Gəncə şəhər sakini Səfərova Zərifə Salman qızı tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçinin məktubunu olduğu kimi dərc edirik:
"Mən, Səfərova Zərifə Salman qızı, 2004-cü ildə Dəliməmmədli sakini Zeynalov Süleyman Rəhim oğlu ailə qurmuşuq. 2005- ci ildə bir qızımız olub. Bu insan məndən öncə ailəli olub və avtoqəza nəticəsində yoldaşı və oğlu rəhmətə gedib, bir qızı qalıb. Başqa bir qadından da daha bir qızı var.
Biz 2008-ci ildə müəyyən səbəblərdən boşanmışıq. O, 2020-ci ildə "Covid" virusundan rəhmətə gedib. Öldüyü vaxtadək uzun illər stomotoloq kimi fəaliyyət göstərib. Xoşbulaqda 3 sot torpağı, 2 maşını, Dəliməmmədlinin "kruq"unda - yolun kənarında böyük obyektləri olan bir evi, Cavadxanda 4 sotun içində olan bir evi var.
Goranboy məhkəməsi maşınları, evi və torpağı 3 uşaq arasında bölüb. 2021-ci ildən etibarən - 4 ildir məhkəmənin yollarında qalmışıq. Məhkəmə qətnamə çıxarıb ki, 2 maşın vərəsələr arasında satılıb bölünsün. Ancaq böyük qız olan Zeynalova Aişə Goranboyun rayon İcra şöbəsində icraçı işləyən Zaur Ağamirzəyev ilə danışaraq, işin icrasını dayandırıb. Dəfələrlə Zaur müəllimə, rəisi Rauf müəllimə müraciət etmişəm ki, bu şəxs maşınları aparıb, 3 ildir öz istifadəsində saxlayır, amma niyəsə heç bir tədbir görülmür.
Bütün aidiyyəti orqanlara məktubla müraciət etmişəm, heç bir nəticə verməyib. Eyni zamanda, Gəncə şəhərində yerləşən İcra probasiya şöbəsinə gedib, ora da şikayət etmişəm, yenə nəticə yoxdur.
Nəhayət ki, Goranboy məhkəməsinin sədri dəyişdi, Tural Məmmədov sədr təyin olundu. Tural müəllim bizə kömək etdi, maşınları sata bildik.
Hazırda isə 1 ildir ki, Dəliməmmədlidəki evin 3 nəfər arasında bölünməsi üçün müraciət etmişik. Lakin yoldaşımın böyük qızı Əmlak İdarəsi ilə danışıb razılaşdığı üçün idarədən gəlib işlərini görmürlər.
Bərdə rayonunda yerləşən Əmlak Məsələləri Dövlət Xidmətinə getdim. Orada da kömək edəcəklərini bildirdilər. Amma təəssüf ki, səs çıxmadı.
Goranboy rayonundan Elşən müəllim adında əmlak işçisi gəldi ki, evi ölçməyə gəlmişəm. Mən də razı olmadım ki, bu, qarşı tərəflə anlaşıb, onun tanışıdır. Bərdənin öz işçisinin gəlməsini istədim. Bunun üçün təkrar Bərdəyə getdim. Xəyyam müəllimlə görüşdüm, ona da dedim ki, bu insanlar dostdurlar, tanışdırlar bitərəf adam gəlib ölçsün. Xəyyam müəllim göndərəcəyini söylədi, ancaq heç kim gəlmədi.
Təkrar Elşən müəllim ölçmək üçün gəldi və dedi ki, mən buranı bir dəfə ölçmüşəm, bir də ölçə bilmərəm, sizə rəy verə bilmərəm, siz birlikdə yaşaya bilməzsiniz.
Mən də Bakı şəhər əmlak idarəsinə şikayət yazdım. Natiq müəllimə buradakı işçilərin qanunsuzluqlarından, vətəndaşlara qarşı olan kobud rəftarlarından şikayət etdim. Heç bir faydasını görmədim. Məhkəmənin verdiyi qətnamə ilə Goranboy əmlak idarəsinə müraciət etdim ki, qızım Zeynalova Şeydaya düşən hissənin çıxarışını alım. Elşən müəllim, Sücaət xanım bizə dedilər ki, qətnamə ilə sizə çıxarış verə bilmərik, kasıb adamsınız, neynirsiniz çıxarışa pul verib, çıxın gedin evinizə. Bizi uzun müddət süründürəndən sonra axırda mən dava saldım, dalaşdım, yanımda da digər 3-cü varislə getmişdim. Dalaşandan sonra qətnaməmizi götürdülər, Dəliməmmədlidəki evin 25 %-ni mənim qızım Zeynalova Şeydaya, 25%-ni 3-cü varis olan Zeynalova Xədicəyə, 50%-ni isə böyük qıza, yəni Zeynalova Aişəyə böldülər. 25%-ə çıxarış üçün Xədicəyə 60 manat, Şeydaya isə 100 manat rüsum yazıblar. Gedib soruşuram ki, niyə mənə 60 manat yox, 100 manat yazmısınız? Deyirlər ki, sənə sənədin əslini vermişik. Başqa əməkdaş isə bildirdi ki, xidmət haqqını da sənə yazmışıq, get ondan al pulunu.
İllərdir məhkəmə və Əmlak Komitəsi arasında qalmışam. Hazırda Goranboy rayon məhkəməsinin sədri Hafiz Əliyev dəyişib, ümud edirəm ki, işimə düzgün baxılar. İsmayılov Cavidlə Əmlak İdarəsinin işçisi gəlib evin layihəsini çəkiblər. Evi əlimizdən almaq istəyirlər.
Əmlakda işləyən Elşən müəllimin hektarlarla torpaq sahəsi, obyektləri var. Halal qazancla onu almaq mümkün deyil.
Mən isə heç yerdə işləmirəm, anama baxıram. Anam şəhid anasıdır.
İsmaılov Cavid bizə deyir ki, sərəncamla olan Cavadxandakı evi 60 minə sataq, 30 min götürün, Dəliməmmədlidəki 150 minlik ev də mənə qalsın. Biz də razı olmuruq. Tələb etdiyimiz evin bir neçə çıxışı var. İcazə vermirlər ki, orada yaşayaq".
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin və qurumların mövqeyini dərc etməyə hazırıq.