Kamçatka yarımadasında baş verən 8,8 bal gücündə zəlzələdən sonra Sakit okeanda sunami təhlükəsi elan edilib. Rusiya, ABŞ və Yaponiya sahillərində təxliyələr başlayıb. Mütəxəssislər zəlzələnin fəsadları ilə bağlı xəbərdarlıq ediblər.
Publika.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi sunami səbəbindən Severo-Kurilsk şəhərinin bir hissəsinin su altında qaldığını açıqlayıb. Lakin hələlik hər hansı itki ilə bağlı rəsmi açıqlama verilməyib.
Türkiyəli professor Okan Tüysüz zəlzələnin baş verdiyi bölgənin Sakit Okeanın “Atəş halqası”nda yerləşdiyini qeyd edib:
"Bir neçə ildir ki, dünyada 8 bal və daha yüksək zəlzələ olmamışdı. Zəlzələ təxminən 20 kilometr dərinlikdə qırılma zamanı baş verib. Okeanın dibini hərəkət etdirən bu cür zəlzələlər sunamilərə səbəb olur. Növbəti təkanlar uzun müddət davam edə bilər”.
Professor Şükrü Ersoy isə 7,7 bal gücündə təkanların davam edəcəyini və sunaminin minlərlə kilometr məsafəyə yayıla biləcəyini qeyd edib.