Bakı, 30 iyul, AZƏRTAC
İnsan alveri mütəşəkkil cinayətkarlığın ən sürətlə böyüyən formalarından biridir, amansız şəbəkələr insanların zəifliyindən istifadə edir və onların ağrı-acısından qazanc götürür.
AZƏRTAC xəbər verir ki, bu sözləri BMT-nin Baş katibi Antonio Quterreş iyulun 30-da qeyd olunan Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günündə deyib. O, insan alverini “iyrənc cinayət və insan hüquqlarının kobud şəkildə pozulması” adlandırıb.
BMT rəhbərinin sözlərinə görə, fırıldaqçılıq, məcburiyyət və istismar üzərində qurulmuş bu qəddar, yüksək həddə mütəşəkkil fəaliyyət sürətlə inkişaf edir. Beləliklə, cinayətkar qruplar sərhədləri aşaraq həyəcanverici sürət və incəliklə fəaliyyət göstərirlər. Onlar qanunvericilikdəki boşluqlar vasitəsilə qanuni sənayelərə və təchizat zəncirlərinə soxulur, miqrasiya axınından qazanc götürür, habelə qurbanları onlayn cinsi istismara və kiberdələduzluqda iştiraka məcbur etməklə yeni texnologiyanın nailiyyətlərini işə salırlar.
“Biz təcili olaraq birlikdə bu çağırışlara cavab verməliyik. Biz cəzasızlığa son qoymaq, qeyri-qanuni gəlirlərə çıxışı kəsmək, hüquq-mühafizə və ədliyyə sistemlərini gücləndirməklə insan alverini davam etdirən biznes modelini pozmalıyıq. Məsuliyyət daşıyanlar qanun qarşısında cavab verməlidir”, -deyə A.Quterreş vurğulayıb.
Baş katib daha sonra qeyd edib: “Biz, həmçinin vətəndaş cəmiyyəti və özəl sektorla, o cümlədən texnologiya şirkətləri ilə birlikdə istismarın qarşısını almaq və həssas təbəqələri qorumaq üçün məlumatlılığı artırmaq, hesabat kanallarını inkişaf etdirmək üçün birlikdə çalışmalıyıq. Eyni zamanda, sağ qalanlar üçün ədaləti təmin etməli, köçkünlərə dəstək olmalı, yoxsulluq və bərabərsizlikdən tutmuş münaqişə və iqlim sarsıntılarına qədər köklü səbəblərin həllinə nail olmalıyıq.
Ümumdünya İnsan Alverinə Qarşı Mübarizə Günündə qurbanları dəstəkləmək, günahkarları məsuliyyətə cəlb etmək, heç kimin alınıb-satılmadığı və istismara məruz qalmadığı bir dünya qurmaq üçün birlikdə hərəkət etməliyik”, - deyə Baş katib sözlərini yekunlaşdırıb.