AZ

Aİ İsrailə təzyiqi artırır: "Horizon Europe" proqramı təhlükədə

Avropa İttifaqı (Aİ) Qəzza bölgəsində davam edən humanitar böhran fonunda İsrailə qarşı sanksiya tətbiq etməyi nəzərdən keçirir. 


Sfera.az xəbər verir ki, əsas müzakirə mövzusu İsrailin “Horizon Europe” adlı Avropa elmi-tədqiqat proqramındakı iştirakının məhdudlaşdırılmasıdır.


Məlumatlara əsasən, İsrailin xüsusilə “European Innovation Council” vasitəsilə innovasiya və dual-istifadə layihələrinə (kibertəhlükəsizlik, süni intellekt və dron texnologiyaları) çıxışı məhdudlaşdırıla bilər. Təklifin qəbul olunması üçün Aİ ölkələri arasında kvalifikasiya olunmuş çoxluq səsverməsi tələb olunur. Lakin Şərqi Avropa ölkələrinin bəzilərinin dəstəyi olmadan qərarın qəbul olunması çətin görünür.

 

Bəs Aİ-nin İsrailə sanksiyaları təsirli ola bilərmi?

 

Sfera.az-a açıqlama verən politoloq Züriyə Qarayeva bildirib ki, Aİ-nin Qəzza zolağında yaranmış humanitar fəlakətlə bağlı İsrailə qarşı mümkün sanksiyalar tətbiqini gündəmə gətirməsi beynəlxalq ictimaiyyətin bu münaqişəyə münasibətində mühüm dönüş nöqtəsi kimi qiymətləndirilə bilər:

 

 

“Aİ ölkələrinin bəzi üzvləri İsrailin hərbi əməliyyatları nəticəsində baş verən mülki itkilər və infrastruktur dağıntıları ilə bağlı narahatlıqlarını açıq şəkildə ifadə ediblər. Bu kontekstdə, sanksiya imkanlarının müzakirəyə çıxarılması Avropanın İsrailə təzyiq alətlərini artırmaq cəhdidir. Lakin bu sanksiyaların İsrailin Qəzza siyasətində real dəyişikliyə səbəb olub-olmayacağı bir sıra amillərdən asılıdır”.

 

O, əsas faktor kimi İsrail hökuməti üçün milli təhlükəsizlik məsələlərinin prioritet olaraq qaldığını və Qəzzaya qarşı sərt siyasət daxili siyasi sabitlik və ictimai rəydə dəstəklə əsaslandırıldığını deyib:

 

“Bu baxımdan, Avropa İttifaqının atacağı addımların simvolik mahiyyət daşımaq ehtimalı yüksəkdir. Digər tərəfdən, Avropa İttifaqı ilə İsrail arasında mövcud iqtisadi, texnoloji və diplomatik əlaqələr olduqca dərin və çoxtərəflidir. Bu münasibətlərin pozulmaması üçün sanksiyaların daha çox məhdudiyyət xarakterli, seçici və ehtiyatlı formada tətbiq ediləcəyi gözlənilir. Belə ssenaridə sanksiyalar daha çox siyasi mesaj məqsədi daşıyacaq və ciddi strateji dəyişiklik yaratmaqdan çox, beynəlxalq ictimaiyyətin mövqeyini gücləndirmək vasitəsi kimi çıxış edəcək”.

 

Politoloq qeyd edib ki, bütün bunlarla yanaşı, İsrailin beynəlxalq təzyiqləri tamamilə nəzərə almaması da mümkün deyil:

 

“Xüsusilə Avropa İttifaqının siyasi və iqtisadi təsir gücü olan böyük ölkələrinin ortaq və sərt mövqe sərgiləməsi, İsraili daha diqqətli addımlar atmağa vadar edə bilər. Lakin bu dəyişikliklərin əsaslı yox, daha çox taktiki xarakterli olacağı ehtimal edilir. Nəticə etibarilə, Avropa İttifaqının mümkün sanksiyaları İsrailin Qəzza siyasətində köklü dəyişikliklərə səbəb olmasa da, beynəlxalq hüquq normalarının və humanitar dəyərlərin müdafiəsi baxımından önəmli bir siqnal ola bilər. Bu addım həm də digər aktorların – xüsusilə BMT və region ölkələrinin – məsələ ilə bağlı mövqelərini gücləndirə bilər”.

 

Fidan Hacızadə
Sfera.az

Seçilən
4
sfera.az

1Mənbələr