Kanada mediası xəbər verir ki, rəsmi Ottawa Fələstini tanıyıb-tanımamaq və bu addımın müəyyən şərtlərə bağlı olub-olmaması məsələsini nəzərdən keçirir.
İyulun 29-da adı açıqlanmayan mənbəyə istinadən yayılan məlumata görə, hələlik bu barədə yekun qərar verilməyib. Lakin baş nazir Mark Karni Yaxın Şərqdəki vəziyyəti müzakirə etmək məqsədilə iyulun 30-da Nazirlər Kabinetinin onlayn iclasını keçirməyi planlaşdırır.
Bu məlumat, Karni ilə Böyük Britaniyanın Baş naziri Kir Starmerin Qəzzadakı vəziyyət və rəsmi Londonun Fələstini tanımaqla bağlı verdiyi bəyanatı müzakirə etməsindən qısa müddət sonra yayılıb.
Kanadanın xarici işlər naziri Anita Anand isə iyulun 28-də verdiyi bəyanatda rəsmi Ottavanın iki dövlətli həll prinsipinə sadiqliyini bir daha vurğulayıb. “Vəziyyətin mürəkkəbliyinə baxmayaraq, bu gün burada olmağımız Fələstinin öz müqəddəratını təyin etməsinə və İsrailin təhlükəsizliyini təmin edən danışıqlar yolu ilə həllə göstərilən güclü beynəlxalq dəstəyi əks etdirir”, – deyə Anita Anand bildirib.
Beynəlxalq təzyiqlər
Ötən həftə Fransa Prezidenti Emmanuel Makron sentyabrda Parisdə keçiriləcək BMT Baş Assambleyasında Fələstini tanıyacağını bəyan etmişdi. Bu həftə isə Böyük Britaniyanın Baş naziri Kir Starmer oxşar açıqlama verərək bildirmişdi ki, əgər İsrail Qəzzada qətliamı dayandırmaq üçün konkret addımlar atmasa hökuməti Fələstini tanıyacaq.
İsrail isə Londondan gələn bu bəyanatı sərt şəkildə tənqid edərək bunun “Həmas üçün mükafat” olacağını iddia edib.
Hazırda BMT-yə üzv olan 193 ölkədən 149-u Fələstini rəsmi şəkildə tanıyır. Bu rəqəm İsrailin 2023-cü ilin oktyabrında Qəzzada başlatdığı genişmiqyaslı hərbi əməliyyatlardan sonra artmağa başlayıb.