnsan hər gün öz emosiyalarını yoxlamağı vərdiş halına gətirsə, bu psixoloji müqavimətini gücləndirə bilər. Təbii instinktlə davranmaq və ya özünü "terapiya etməyə" çalışmaq bəzən problemə daha çox zərər verə bilər. Burada psixoloqun rolu yönəltməkdir, diktə etmək deyil”.

Ayşən Vəli

Seçilən
14
sia.az

1Mənbələr