Mətləb Salahov: “Bölgədə böyük maraqları olan dövlətlər PKK-nın tamamilə silahsızlaşdırılmasına imkan vermirlər”
“Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğanın “Terrorsuz Türkiyə” ideyası və PKK lideri Abdullah Öcalanın silahı buraxmaq çağırışı bölgənin gələcək təhlükəsizliyi üçün olduqca önəmli məsələdir. Amma nəzərə alsaq ki, ötən əsrin 70-ci illərindən başlayaraq PKK terror təşkilatını Türkiyəyə qarşı işə salan, bölgədə terror qruplaşmalarına aktiv dəstək göstərən, minlərlə günahsız Türkiyə vətəndaşlarının ölümünə səbəb olan güclü dövlətlər hələ də bu prosesə qarşı çıxırlar, o zaman vəziyyətin kritik olduğu gün kimi aydındır. Çünki Yaxın Şərqdə həm enerji, həm də geopolitik maraqları öndə gələn dövlətlər Türkiyəyə qarşı on illiklərdir ki, istifadə etdikləri PKK kartının əldən çıxmasına qəti razı deyillər.
Hər vəchlə rəsmi Ankaranın bölgədəki güclənən mövqelərini “baltalamağa” çalışan qüvvələr, Türkiyənin əl-qolunun açılmasından, daha rahat hərəkət etməsindən və çevik gücə çevrilməsindən narahatdırlar.” Bu fikirləri SİA-ya açıqlamasında jurnalist-ekspert Mətləb Salahov deryib. O qeyd edib ki, PKK-nın digər bir silahlı qolu olan PYD təmsilçilərinin bir sıra bəhanələr gətirərək tərksilah prosesindən açıq şəkildə imtina etməsi də onları istiqamətləndirən qüvvələrin “əl izidir”.
“Görünür ki, A.Öcəlanın artıq silahlı təşkilat liderliyindən ixtiyar bir təqaüdçüyə çevrilməsini yəqin edənbir sıra qüvvələr, silahlı qruplaşma rəhbərlərini və üzvlərini öz təsir dairəsinə çəkərək, onları “Türrorsuz Türkiyə” məsələsindən kənarda tutmağa və gələcək terror planları üçün onları hazır saxlamağa çalışırlar. Həttda bəzi informasiya sistemləri A.Öcəlanın Türkiyə tərəfindən “verbovka” edildiyi və artıq yaşlı vaxtında öz həyatı üçün təlükəsizlik zəmanəti aldığı barədə xəbərlər dövriyyəyə buraxıblar. Aydındır ki, məqsəd A.Öcəlanın çağırışını əhəmiyyətsizləşdirmək və terror qruplaşmaları üzərində nəzarəti ələ keçirməkdir. Əlbəttdə, bu məsələdə Qərbdəkilərlə yanaşı Türkiyənin qonşu olduğu bölgə ölkələri də fəallıq göstərirlər”.