AZ

Milli Qəhrəmanı Nadir Əliyevin doğum günüdür

Azərbaycan Silahlı Qüvvələrinin baş leytenantı olan Nadir Alış oğlu Əliyev 30 iyul 1962-ci ildə Ağdam rayonunun Əliağalı kəndində anadan olub.

QHT.az xəbər ki, o, 1977-ci ildə Əliağalı kənd orta məktəbinin səkkizinci sinfini bitirdikdən sonra Bakı Politexnik Texnikumuna qəbul olub və texnikumu fərqlənmə ilə bitirib. 1982-1985-ci illərdə Bakı Dövlət Universitetinin hüquq fakültəsində, daha sonra Moskva şəhərində Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində təhsil alıb. 1991-ci ildə "leytenant" rütbəsində Bakıya qayıtdıqdan sonra təmsil olunduğu nazirlikdən Qarabağ bölgəsinə göndərilməsini qətiyyətlə xahiş edib. 1992-ci ildə Sırxavənd, Bəşirlər, Qazançı, Qaraşlar, Kiçan kəndlərinin düşməndən azad edilməsində leytenant Nadir Əliyevin də xüsusi əməyi olub. 1993-cü ilin yanvar ayında MTN-nin Ağdam Rayon Şöbəsinə baş əməliyyat müvəkkili təyin olunub. Ağdərə uğrunda döyüşlərin qızğın dövründə cəbhə bölgəsinə ezam edilməsi üçün könüllü surətdə rəhbərliyə raportla müraciət edib, MTN-nin xüsusi təyinatlı hərbi dəstəsinin tərkibində Ağdam rayonunun Qiyaslı kəndi uğrunda gedən döyüşlərdə düşmənə əsir düşməmək üçün sonadək müqavimət gsötərib və qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikası Prezidentinin 9 oktyabr 1994-cü il tarixli Fərmanı ilə Əliyev Nadir Alış oğlu ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülüb.

Ruhu şad olsun!

Seçilən
12
2
qht.az

1Mənbələr