"Qətiyyətlə demişəm, mən türkəm. Atam da türkdür, anam da. Türk olmağımla fəxr edirəm", İran prezidenti Məsud Pezeşkianın bu sözləri təxminən son 40 ildə tədricən siyasətdən uzaqlaşmağa məcbur qalmış İran azərbaycanlılarını cəsarətləndirən məqamlardandır.
Jurnalist Əlirza Quluncu deyir ki, "Pəhləvilərdən bəri güc mərkəzindən uzaqlaşdırılan türklər və statusu zəifləşdirilən və parçalanan Azərbaycanın o məsələyə etirazını Pezeşkiana verilən səslərdə görürük".
İyulun 30-da Məsud Pezeşkianın İranda prezident vəzifəsinə başlamasından 1 ili tamam olur.
Lakin Pezeşkianın seçki kampaniyası zamanı verdiyi sözləri tutmaması azərbaycanlıların xoşuna gəlmir.
Urmiya gölünün bərpası, ana dilində təhsil, uşaqlara türk adlarının verilməsi, qızıl və mis mədənlərindən əldə olunan gəlirin Azərbaycanlılar yaşayan vilayətlərə çatması kimi məsələlər hələlik həllolunmamış qalır.
İran mediasını izləyən BBC əməkdaşı Kia Atri deyir ki, "onlar məmnun deyillər, çünki heç bir irəliləyiş olmayıb. Təkcə Azrəbaycan dili məsələsinə görə 2025-ci ilin fevralında onun Məclisə təqdim etdiyi qanun qəbul olunmadı. Məncə onun kabinetində həssaslıq var. O, xüsusilə də etnik Azərbaycanlılar üçün siyasi və mədəni məsələlərdə nəsə etməyə çalışdığını göstərmək istəyir, amma İranda prezidentlik vəzifəsi güclü deyil."
Əlirza Quluncu isə əlavə edir ki, ümumiyyətlə, İranda insanlar qərarların kim tərəfindən verildiyini, səlahiyyətin kimdə olduğunu bilirlər - "təbii ki, bu, Xameneyidədir" - o qeyd edir.
Narazılıqlara baxmayaraq Pezeşkian Qərbi Azərbaycan vilayətinin valisi olaraq türk birini - Rza Rəhmanini təyin edib. O həm də rəsmi dilin fars dili olduğu İranda Azərbaycan türkcəsində müsahibə verən ilk prezidentdir. Pezeşkian azərbaycan dilində danışdığına görə mühafikəzar kəsim tərəfindən tez-tez tənqidlərlə üzləşir.
"Biz keçmişdə bu adamların özünü müdaifəyə keçdiklərini görürdük, yox, biz pantürkist deyilik, biz də ona qarşıyıq. İndi daha bunu etmirlər", Əlirza Quluncu deyir.
Danışdığımız İran azərbaycanlılarına görə, onun Azərbaycan dilində danışması belə iran azərbaycanlılarının onu dəstəkləməsi üçün bəsdir. Lakin o, kürdcə də yaxşı danışır. Pezeşkian hər iki dildən kürd və azərbaycanlı qruplarla pozitiv münasibət saxlamaq üçün istifadə edir.
Əlirza Quluncu onu da əlavə edir ki, hakimiyyət daxilində Pezeşkianın arxasında "Pezeşkian və dəstəsi" – belə bir şey yoxdur.
Pezeşkianın verdiyi optimizmin nə qədər davam edəcəyini demək indidən çətindir. Təhlilçilər razılaşır ki, onun prezidentlik dövrü gizli və ya açıq şəkildə mübarizəsini yerə qoymayanlara bir ümid işığıdır, lakin İranın mürəkkəb siyasi mühitində bunun nə ilə nəticələnəcəyini görmək üçün vaxt lazımdır.
Video açılmırsa, YouTube kanalımızda izləyin.