Serbiyanın Zlatibor şəhərində məktəbli boksçular arasında Avropa birinciliyində Yusif Ağakişiyevlə Viktor Maystroviçin final görüşündə baş verən qalmaqal hələ də müzakirə mövzusudur.
Fanat.Az xəbər verir ki, texniki direktor Hamza Avezovun rinqə daxil olaraq hakimə hücum çəkməsi boks ictimaiyyətində xoş qarşılanmayıb.
Hətta Azərbaycan Boks Federasiyası (ABF) Hamza Avezovun davranışını etika uyğun olmayan hərəkət kimi dəyərləndirib.
Azərbaycanın tanınmış boksçuları və məşqçilərindən bir çoxu isə hesab edir ki, ABF bu məsələylə bağlı yalnız quru bəyanatla kifayətlənməməlidir. Hamza Avezov barəsində lazımi tədbirlər görməlidir.
Boks və fitboks üzrə məşqçi Ramil Məmmədzadə Fanat.Az-a bildirib ki, Hamza Avezovun davranışını idman etikasına uyğun olmayan hərəkət kimi dəyərləndirmək yetərli deyil: “Bu adam Azərbaycanı biabır edib. Onun etdikləri Azərbaycanın ayağına yazılır. Ona görə də hesab edirəm ki, bununla bağlı ciddi tədbir görülməlidir. Eyni zamanda Azərbaycan boksunu bu tip qeyri-peşəkarlara həvalə edənlər barəsində də ölçü götürülməlidir”.
Əməkdar məşqçi Zahid Əliyev isə saytımıza açıqlamasında Avezovun etdiklərini Azərbaycan boksunun düşdüyü acınacaqlı durumun təzahürü adlandırıb: “Bu gün Azərbaycan boksu faciəvi dövrünü yaşayır. Karatedən, kikboksdan doluşublar boksa. Ona görə də boks bu gündədir”.
Zahid Əliyev məktəbli boksçuların Avropa birinciliyində Azərbaycan boksçularının göstərdiyi nəticələrə də toxunub. “Kadetlərin qalibiyyətini uğurlu nəticə kimi sırımaq lazım deyil. Ümumiyyətlə, bu nəticə sayılmır. Bunlar gedib kənardan məşqçi gətirir, başqa idman növlərindən kimlərisə yarışa aparır, mötəbər olmayan turnirlərdəki nəticləri uğur kimi təqdim edirlər. Çünki bu gün Azərbaycan boksunun başında qeyri-peşəkarlar dayanır. Məsələn, Rövşən Hüseynov. Azərbaycan boksunu məhv edən adamlardan biri də budur. Yaxud Samir Hüseynov. Bu adam korrupsiya cinayətinə görə məhkumluq həyatı yaşayıb. İndi onu boksun başına gətiriblər. Belə bir adam Azərbaycan boksuna nə töhvə verə bilər axı? Onun ümumiyyətlə, boksdan anlayışı varmı?!”, - deyə əməkdar məşqçi vurğulayıb.
Zahid Əliyev kənardan məşqçi gətirilməsinin də arxasında korrupsiya əməllərinin dayandığını iddia edib: “Pul silirlər. Yerli məşqçilərlə bunu edə bilmirlər. Amma kənardan gətidirkləri ilə rahat şəkildə bu yola əl atırlar. Ona görə də bu gün Azərbaycan boksu acınacaqlı durumdadır. Yalandan inkişaf görüntüsü yaratmaq lazım deyil”.
Əli Sahib