AZ

Rusiyanın avtomobil zavodları qısa iş həftəsinə keçdi

Rusiyanın böyük avtomobil zavodları anbarları boşaltmaq üçün ənənəvi üsula əl atır. 

Avtosfer.az xəbər verir ki, zavodlar ya dördgünlük iş həftəsinə keçir, ya da korporativ məzuniyyətə gedir. 
Əsas minik avtomobili istehsalçısı olan Avtovaz avqustun 17-dək istehsalı dayandırıb və bütün əməkdaşları korporativ məzuniyyətə göndərib. Qeyri-rəsmi məlumata görə zavodun anbarlarında qalan maşınların sayı 100 mini ötüb. Tələbatın kəskin artacağı təqdirdə belə, bu ehtiyatın “əridilməsi” üçün azı 3 ay lazımdır.

Yük avtomobili istehsalçılarına gəlincə, QAZ və KAMAZ  artıq dördgünlük iş həftəsinə keçib. Buna səbəb federasiyada yük avtomobili və avtobuslara tələbatın müvafiq olaraq 40 və 60 faiz azalmasıdır. Yüngül komersiya avtomobillərinə (Qazel) tələbat 30 faiz aşağı düşüb.

QAZ və KAMAZ   əsasən hərbi təyinatlı sifarişləri yerinə yetirir. Hətta 2 il əvvəl KAMAZ-ın baş direktoru bəyan etmişdi ki, müəssisə 3 növbədə işləməsinə rəğmən, ordunun sifarişlərini çatdıra bilmir. Elə ötən həftə Rusiyaya qarşı 18-ci sanksiya paketi qəbul edilərkən direktor məhz bu sözünə görə qara siyahıya düşüb. Birdən-birə iş həftəsinin qısaldılması hərbi sifarişlərin azaldığını göstərir.
UAZ şirkəti iş rejimi ilə bağlı açıqlama verməsə də, bir fakt dəyişmir: bu zavod yalnız güc strukturlarının sifarişləri hesabına ayaq üstə dura bilir.

Vüqar Yaşaroğlu

Seçilən
29
avtosfer.az

1Mənbələr