Mingəçevir şəhərində sərxoş kişi Kür çayında boğulub.
Oxu. az xəbər verir ki, hadisə iyulun 29-da saat 23 radələrində Kür çayının şəhər ərazisindən keçən hissəsində baş verib.
Mingəçevir sakini, 1969-cu il təvəllüdlü Fikrət Yusifov sərxoş vəziyyətdə Kür çayına yıxılıb.
Köməksiz vəziyyətdə qalan F.Yusifov boğulub ölüb.
F.Yusifovun meyiti sudan çıxarılıb.
Təhlükəsizlik eksperti Orxan Musayev “Sherg.az”a bildirib ki, çimərlikdə baş verən faciələrin böyük əksəriyyətinin səbəbkarı insan faktorudur:

“Yəni qarşısı alına biləcək səhvlər ucbatından insanlar təhlükəli vəziyyətlə üz-üzə gəlirlər. Dəniz insanların dincəlməsini təmin edən məkanlardan hesab olunur. Lakin bu gözəllik qəfil insanların həyatına təhlüklər də yarada bilər. Bəzən insanlar dənizin təhlükəli tərəfinin olmasını unudurlar. Spirtli içki qəbul edərək suya daxil olmaq, uşaqları nəzarətsiz qoymaq, qadağan olunan ərazilərdə yuyunmaq hələ də adi davranış hesab olunur. İnsanlar yalnız nəzarət olunan və rəsmi şəkildə fəaliyyət göstərən çimərliklərdən istifadə etməlidirlər. Çünki bu məkanlarda Fövqaladə Hallar Nazirliyinin xüsusi xilasedici heyəti mövcuddur. Onlar hər hansısa fövqaladə hal baş verərsə, çevik şəkildə müdaxilə edirlər. Nəzarətsiz çimərliklərdə xilasedici xidmətin mövcud olmadığı üçün hər hansısa fövqaladə hal baş verərsə, insan həyatını xilas etmək mümkün olmur. Həmçinin nəzarət olunan çimərliklərdə isə suyun dərinlik dərəcəsi müəyyən olunub və ayaq altında insanlara xəsarət yetirəcək daşlar, daş qırıntıları və qayalar təmizlənir. Dənizə daxil olmazdan əvvəl hava şəraiti, küləyin gücü və dalğanın hüdürlüyü nəzərə alınmalıdır. Hətta peşəkar üzgüçülər belə metroloji faktorların təsiri ucbatından özlərini itirə bilirlər”.
Ekpert qeyd edib ki, maarifləndirici və təbliğat xarakterli işlər daha da gücləndirilməlidir:
"Yəni insanlar dalğa var üzmək olmaz kimi xəbərdarlıqlardansa bu dalğaların insan bədəninə olan təsirini bilməlidirlər. Eyni zamanda boğulma zamanı hansı prosesləri olunmalıdır barədə məlumatlı olmalıdırlar. İnsanlar çimərliklərdə qaydaları pozduqda həm ictimai qınaq, həm də inzibati qaydada cərimə tədbirləri görülməldir ki, bu davranışlardan çəkinsinlər. Boğulma hadisələrinin çoxu saniyələr içərisində səssiz və xəbərdarlıqsız baş verir. Yəni insanlar qışqırmır, suyun altında itirlər. Hər baş verən faciələrin təkrarlanmasına səbəb-ehtiyatsızlıq və heç nə olmaz düşüncəsidir”.
Kəmalə Vəliyeva