
Asiya fond bazarları ABŞ-Çin danışıqlarından qəti nəticə gözləyən investorların ehtiyatlı yanaşması və bu gecə FED və sabah Yaponiya Bankının (BOJ) faiz dərəcəsi qərarları ərəfəsində qarışıq ticarət edir.
Stokholmda ABŞ və Çin arasında ticarət danışıqlarının üçüncü raundu dünən başa çatıb. Danışıqlardan sonra Çinin ticarət nazirinin müavini Li Çenqanq bəyan edib ki, ikitərəfli tariflərin dayandırılması Çin və ABŞ arasında razılaşmanın bir hissəsi kimi uzadılacaq. ABŞ-ın maliyyə naziri Skott Bessent də danışıqların çox məhsuldar keçdiyini bildirib. Bununla belə, Bessent son sözü deyəcək ABŞ prezidenti Donald Trampı məlumatlandıracağını bildirib.
Belə ki, hələlik rəsmi razılaşma elan olunmayıb.
Regional bazarlar da BOJ və FED tərəfindən bu həftə açıqlanacaq faiz qərarlarını yaxından izləyir. FED-in bugünkü iclasda faiz dərəcələrini dəyişməz saxlayacağı geniş şəkildə gözlənilsə də, sentyabr ayından etibarən faiz endiriminə başlayacağı gözlənilir.
BOJ-nin də sabahkı iclasda siyasət faizini dəyişməz saxlaması gözlənilir.
Bu arada Çin hökumətinin iqtisadiyyatı dəstəkləmək üçün tezliklə yeni addımlar atacağına dair xəbərlər Çin fond bazarındakı yüksəlişi dəstəkləyib.