AZ

Bu ilin 6 ayında Agentlik tərəfindən 74 min nəfər işlə təmin edilib - MÜSAHİBƏ

Nihad Muxtarlı: Əmək bazarının sürətlə dəyişən tələblərinə uyğunlaşmaq Dövlət Məşğulluq Agentliyinin əsas prioritetlərindəndir

Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədr müavini Nihad Muxtarlının “İki sahil” qəzetinə müsahibəsi:

- Hazırda Dövlət Məşğulluq Agentliyi tərəfindən məşğulluq səviyyəsinin yüksəldilməsi və işsizliyin azaldılması istiqamətində həyata keçirilən əsas prioritet fəaliyyət istiqamətləri nələrdir?

- Ölkədə əhalinin məşğulluq səviyyəsinin artırılması, işsiz və işaxtaran şəxslərin məşğulluğunun təmin edilməsi məqsədilə Dövlət Məşğulluq Agentliyi tərəfindən müxtəlif məşğulluq tədbirləri həyata keçirilir. Bura işsiz və işaxtaran şəxslərin münasib işlə təmin edilməsi, onlara peşə maraqlarının formalaşdırılması və peşə seçiminə istiqamətləndirilməsinə dəstək məqsədilə peşəyönümü məsləhət xidmətlərinin göstərilməsi, peşə hazırlığının təşkili, sahibkarlığın təşviq olunması və kiçik ailə təsərrüfatlarının yaradılması məqsədilə şəxslərin özünüməşğulluğunun təmin edilməsi, həmçinin işsiz və işaxtaranların məşğulluğunun təmin edilməsində işəgötürənlərin həvəsləndirilməsi məqsədilə həyata keçirilən əməkhaqqının birgə maliyyələşdirilməsi proqramı və s. daxildir.

Görülən işlərin nəticəsi olaraq, cari ilin ilk 6 ayı ərzində Agentlik tərəfindən 74 min nəfər işlə təmin edilib. Onlardan 807 nəfərini kvota yerləri üzrə işlə təminat təşkil edib. Bundan əlavə, 9,8 min nəfər özünüməşğulluq proqramına, 761 nəfər əməkhaqqının birgə maliyyələşdirilməsi proqramına, 6,1 min nəfər peşə hazırlığına, 139,6 min nəfər peşəyönümü məsləhət xidmətlərinə cəlb olunub.

Onu da qeyd edim ki, hazırda şəxslərin məşğulluğunun effektiv şəkildə təmin edilməsi, onların uyğun məşğulluq tədbirlərinə cəlb edilməsi məsqədilə məşğulluq imkanlarının qiymətləndirilməsi həyata keçirilir və qiymətləndirmə nəticəsində məşğulluq tədbirlərinin konkret həcmini, növünü, ardıcıllığını və icra müddətini, habelə işsizlikdən sığorta ödənişinin verilməsini və iş axtarışını müəyyən edən elektron sənəd - fərdi məşğulluq proqramı tərtib edilir. Hazırda şəxslərin məşğulluq imkanlarının qiymətləndirlməsi metodologiyasının daha da təkmilləşdirilməsi, onun gələcək əmək bazarındakı tələblərə cavab verən daha təkmil formaya gətirilməsi istiqamətində işlər aparılır.

- Müasir əmək bazarının tələbləri baxımından hansı peşə və ixtisaslara daha çox ehtiyac duyulur və bu istiqamətdə Agentlik tərəfindən hansı təlim-tədris proqramları reallaşdırılır?

- Əmək bazarının tələbləri sürətlə dəyişir. Bütün bunlar texnoloji yeniliklərin fonunda baş verir və yeni peşə sahələrinin yaranması ilə müşayiət olunur. Bu dəyişikliklərə uyğunlaşmaq Agentliyin əsas prioritetlərindəndir. Bunun üçün, ilk növbədə, əmək bazarında yaranan yeni tələb və çağırışlara cavab vermək məqsədilə əmək bazarının strateji təhlil və proqnozlaşdırma sistemi daim təkmilləşdirilir. Müxtəlif sektorlarda baş verən texnoloji dəyişikliklər, yaşıl iqtisadiyyatın inkişafı, rəqəmsallaşma və süni intellektin tətbiqi ilə bağlı əmək bazarının ehtiyacları mütəmadi olaraq analiz edilir və bu analizlər əsasında proqnozlar hazırlanır. Eyni zamanda, peşə hazırlığı və peşəyönümü xidmətləri müasir əmək bazarının tələblərinə uyğunlaşdırılır. Agentlik tərəfindən həyata keçirilən peşə kurslarının siyahısına yeni ixtisaslar daxil edilir, mövcud tədris proqramları yenilənir. Sosial tərəfdaşlarla əməkdaşlıq da bu prosesdə mühüm rol oynayır. Özəl sektor, işəgötürənlər, universitetlər və təlim müəssisələri ilə birgə əməkdaşlıq çərçivəsində yeni peşələr üzrə praktiki bacarıqların inkişaf etdirilməsi üçün birgə proqramlar hazırlanır. Bundan əlavə, Agentlikdə fəaliyyət göstərən karyera məsləhətçiləri işaxtaranlara əmək bazarının cari tələbləri barədə məlumat verir, onların fərdi bacarıq və maraqlarına uyğun peşə istiqamətlərini seçməkdə dəstək göstərirlər.

- Azad olunmuş ərazilərdə vətəndaşların məşğulluğunun təmin olunması istiqamətində hansı işlər görülür?

Agentliyimiz Böyük Qayıdış Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərə qayıdan vətəndaşlarımızın sosial rifahının təmin edilməsini prioritet məsələlərdən hesab edir. Burada biz “Məşğulluqdan məskunlaşmaya” yanaşmasını tətbiq edirik və öz doğma yurd-yuvalarına qayıdan insanların rifahlarının yüksəldilməsini dəstəkləyirik. Bu çərçivədə Dövlət Məşğulluq Agentliyi müxtəlif məşğulluq tədbirlərinin - özünəməşğulluq, ictimai işlərinin təşkili, kvota üzrə iş yerlərinin yaradılması, ərazidə fəaliyyət göstərən şirkətlərə münasibətdə yerli işçi qüvvəsinin işlərə cəlb edilməsi və s. bu tipli layihələrin icrasına hazırlıq görülür. Rəqəmləri xatırlatmaq istərdim. Belə ki, sözügedən ərazilərdə cari ilin 25 iyul tarixinə ümumi məşğulluq tədbirlərinə cəlb olunanların sayı 5092 nəfər olub. Bunlardan 3895 nəfər işlə təmin edilib, 367 nəfər özünüməşğulluq proqramına cəlb edilib. 830 nəfər isə xırda ticarət, yük və sərnişindaşıma kimi sahələrdə fərdi qaydada özünüməşğulluğunu təmin edib. Bunlardan əlavə, 233 nəfər peşə hazırlığına yönləndirilib.

- Vətən müharibəsi iştirakçılarının və şəhid ailəsi üzvlərinin məşğulluğunun təminatı istiqamətində hansı işlər görülür?

Vətən müharibəsində əldə etdiyimiz möhtəşəm Zəfərdə xüsusi rolları olmuş vətəndaşlarımızın məşğulluq məsələlərinin həlli Agentliyimizin əsas prioritetidir. Bu çərçivədə postmüharibə dövründə şəhid ailəsi üzvləri, müharibə əlilləri və veteranlarının məşğulluğu istiqamətində fasiləsiz iş aparılır. Ümumilikdə, ötən dövr ərzində bu kateqoriyaya daxil olan 27 mindən çox şəxs Agentliyin aktiv məşğulluq tədbirləri ilə əhatə olunub. Belə ki, 12 min 800-dən artıq şəxs özünüməşğulluq proqramına, 1100-dən artıq şəxs isə peşə hazırlığı kurslarına cəlb edilib. 13 min nəfərdən çoxu isə işlə təmin olunub. Hazırda daha 5,6 min nəfərin məşğulluq tədbirlərinə cəlb olunması istiqamətində iş aparılır. Xüsusilə qeyd etmək istəyirəm ki, Agentliyin bu istiqamətdə fəaliyyəti fasiləsiz şəkildə davam edir.

- Əlilliyi olan şəxslərin məşğulluğunun təmin edilməsi və onların əmək bazarına çıxış imkanlarının genişləndirilməsi istiqamətində Agentliyin gördüyü tədbirlər barədə məlumat verməyinizi xahiş edirik.

- Fiziki məhdudiyyətli insanlar, yəni əlilliyi olan şəxslər üçün məşğulluq, eləcə də özünüməşğulluq imkanlarının yaradılması aktiv məşğullluq tədbirlərinin əsas istiqamətlərindən biridir. Cari ilin ilk 6 ayının rəqəmlərini diqqətinizə çatdırmaq istəyirəm. Bu sahədə aparılan işlərin nəticəsi olaraq 2025-ci ilin 6 ayı ərzində bu kateqoriyadan olan 7249 şəxs məşğulluq tədbirlərinə cəlb edilib. Onlardan 2 853 şəxs münasib işlərlə təmin edilib. Həmçinin 6 ayda əlilliyi olan 762 şəxs özünüməşğulluq proqramına cəlb edilib. Onlar proqram çərçivəsində mal və materiallarla təmin olunaraq öz kiçik təsərrüfatlarını qurublar. Agentlik tərəfindən son 6 ayda əlilliyi olan 213 şəxs isə əmək bazarının tələblərinə uyğun peşələr üzrə peşə hazırlığına cəlb edilib. Həmçinin 3 421 nəfərə peşəyönümü məsləhət xidməti göstərilib.

- Gənclərin əmək bazarına inteqrasiyasının sürətləndirilməsi məqsədilə Agentlik tərəfindən hansı dəstək mexanizmləri və təşviq tədbirləri tətbiq olunur?

Bəli, Dövlət Məşğulluq Agentliyi gənclərin əmək bazarına inteqrasiyası məqsədilə bir sıra aktiv məşğulluq proqramları həyata keçirir. Məsələn, cari ilin ilk 6 ayı ərzində Agentlik tərəfindən ümumilikdə 28 min 283 nəfər gənc işlə təmin edilib. Onlardan 1643 nəfər özünüməşğulluq proqramına, 2886 nəfəri isə peşə hazırlığına cəlb edilib. Sosial iş yerlərində işçilərin əməkhaqlarının maliyyələşdirilməsi proqramı üzrə 276 nəfər işlə təmin olunub.

Bundan əlavə, Agentlik tərəfindən gənclərin məşğulluğunun dəstəklənməsi məqsədi ilə müvafiq tərəfdaşlarla bir sıra layihələr həyata keçirilir. Gənclərin məşğulluq məsələlərinin həlli üçün digər bir sıra layihələr də icra olunur. Onlardan biri kimi, son illərdə həyata keçirilən “Səyyar kofe evləri” layihəsidir. Layihə çərçivəsində barista sahəsində çalışmaq istəyən bir qrup gənc üçün səyyar kofe satışı istiqaməti üzrə kiçik bizneslər qurulur.Eləcə də Bakı və bölgələrdə gənclər üçün vebinarlar, konfranslar, karyera sərgiləri və yarmarkalar təşkil olunur, “Alo karyera” dəstək xidməti fəaliyyət göstərir. Bundan başqa daha öncəki illərdə də gənclərlə bağlı bir sıra layihələr icra olunub. Dövlət Məşğulluq Agentliyi,“İrəliləyİŞ”, “Biznesini Yarat Marafonu” və digər layihələri qeyd etmək olar.

- Özünüməşğulluq proqramının icrası barədə bir qədər məlumat verərdiniz. İndiyə qədər nə qədər vətəndaş bu proqrama cəlb olunub və bu proqramın genişləndirilməsi nəzərdə tutulurmu?

Agentliyin həyata keçirdiyi aktiv məşğulluq proqramları sırasında özünüməşğulluq proqramı önəmli yer tutur. Prezident İlham Əliyevin tapşırığı ilə icra olunan bu proqram mühüm sosial-iqtisadi əhəmiyyətə malik olmaqla, işsiz və işaxtaran şəxslərə dövlətin dəstəyi ilə özünüməşğulluq, kiçik sahibkarlığa keçid imkanı yaradır və aztəminatlı ailələrin sosial rifahının yaxşılaşdırılmasına xidmət edir.

Hazırda işsiz və işaxtaran şəxslərə özünüməşğulluq proqramı əsasında 32 zərf üzrə mal və materiallar formasında aktivlər təqdim olunur. 2017-ci ildə ölkəmizdə özünüməşğulluq proqramının icrasına başlanıb və həmin illə müqayisədə proqrama cəlb olunan şəxslərin illik sayı 15 dəfəyədək artıb. 2024-cü ildə daha 17,3 min nəfər özünüməşğulluq proqramına cəlb edilib. Ümumilikdə ötən dövrdə 95 mindən artıq şəxs bu proqramla əhatə olunub və özünüməşğulluq proqramına cəlb olunanların sayı 2025-ci ildə artıq 100 mini ötəcək.

- Bir qədər də müasir əmək bazarında peşə hazırlığının əhəmiyyəti barədə məlumat verməyinizi xahiş edirik. Agentlik tərəfindən peşə kurslarının təşkili necə həyata keçirilir və bu kursları bitirənlərin işlə təminat göstəriciləri necədir?

- Texnologiyanın inkişafının nəticəsi olaraq iş rolları daim təkamüldədir və bu da işçilərin rəqabətədavamlı qalmaları üçün yeni bacarıqlar öyrənmələrini zəruri edir. Bu gün əmək bazarının əsas problemlərindən biri işaxtaran və işsiz şəxslərin peşə və kvalifikasiyaları ilə mövcud vakansiyalar arasında uyğunsuzluğun olmasıdır. Bunun aradan qaldırılması üçün peşə hazırlığı işaxtaran və işsiz şəxslərin əmək bazarının tələbatına uyğun kadr kimi formalaşmasına dəstək göstərən çevik alət olaraq ön plana çıxmaqdadır. Dövlət Məşğulluq Agentliyi də bu alətdən səmərəli şəkildə istifadə etməkdədir. Peşə hazırlığı prosesi bu təlimlərdə iştirak etmək istəyən şəxslərin yaşadıqları ərazi üzrə Məşğulluq filiallarına və ya DOST mərkəzlərinə müraciət edərək qeydiyyatdan keçmələri ilə başlayır. Qeydiyyatdan keçən şəxslərə karyera məsləhətçiləri tərəfindən ödənişsiz karyera konsultasiyası verilir və daha sonra onlar peşə hazırlığına cəlb olunurlar.

Ümumilikdə, peşə hazırlığı Agentliyin tabeliyindəki 4 peşə hazırlığı mərkəzlərində və ya Agentliyin sifarişi əsasında 160-dan çox özəl təhsil müəssisələrində təşkil edilir. Bu kurslara cəlb olunan işsiz şəxslərə minimum əməkhaqqının 50%-i məbləğində təqaüd ödənir.

Agentlik tərəfindən təşkil olunan peşə hazırlığı kurslarında təlim-tədris proqramları hazırlanarkən əməkdaşlıq edilən işəgötürənlərin tələbləri də nəzərə alınır. Bu halda, kursu bitirənlər üçün işə qəbul şansları daha da yüksək olur. Peşə hazırlığı kurslarını bitirən məzunların məşğulluğunu təmin etmək məqsədilə Agentlik hər il təşviqedici mexanizmləri yeniləyir və tətbiq edir. Statistikaya görə, kursu tamamlamış müdavimlərin orta hesabla 65 %-i işlə təmin olunur. Cari ilin 6 ayının rəqəmlərini diqqətinizə çatdırmaq istəyirəm. Bu dövr ərzində 6,1 min nəfər şəxs peşə hazırlığı kursuna cəlb olunub.

- Agentlik tərəfindən təşkil olunan əmək yarmarkalarına maraq necədir?

- Əmək yarmarkaları işsiz və işaxtaran şəxslərin işəgötürənlərlə bilavasitə təmas yaratması  və bu vasitə ilə işə düzəlmələrinə köməklik məqsədilə keçirilən aktiv məşğulluq tədbiridir. Yarmarkalar işaxtaran və işsiz şəxslərin müvafiq inzibati ərazi vahidi üzrə mövcud olan vakant iş yerləri haqqında məlumat əldə etmələri, aktiv məşğulluq tədbirlərinə cəlb olunmaları, işəgötürənlərin qısa müddətdə zəruri peşəyə, ixtisasa və təcrübəyə malik olan kadrların seçiminə köməklik göstərilməsi məqsədilə təşkil edilir. Yarmarkada iştirak etməklə vətəndaşlar karyera imkanları, əmək bazarı, peşələr haqqında məlumatlar əldə edə, Agentliyin fəaliyyəti ilə tanış ola, aktiv məşğulluq tədbirlərinə müraciət edə bilirlər.

Təkcə bu ilin ilk 6 ayı ərzində işəgötürənlərlə əməkdaşlıq çərçivəsində 128 əmək yarmarkası təşkil olunub. Bu aktiv məşğulluq tədbirlərində ümumilikdə 1200-ə yaxın işəgötürən iştirak edib və yarmarkaya qatılmış 15 minə yaxın işsiz və işaxtaran şəxsə 10,5 mindən artıq vakansiya təqdim olunub. Bu il paytaxt və bölgələrimizdə ümumilikdə 150 əmək yarmarkasının keçirilməsi nəzərdə tutulub. Statistika üçün qeyd edim ki, ötən il keçirilmiş 147 əmək yarmarkasında 1800 müəssisə tərəfindən 15,7 min vakansiya təqdim olunmuşdu.

- Yeni layihələrinizdən olan “Kadr indeksi”nin məqsədi nədir?

- “Kadr indeksi” tələbələrin qeyri-akademik fəaliyyətlərinin qiymətləndirilməsi, səriştələr arasında balansın təmin olunması və onların dəstəklənməsini hədəfləyir. Burada əsas məqsəd tələbələrin əmək bazarında rəqabət qabiliyyətinə təsir edən fərdi göstəricilərini ölçmək, səriştələrarası balansı qiymətləndirmək, tələbələrin fərdi inkişafına yönəlik sistemli yanaşmanı formalaşdırmaqdır. Yeni yanaşma biliklə yanaşı, bacarığın da əmək bazarında uğurun əsas göstəricisinə çevrildiyini nümayiş etdirir. “Kadr indeksi” qeyri-akademik fəaliyyətlərin müəyyən meyarlar əsasında dəyərləndirilməsini nəzərdə tutur. Eyni zamanda, tələbələrin sertifikatlar, peşəkar təcrübə, yumşaq bacarıqlar, rəqəmsal savadlılıq, xarici dil bilikləri kimi indikatorlar üzrə potensialının ölçülməsini hədəfləyir. “Kadr indeksi” 10-dan artıq nüfuzlu beynəlxalq universitetin təcrübəsi əsasında hazırlanıb və əmək bazarında dəyişikliklərə uyğunlaşma baxımından mühüm yenilikdir. Layihə çərçivəsində qeyri-akademik fəaliyyətləri təhlil edilən tələbələrin nəticələrinə əsasən onlara fərdi inkişaf istiqamətində tövsiyələr veriləcək.

- Bu il ərzində dövlət məşğulluq xidmətlərinin rəqəmsallaşdırılması sahəsində hansı yeniliklərin tətbiqi gözlənilir?

- Xidmətlərin rəqəmsallaşdırılması Dövlət Məşğulluq Agentliyinin fəaliyyətində və strateji siyasətində mühüm yer tutur. Bu istiqamətdə atılan addımlar vətəndaşlara göstərilən xidmətlərin əlçatanlığını və effektivliyini artırmaqla yanaşı, məşğulluq sahəsində innovativ yanaşmaların tətbiqini dəstəkləyir. Agentlik tərəfindən əhaliyə təqdim edilən sosial xidmətlərin rəqəmsallaşdırılması istiqamətində mühüm addımlar atılıb. Belə ki, göstərilən 21 xidmətin 19-u elektronlaşdırılıb. Eyni zamanda, müasir çağırışlara cavab verən innovativ həllərin tətbiqi istiqamətində işlər davam etməkdədir.

2022-ci ilin may ayında istifadəyə verilən “Əmək və məşğulluq” altsistemiüzərindən göstərilən xidmətlərin genişləndirilməsi və mövcud xidmətlərin təkmilləşdirməsi istiqamətində davamlı işlər aparılır. İşsiz və işaxataran şəxslərin müraciəti, qeydiyyatı, şəxsi kabinetinin formalaşdırılması, vakansiya bankının idarə olunması, vakansiyalar üzrə münasib işlərə göndərişlərin yaradılması, məşğulluq imkanlarının qiymətləndirilməsi, fərdi məşğulluq proqramlarının tərtib edilməsi, aktiv məşğulluq tədbirlərinin təşkili, peşə hazırlığı və peşəyönümü xidmətinin göstərilməsi, özünüməşğulluq üzrə tədbirlərin təşkili, birgə maliyyələşmə Altsistemin əsas funksional istiqamətlərindəndir.Eyni zamanda, “Əmək və məşğulluq” altsistemi Agentliyin işəgötürənlərlə fəaliyyətinin elektron qaydada aparılmasını tənzimləyir, bu sahədə fəaliyyət göstərən subyektlərin reyestrini formalaşdırmaqla fəaliyyət dinamikasını və idarəolunmasını həyata keçirir.

Digər layihəmiz “Məzunların məşğulluq reytinqi” abituriyent və məzunların məşğulluq imkanlarının genişləndirilməsinə töhfə verərək, abituriyentlərin ali təhsil müəssisələrinin məşğulluq imkanları haqqında məlumatlılığını təmin edir, məzunların məşğulluq xəritəsinin yaradır. Hazırda platformada ölkənin 31 universitetinin məzunlarına dair məlumatlar yer alır və yeni tədris müəssisələrinin də əlavə olunması istiqamətində işlər aparılmaqdadır. Bununla yanaşı, platformanın real vaxt rejimində işləməsi imkanının təmin edilməsi nəzərdə tutulur.

Karyera planlaması üzrə rəqəmsal xidmətləri vahid sistem daxilində toplanmasını nəzərdə tutan “Mərkəzi Karyera Portalı” tezliklə istifadəyə veriləcək. Portala “Peşələrin atlası”, “Alo Karyera” dəstək xidməti, “İş dəyərləri”, “CV Yarat” kimi platformalar daxil ediləcək ki, bu da öz növbəsində karyera planlaması üzrə xidmət göstərilən hədəf qruplarının elektron formada məlumatlandırılması təmin ediləcək, vətəndaşların karyera planlaması istiqaməti üzrə özünəxidmət imkanları daha da genişləndiriləcək.

Orxan Vahidoğlu, “İki sahil”

Seçilən
17
1
ikisahil.az

2Mənbələr