ABŞ Prezidenti Donald Trampın Truth Social platformasında etdiyi son paylaşım İsrail mediasında geniş əks-səda doğurub. Tramp bu paylaşımda Azərbaycan Prezidenti İlham Əliyevin Xankəndidə keçirilən Şuşa Qlobal Media Forumunda söylədiyi çıxışdan bir hissəni təqdim edib. Həmin videoda İlham Əliyev Trampı “ABŞ-ın heç bir müharibəyə başlamayan və əksinə, müharibələrə son qoymağa çalışan yeganə prezidenti” kimi qiymətləndirib, həmçinin ABŞ liderinin Azərbaycan xalqı ilə ortaq fundamental dəyərləri paylaşdığını vurğulayıb.
Bizim.Media xəbər verir ki, bu hadisə İsrailin nüfuzlu KİV-lərində ciddi müzakirə mövzusuna çevrilib:
Walla – İsrailin aparıcı onlayn xəbər portallarından biri olan bu nəşr, Zamir İsayevdən sitat gətirərək Trampın sözlərinin mənasını və bu kontekstdə Azərbaycanın yəhudi icması üçün yaratdığı müsbət imici ön plana çəkib.
Maariv – Nəşr Azərbaycanın Vaşinqton–Bakı–İsrail üçbucağında potensial strateji ittifaqın formalaşmasındakı rolunu və Avropanın enerji siyasətində artan əhəmiyyətini vurğulayıb.
Kikar – Ortodoks yəhudi cəmiyyətinə xitab edən bu nəşr, Trampın xarici bir liderin çıxışını paylaşmasını “qeyri-adi addım” adlandırıb və bu jestin ABŞ Senatında Azərbaycanın İsrailə müttəfiq kimi baxılmasına təsir etdiyini qeyd edib.
Israel National News – Arutz Sheva (7-ci kanal) – Azərbaycanın geosiyasi mövqeyini gücləndirdiyini, İsrail və ABŞ üçün mühüm tərəfdaşa çevrildiyini qeyd edib.
Kol BaRama – İsrailin ŞAS partiyası ilə əlaqəli radio stansiyası isə ravvin Zamir İsayevdən sitat gətirərək Azərbaycandakı dinlərarası tolerantlıq və yəhudi icmasının çiçəklənməsi haqqında məlumat verib.
Qeyd edək ki, bu hadisə Azərbaycan diplomatiyasının beynəlxalq arenada qazandığı uğurları bir daha göstərdi. Xüsusilə Tramp kimi dünya səviyyəli siyasi fiqurun Xankəndidə səslənmiş bir çıxışı paylaşması və Azərbaycan liderinə bu qədər müsbət yanaşması Ermənistanda və Rusiyada narahatlıqla və paxıllıqla qarşılanıb.
Erməni və rus mediasında bu hadisəyə münasibət əsasən kritik və hədəfləyici ruhda olub.
Ermənistan tərəfi Azərbaycan Prezidenti İlham Əliyevin geosiyasi manevrlərini, beynəlxalq ictimaiyyətlə qurduğu əlaqələri və Qafqazda nüfuzunun artmasını qısqanclıqla izləyir.
Rusiyadan gələn bəzi ekspert rəylərində isə Azərbaycanın ABŞ və İsrail kimi güclü oyunçularla yaxınlaşması narahatlıq doğurur və regionda “tərəf dəyişməyə” işarə kimi dəyərləndirilir.
Əslində isə bu reaksiyalar Azərbaycanın müstəqil və çoxşaxəli xarici siyasətinin uğurlarını təsdiqləyir. İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan nəinki bölgədə, həm də qlobal miqyasda öz mövqeyini gücləndirir və tərəfdaşlarını strateji şəkildə seçərək dünya gücləri arasında balanslı əlaqələr qurur.
Bizim.Media