Şamaxı rayonu, Quşçu kənd sakini Həmidov Heydər Abgül oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Daxili İşlər naziri Vilayət Eyvazova müraciət edir:
"Cənab Nazir!
Mən, Həmidov Heydər Abgül oğlu, övladım Həmidov Məhərrəm Heydər oğlu ilə kombayn almaq qərarına gəldik. Bununla bağlı bir-iki araşdırma apardıq və bizə Bərdə şəhərində yerləşən "Aqrotexnika-1961" MMC-nin direktoru Əliyev Cahid Səlim oğlunun əlaqə nömrələrini verərək, onunla əlaqə saxlaya biləcəyimizi bildirdilər. Əlaqə saxladıq, o, məhsullarını göstərmək üçün bizi Əli Bayramlıya (Şirvan) kombayn və traktorlar satılan yerə apardı. Traktor və kombaynların ona məxsus olduğunu və hansını istəsək yoxlayıb ala biləcəyimizi bildirdi. Biz də NOVA -340 markalı texnikanı sürüb yoxlayıb bəyəndik.
Əliyev Cahid Səlim oğlu bizi Kürdəmir rayon ASAN Xidmət mərkəzinə dəvət etdi və aramızda 17 aprel 2023- cü il tarixində 11 saylı müqavilə imzalandı. Müqaviləyə görə, ümumi dəyəri 90 000 (doxsan min ) manat olan kənd təsərrüfatı texnikası - taxıl yığan kombayn “NOVA” - 340 markalı texnika üçün ilkin 10 000 (on min) manat ödəniş mənim tərəfimdən icra olunmaqla, texnika on gün müddətində mənə verilməliydi. Mən 10 000 manatı Əliyev Cahid Səlim oğlunun kart hesabına ödədim. Vaxt bitdikdən sonra həmin şəxslə əlaqə saxlayanda o bildirdi ki, həmin kombayn Şirvan şəhərindədir, gəlib əmlaka qabaqcadan baxmalısınız. Sonradan bizə məlum oldu ki, onlar dələduz dəstə imiş. Saxta VÖEN açaraq özlərini şirkət kimi təqdim etmiş, bizi aldadaraq Şirvan şəhərində kombayn satılan yerə aparmış və bizə bir-iki kombayn göstərmişdir.
Polisə müraciət etdik. Hazırda işimizə Ağcabədi rayonunda baxılır. 9 aydır dələduz şəxs hələ də həbs olunmayıb.
Cənab Nazir!
Sizdən xahiş edirik, işimizin tez yekunlaşması və bizə dəyən zərərin ödənilməsi üçün göstəriş verəsiniz".
Jalə FAMİLQIZI
Redaksiyadan: Yazıda adları qeyd olunan şəxslərin mövqeyini dərc etməyə hazırıq.