“Vətən Naminə” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Tünzalə Abduləlimovanın təşəbbüsü ilə şəhid ailələrinin bir araya gəldiyi növbəti görüş təşkil olunub. Görüşdə müxtəlif şəhər və rayonlardan olan şəhid valideynləri, yaxınları və ailə üzvləri iştirak ediblər.
QHT.az xəbər verir ki, görüş iştirakçılar arasında həmrəyliyin, vətənpərvərlik ruhunun qorunması, şəhid ailələrinin diqqətdə saxlanılması və onların ictimai həyatda fəal iştirakının təşviq edilməsi məqsədini daşıyıb. Tədbir zamanı şəhidlərin əziz xatirəsi yad olunub, ailələrə mənəvi dəstək göstərilib və onların problemləri dinlənilib.
Tünzalə Abduləlimova bildirib ki, belə görüşlər təkcə şəhid ailələrinə deyil, ümumilikdə cəmiyyətə vətən uğrunda canından keçənlərin unudulmadığını bir daha nümayiş etdirir:
“Biz onların ailələrinin yanındayıq və daim onların səsini cəmiyyətə çatdırmaqda davam edəcəyik.”
Pərvanə Fərhadqızı