"Qarabağ" bu gün UEFA Çempionlar Liqasının II təsnifat mərhələsində İrlandiyanın "Şelburn" klubu ilə cavab oyununa çıxacaq. “Köhlən atlar” səfərdən 3:0 hesablı qələbə ilə ayrılmışdılar. Bəs bugünkü oyunun nəticəsi necə gözlənilir? Futbol eksperti Ceyhun Sultanov Metbuat.az-a açıqlamasında "Şelburn”un 3:0-dan sonra geri dönüş etmək şansı olmadığını söyləyib: “Ona görə ki, rəqibin heyətində o keyfiyyətli futbolçular yoxdur. "Qarabağ" evdə də qalib gələcək və bu oyun yeni futbolçuların adaptasiyası üçün fürsət olacaq. "Qarabağ" hər oyundan oyuna gücünü artırır. Təlim-məşq toplanışından sonra komanda daha da inkişaf edir”. Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq. Sevinc İbrahimzadə / Metbuat.az