Xurafat dinin zəhəridir. Dinlə xurafat heç zaman bir yerdə cəmiyyətə fayda verə bilməz. İdmanla zərərli vərdişlər, sağlamlıqla xəstəlik bir-birinə zidd olduğu kimi dinlə xurafat da ziddir.
Formal olaraq bir çoxu dildə guya xurafatın əleyhinədir və sözdə hələ bir tənqid də edir. Amma əmələ, inanca gələndə görürsən ki, əsl xurafatın içindədir.
Mirzə Ələkbər Sabiri, Əbdürrrəhim bəy Haqverdiyevi, Cəlil Məmməqduluzadəni guya sevir, hörmət edir, amma büt kimi, obraz kimi. Di gəl ki, onun dediklərini, tənqid etdiklərini ortaya qoyanda səni kafir, sionist, məzhəb düşməni adlandırır. Demək bu şəxsləri oxumayıblar, oxusalar da qəbul etməyiblər.
Dinin, elmin, mədəniyyətin, inkişafın qarışını qara bulud kimi, qatı zülmət kimi tutan qaragüruhçu cəmiyyətin içindən çıxan bu müqəddəs zatlar olmasaydı bu gün heç bizlər də bəlkə olmazdıq. Yenə onların sayəsində məktəb, qəzet, jurnal, kitab üzü görüb babalarımız. Yoxsa məktub yazmağa mirzə axtarırmışlar kəndbəkən, şəhərbəşəhər düşüb. İndiki mollalar necə dəfn - kəfni, kəbini qəlizləşdirib, yalnız ərəbcə oxunmalıdır, mütləq din xadimi oxumalıdır kimi xüsusiləşdiriblərsə o dövrdə adicə yazı yazmağı da belə qəlizləşdirmişdilər. Hər adam yazı, məktub yaza bilməzdi. Gərək mollaya, mirzəyə bir toyuq, 3 girvənkə buğda verib yazdıraydı.
Çox təəssüf, sanki o dövr yenidən qayıdır. Artıq özünü əsl müsəlman hesab edən bəzi mühafizəkarlar uşaqları məktəbdən, dünyəvi təhsildən yayındırmağa çağırırlar, qızları evə
qapanmağa məcbur edirlər. Özləri üçün qapalı, fərqli bir cəmiyyət formalaşdırırlar.
Bəziləri xurafatçılığın, mövhumatın sadəcə adını tənqid etməklə yetinir. Halbuki xurafat və mövhumatın mahiyyətini, yaranma səbəblərini, özünü tənqid etməli, bununla da kifayətlənməyib onunla mübarizə aparmalıyıq. Zərərləri, cəmiyyətdə yaratdığı mənfi nəticələr, dini necə korlaması faktlarla, elmi dəlillərlə sübut olunmalı, ortaya qoyulmalıdır.
Yoxsa quruca xurafatı tənqid etməklə iş olmaz.
Konfutsi demişkən, zülməti lənətləməkdənsə hərə bir şam yandırmalıdır. Xurafatın təkcə din üçün deyil, ümumiyyətlə cəmiyyətin inkişafı üçün, sosial həyat üçün nə qədər ziyanlı olduğunu insanların bir çox dərk etmir, fərqinə varmır.
Hamı bilməlidir ki, xurafat cəmiyyəti cəhalətə, vəhşiliyə, ağıl işlətmək qabiliyyətinin itirilməsinə aparır. İşıqlı dünyanı qara zindana çevirir. Hər şeyi qara göstərərək insanların həyatını qaraldır.
Çox vaxt da bu zülmətdən pərdə arxasında oturan xarici maraqlı qüvvələr, düşmənlər bəhrələnir, öz məqsədlərinə çatmaq üçün istifadə edir.
Ona görə xurafatla hər bir şəxs mübarizə aparmalıdır. Uzun saqqal, niqab, gödək şalvar, məsciddə sinə vurmaq, başa döymək, uydurma rəvayətlər danışmaq yaxud qulaq asmaq, ələm oynatmaq, dünyəvi təhsildən yayınmaq, qondarma pirlərdə dinin qaydalarına müxalif bidətlər, hoqqalar meydana gətirmək, daş yapışdırmaq, qara bağlamaqla mədət ummaq, məzhəbçilik təəssübkeşliyi edərək ayrıseçkilik yaratmaq, Quran, ədəbiyyat, tarix oxumadan özünü dindar qələmə verib sosial şəbəkələrdə söyüş, təhqir, böhtan atmaqla vaxt keçirmək əsl xurafatın nəticələridir.
Bu xəstəlikdən, bu virusdan xilas olmayınca, şəfa tapmayınca cəmiyyətə nicat yoxdur. Əgər xurafat dinlə paralel inkişaf edəcəksə onda uzunsaqqallı mühəndis, niqablı tibb bacısı, mərsiyyəçi ədəbiyyat müəllimi, ələmgəzdirən kuryer yetirşdirmiş olacağıq. Dinin əvəzinə xurafatı, elmin yerinə mövhumatı qoysaq Əfqanıstan bizim yanımızda şükürlü olacaq. Yox hər ikisini paralel yaşatsaq onda da İrandakı kimi dini, mədəniyyəti, mənəviyyatı, milli dəyərləri zəhərləmiş, zədələmiş olacağıq.
Tural İrfan, dinşünas