AZ

“Qərbi Azərbaycan irsi” kitabının I cildinin növbəti təqdimatı olub

Bakı, 30 iyul, AZƏRTAC

İyulun 30-da Şuşa Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan irsi: Ermənistanda azərbaycanlılara məxsus qəbiristanlıqların sistemli şəkildə dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və torpaqlarımızın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olmuş soydaşlarımızın xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra azərbaycanlıların Ermənistan ərazisindən deportasiyasına həsr olunmuş “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasından sənədli videoçarx nümayiş etdirilib.

Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov çıxışında deyib ki, son iki əsrdə Qafqazda azərbaycanlılara qarşı məqsədyönlü şəkildə həyata keçirilən etnik təmizləmə və soyqırımı siyasəti nəticəsində xalqımız ağır məhrumiyyətlərə, faciə və müsibətlərə məruz qalıb. Bu qeyri-insani siyasət nəticəsində azərbaycanlılar indi “Ermənistan” adlandırılan ərazilərdən - min illər boyu yaşadıqları doğma torpaqlardan didərgin salınıb, kütləvi qırğın və qətliamlarla üzləşiblər. Minlərlə tarixi-mədəni abidə və yaşayış məskəni dağıdılıb, viran qoyulub. O qeyd edib ki, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə Qərbi Azərbaycan həqiqətləri ilk dəfə dövlət səviyyəsində gündəmə gətirilib, məsələyə hüquqi və siyasi qiymət verilib. Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasında ziyalılarla görüşü zamanı səsləndirdiyi çıxış isə xalqımızın öz doğma torpaqlarına qayıdacağına inamı daha da gücləndirib.

Kitab haqqında ətraflı məlumat verən Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının üzvü Günay Ağamalı bildirib ki, Qərbi Azərbaycan ərazisində azərbaycanlıların tarixən yaratdıqları dövlətçilik ənənələri, maddi və qeyri-maddi mədəni irs, eləcə də məruz qaldıqları ədalətsizliklər və cinayətlər müasir elmi yanaşmalar əsasında araşdırılır. Nəticədə “Qərbi Azərbaycan irsi” tədqiqatlar seriyasının birinci cildi ərsəyə gəlib.

Qeyd olunub ki, kitabda bir vaxtlar Qərbi Azərbaycan ərazisində mövcud olmuş məscidlər, məktəblər, körpülər, qəbiristanlıqlar və digər maddi-mədəni irs nümunələrinin ermənilər tərəfindən dağıdılması sənədlərlə əks olunub. Bu faktlar təkcə bir xalqın yaddaşının, kimliyinin və tarixinin silinməsinə yönəlmiş vandalizmin sübutu deyil, həm də gələcək qayıdışın ideoloji bazasını təşkil edir.

Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin üzvü Zahid Cəfərov çıxışında vurğulayıb ki, fundamental hüquqları pozulmuş və doğma yurdlarından zorla çıxarılmış soydaşlarımızın öz torpaqlarına təhlükəsiz, ləyaqətli şəkildə qayıdışı Azərbaycanın prioritetləri sırasındadır.

Digər çıxış edənlər belə tədqiqat toplularının beynəlxalq ictimaiyyətə təqdim olunmasının vacibliyini vurğulayıblar. Diqqətə çatdırılıb ki, nəşr həm tarixi ədalətin bərpasına, həm də gələcək nəsillərin yaddaşında Qərbi Azərbaycanın zəngin irsinin yaşadılmasına xidmət edir.

Seçilən
10
1
azertag.az

2Mənbələr