AZ

Kamçatkada 8 baldan yuxarı zəlzələ baş verib

Rusiyanın Uzaq Şərqində, Kamçatka yarımadasında 8,8 bal gücündə güclü zəlzələ baş verib. Bu barədə ABŞ-ın Geoloji Xidməti bildirib. Məlumatı “Anadolu” verib. 

Bildirilir ki, yeraltı təkanlar Petropavlovsk-Kamçatskdan 119 kilometr cənub-şərqdə qeydə alınıb. Zəlzələnin ocağı təxminən 20 kilometr dərinlikdə yerləşib. Əsas təkandan sonra bölgədə 6,9 və 6,3 bal gücündə güclü təkanlar da qeydə alınıb.

Kamçatkanın Avaça körfəzi sahillərində güclü zəlzələ nəticəsində sunami təhlükəsi elan edilib. Bunu “İzvestiya.ru” bildirib. 

Seysmik hadisə nəticəsində Petropavlovsk-Kamçatskdakı uşaq bağçalarından birinin divarı uçub. Saxalin vilayətinin Severo-Kurilski rayonunda fövqəladə vəziyyət elan edilib.

Zəlzələdən sonra Petropavlovsk-Kamçatskda fövqəladə vəziyyət elan edilib. Bu barədə iyulun 30-da şəhər-rayon rəhbəri Yevgeni Belyayev məlumat verib. “Bu gün baş verən zəlzələ ilə əlaqədar Petropavlovsk-Kamçatskda fövqəladə vəziyyət rejimi tətbiq olunur”, - o, Telegram kanalında yazıb.

Belyayev qeyd edib ki, şəhərdə tikililərə baxış davam edir. Mütəxəssislər ilk olaraq sosial obyektlərə baxış keçiriblər. Təmirdə olan uşaq bağçalarının birində fasadın qismən uçması baş versə də, tələfat olmayıb. Digər müəssisələrdə yalnız kosmetik ziyan qeydə alınıb - dağılan gips və zəlzələ zamanı məqbul olan çatlar.

P.ƏMİRCANOV
XQ

Seçilən
4
xalqqazeti.az

1Mənbələr