
Gənclər və İdman Nazirliyi “Hovers Group” MMC (VÖEN – 1501843641) ilə satınalma müqaviləsi imzalayıb.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən bir mənbədən satınalma metodu əsasında imzalanıb.
Müqavilənin şərtlərinə görə “Hovers Group” MMC Yevlax şəhərində Olimpiya İdman Kompleksinin tikintisi işlərini həyata keçirəcək və qarşılığında 1 milyon 782 min 113 manat 87 qəpik alacaq.
Müqavilədə nəzərdə tutulan işlərin 29 iyul 2025-ci ildən 20 oktyabr 2025-ci il tarixinə kimi davam edəcəyi bildirilir.
Qeyd edək ki, 2011-ci ildə dövlət qeydiyyatına alınan və nizamnamə kapitalı 345 min 720 manat olan “Hovers Group” MMC -nin hüquqi ünvanı Bakı şəhəri, Nəsimi rayonu, Abbas Səhhət, ev 73-də yerləşir.
MMC-nin qanuni təmsilçisi Zeynalov İlqar Adgözəl oğludur.
Məlumat üçün bildirək ki, Gənclər və İdman Nazirliyinin 1,8 milyon manatlıq müqavilə imzaladığı “Hovers Group” MMC -nin hazırda dövlət büdcəsinə vaxtında ödənilməyən 10 min 613 manat60 qəpik vergi borcu var.
Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanunun 23-cü maddəsində göstərilir ki, vergilər və digər icbari ödənişlər üzrə vaxtı keçmiş öhdəlikləri olan şirkətlərin tender müsabiqəsində iştirakına yol verilmir.
Gənclər və İdman Nazirliyi satınalma prosesini dövlət satınalmaları vahid internet portalından kənar keçirdiyi üçün müqavilənin imzalanma tarixi bilinmir.
Bu səbəbdən də “Hovers Group” MMC -nin 10,6 min manatlıq vergi borcunun müqavilədən əvvəl, yoxsa sonra yarandığı məlum olmur.
Onu da bildirək ki, “Dövlət satınalmaları haqqında” Qanunun 15.1 maddəsində göstərilir ki, məxfi məlumatlar istisana olmaqla satınalmalar yalnız portal vasitəsilə həyata keçirilir.
Elnur Əli