AZ

Şirin Fərhadı niyə qurban verdi? - Xosrovun ölüm planı və oğlunun qılıncı

Kulis.az Fərid Hüseynin "Aqibətnamə"yeni yazısının növbəti hissəini təqdim edir.

Əvvəli burada

"Daşa toxunan şüşə

(Məhinbanunun ölümü)

Məhinbanu dünyadan köçməsini, ruzigarının sonunun yetişdiyini hiss edəndə qardaşı qızı Şirini yanına çağıraraq ona tapşırır ki, cavanlıqdan onun ömür payına nə düşübsə, həyatın həmin hissəsini dünyadan alsın. Çünki insan bəzən cavanlığını ürəkdolusu yaşaya bilmir və belə olan halda Adəm övladının ömrünün həmin dövrü sanki yaşanmamış kimi qalır. Qardaşı qızına daim şux, qəm yemədən, nisgilsiz, qayğısız yaşamağı tapşıran Məhinbanu həm də ona ədalətli rəhbər olmağı tövsiyə edir. Ədalətsizlik olan yerdə ömür də bada gedir, nəinki ictimai, heç şəxsi xoşbəxtlik də yetərincə olmur.

Məhinbanu ölümü ilə - aqibəti ilə barışır, ona görə də son dərəcə ümidsizdir. Müəllifin təbirincə, ümidsizlik kiminsə qulağından tutubsa, deməli, artıq həmin adam daha xilas yolunu çoxdan unudub. Nizami bu məqamda canı şüşəyə, ölümü isə daşa bənzədərək "elə şüşə yoxdur ki, daşa dəyəndə sınmasın" yazır.

Müəllif həm də dünyadan ayrılmağı əlin qaşınmasına bənzədir. Əl gicişəndə əvvəlcə onu qaşımaq adama xoş gəlir, sonrasa qaşınan yer daha da acışır, həmin yer sanki getdikcə alovlanır. İnsan dünyada nə qədər çox mal-mülk toplayırsa, əvvəlcə sevinir, xoşhallanır, cahanın ləzzətindən xumarlanır, belədəsə onun dünyadan ayrılmağı çətinləşir, sonrasa mal-mülk (onları dünyada qoyub getmək azarı) acı loğma kimi onun boğazında tıxanır.

Mal-mülk, var-dövlət həm də insanın ətrafındakı etibarlı insanların sayını azaldır, eyni zamanda sərvət yiyəsi çoxlu tamahkarların əhatəsində olduğunu duyduğuna görə, əksər insana etibarını itirir. İnsanlara etibarı olmayan adam isə dünyadan asanca ayrıla bilmir, çünki bir ömür boyu yığdıqlarını qoyub gedəcəyi inamlı bir kimsəsi yoxdur.

İnsan çətinə düşəndə ona daha ağrılı sınaqlar üz verir. Bu çətin, məşəqqətli durumu Nizami belə izah edir: "Maral şirdən qaçanda ayağının altındakı otların hər biri qılınca çevrilir". Məhinbanu da əcəlin əlinə düşür, ölüm onu haqlayır, daha vurnuxmağın, nəm-nüm eləməyin yeri deyil, gərək real vəziyyətlə barışasan. İnsan son anında, axır məqamında çox zaman qəmlənir, yaşadığı şirin, xoş günlər onun yadına düşür, gözəl anların qiyməti gözlərində daha da artır, qəmli saatlar, müşküllü anlar isə onu daha çox incidir. Çünki insan əksərən axır anında dünya nemətləri üçün yediyi qəmlərə görə peşman olur. Düşünür ki, əgər həyatda heç nə əbədi deyilsə, bəs qüssə nə üçün daimi olsun? İnsan gərək bu dünyada hər şeyi ayırd, saf-çürük eləməyə çalışmaya, yaxşı-pisin asanca üzə çıxacağı aqibət gününü səbirlə, təmkinlə gözləyə.

Ölüm anındasa çox şey keçidsiz, birbaşa olur. Ona görə də Məhinbanu şahlıq taxtından qəfildən qara torpağa qismət olur. İnsan çox zaman yanılır: zənn edir ki, ölüm pilləlidir, mərhələlidir, eynən həyat kimi, fəqət, çox zaman belə olmur, ölüm insanı qəfil haqlayır, ani olur. Bu baxımdan ölüm haqqında düşünərkən vaxt bölgüsü aparmaq böyük yanlışdır. Bu yanlışdan xilas hər kəsə, xüsusən də, daim həyatında iş bölgüsü aparan şahlara, vəzifə sahiblərinə nəsib olmur. Məhinbanu da ölkə rəhbəridir və məlum aqibət onu da haqlayır. İsa Məsihin məşhur fikri var: "Bu dünyada birinci olanlar, o dünyada axırıncı olacaqlar". Oxşar düşüncəni əsərin bu hissəsində Nizami də dönə-dönə xatırladır:

Kimin ki yaşayışı dərdli-qəmlidir,

Ölən vaxtda çıraq kimi gülür.

Çiçəyi üzəndə sanki çiçək onu üzən əllərə tərəf əyilir və elə bil onu üzənin əlindən öpür. İnsan da belə olmalıdır: əcəl yetişəndə taleyin əlindən öpməyi bacarmalıdır. Əgər bunu bacarmırsa, həmin adamın dünyadan qopmaq ağrısı daha çox olacaq, özünə daha çox əziyyət verəcək. İnsan taleyini, son aqibətini qəbul edərsə, ölümlə və özü ilə barışmaq onun üçün daha asan olar...

Dərd yorğunları

(Məryəmin ölümü)

Necə ki Fərhad öləndən sonra Xosrov Şirinə başsağlığı məktubu göndərir, eləcə də Məryəm dünyadan köç edəndən sonra Şirin Xosrova kinayəli, ikibaşlı namə yazır. Rum qızı olan Məryəm Xosrovla izdivac bağlayanda aralarında şərt kəsilir ki, Xosrov ölənə qədər öz arvadına sadiq qalacaq və onun üstünə zövcə gətirməyəcək. Lakin günlərin birində Şirinin eşqi ilə köksü yanan aşiq Xosrov ömür-gün yoldaşı Məryəmə təklif edir ki, Şirinin saraya gəlib yaşamasına razılıq versin. Məryəm Xosrova bağladığı əhdi xatırladır və deyir ki, əgər Şirin saraya gəlsə, o, İranı tərk edib Ruma - öz ata-baba yurduna qayıdacaq.

Dedi-qoduçuların sözlərinə görə, Şirin Məryəmin yeməyinə zəhər qatdırır, amma ikinci ehtimal kimi Nizami onu da yazır ki, düzünü bilmək istəsəniz, o, zəhərdən yox, himmət bəlasına (himmət burada dua, saf adamın ahı, qarğışı mənasındadır - red.) gəldiyi üçün qəhr oldu. Bu ölümdə, hər halda, Şirinin də əli olur, çünki Nizami əsərin həmin hissəsində "dünyanın əvəz verməkdə məşhur olduğunu" xüsusi olaraq qeyd edir, bununla da Şirinin haçansa etdiyinin cavabını dadacağına eyham vurur.

Beləcə, Xosrov Fərhadı, Şirin Məryəmi aradan götürür və sonda dünya onlardan qisas alaraq hər iki aşiqi əbədi ayrılığa - fərağa, ömürlük möhnətə düçar edir. Kim başqasına hansı cəzanı verirsə, qisas almaq üçün həmin şəxsə həmin haqqı tanımış olur. Öldürən özünü öldürülməyə, aldadan özünü aldadılmağa məhkum edir. Sadəcə, insanların əksəri özünü mühakimə edə bilmir deyə, dünyada hakimlərə, əməlləri dəyərləndirən qazılara, məhkəmələrə ehtiyac var. Ən böyük hakim isə Yaradandır və o, insanı öz aqibəti ilə mühakimə edir.

Şirin Məryəmin ölümündən sevinir, çünki Xosrovla aralarındakı maneə daha yox olub, qaratikan kolu quruyub, amma həm də bu aqibətə görə kədərlənir və belə bir günün haçansa onun üçün də olacağını istisna etmir.

Şirin Xosrova ünvanladığı məktubunda kinayə ilə qarşı tərəfə yazır ki: "Onsuz da, şahlar hər şeydən tez doyurlar, ölənin dərdindən də tezcə yorulub başqa bir gözəli bağrına basarsan, qurbanlığın qurban olmasına heyfsilənməyə dəyməz, qoy o, gözündən iraq olduğu kimi, könlündən də uzaqlaşsın, sən ləlsən, ləl isə taysız olanda qiyməti artır, başqa quşlarla özünü müqayisə eləmə, sən simurqsan, simurq quşu isə yalnız olur, bir gül solanda qəmlənməyə dəyməz, novbaharı fikirləşmək lazımdır". Bu məqamda Şirin həm də Məryəmlə Xosrovu ancaq diplomatik əlaqələrin bir-birinə bağladığına işarə edir, bir növ: bu evliliyin siyasi mahiyyət daşıdığını diqqətə çatdırır. Adətən, bu cür evliliklərdə ölüm tərəflərdən birinin yaxasının digərinin öhdəliklərindən xilas olmasına səbəb olur. Fərhadın ölümündən sonra Xosrovun Şirinə yazdığı məktubdan o nəticə hasil olur ki, bir qiymətli insan ölübsə, ona ağlayıb gözlərini kor eləmə, əksinə, gözlərini daha iri aç və başqa bir dəyərlini tapıb xoşbəxt ol. Yəni, bir növ, həyatdakı heç bir münasibətin əbədi olmadığını, həm də Şirinin dəyər verdiyinə münasibətdə mövqesizliyin onun üçün ən uyarlı çıxış yolu kimi təqdim edərək sanki qarşı tərəfi alçaldır, onun mənəviyyatsızlığını göstərir.

Məktubunda Şirin özünü diplomatik evliliklə həqiqi xoşbəxtlikdən məhrum edən Xosrovun, arvadının vəfatını dərdlə qarşılamasının riyakarlıqdan başqa bir şey olmadığını bildiyini diqqətə çatdırır. Şirinin Xosrova verdiyi tövsiyələrdən belə anlaşılır ki, o, riyakardır, ona görə də dərdini elə riyakar kimi də çəkməlidir, həqiqi aşiq rolundan imtina etməli və bu ölümdən həyatın onun üzünə açdığı bəxt qapısı kimi yararlanmalıdır. Yəni, həyata münasibətdə özü ola bilməyən, həqiqi kimliyini ortaya qoymaqda aciz biri, barı ölümə münasibətdə necədirsə, elə olmalıdır. Bunu Şirin ona görə yazır ki, Xosrov arvadı öləndə sevindiyi halda, ictimai qınaqdan çəkindiyi üçün aylarla qara libas geyərək taxtda oturur.

İki məktubdan söhbət getmişkən, Nizaminin təbirincə, belə bir müqayisə apara bilərik: "Fərhadın ölümündən sonra Xosrovun Şirinə yazdığı məktub əgər kəsəkdirsə, Məryəmin ölümündən sonra Şirinin Xosrova yazdığı məktub daşdır. Yəni kiməsə kəsək atan ona tullanacaq daşın intizarında olmalıdır".

Əsərin bu hissəsində Şirinin nazlanması, Xosrovun da ona dəyər verməkdə ehtiyatlanması, qarşı tərəfin ayağının yer alacağını düşünməsi onu göstərir ki, onların arasında hələ böyük mənada ülvi məhəbbət yoxdur, sadəcə hələlik hər iki tərəf özünə sərf edəcək uyğun vəziyyətin yaranacağı əlverişli məqamı gözləyir.

Xosrov və Şirinin eşqi ancaq izdivacdan sonra tam mənada ali mərtəbəyə qalxır. Çünki ona qədər hər ikisinin eşqi kamilləşməyib, qarşılıqlı şəkildə təkəbbür nümayiş etdirir, şəxsiyyətləri barədə ziddiyyətli qənaətlərə gəlməyimizə imkan yaradan naqis əməllər törədirlər. Həm Məryəm, həm də Fərhad sadəcə qurbandırlar, onlar iki aşiqin vüsal yoluna çıxıblar, lakin dərin düşünsək, buna görə ölümlə cəzalandırılmağı haqq etmirlər. Sadəcə, o qədər pakdırlar ki, bu günahsızlıq onları həddən artıq gücləndirir. Onların öldürülərək rəf olunması Məryəm və Fərhad haqqındakı ən ağır qərardır. Ancaq bu qərar o dövrün, zəmanənin təbiətinə uyğundur, çünki yaşadıqları cəmiyyətlərdə insani münasibətləri əsasən dini qaydalar tənzimləyir. Dini qaydalara görə isə andı pozmaq, əhdi qırmaq yolverilməzdir. Xosrov Məryəmdən başqa heç bir qadınla izdivac bağlamamaq üçün and içib, Allahla əhd bağlayıb, Şirin Bisütunu yarıb bitirəcəyi təqdirdə Fərhadla daha da yaxınlaşacağı labüddür. Xosrov və Şirin verdikləri sözdən, bağladıqları əhddən keçə bilmək üçün ancaq ölümü qarşı tərəf üçün dəfetmə yolu seçirlər. İki ölüm (Məryəm və Fərhadın dünyadan köçməsi) - iki aşiqi ayırır. İki ölümün nəticəsi kimi qovuşmuş Xosrovu və Şirini sonda bir ölüm (Xosrovun qətli) cismani ayırır və əbədi qovuşdurur!

İnsanlar həyatda qılınclarını hər dəfə dara düşəndə qınından çıxarırlar, əcəl isə bircə dəfə silahını sıyırır və bədənləri ruhdan məhrum edir...

Peşəkarların düşməni olmur

(Bəhram Çubinin ölümü)

"Xosrov və Şirin" əsərində "taxtı tabuta dönmüş"Bəhram Çubinin ölümü haqqında ayrıca bir hissə yer alır. Nizami Bəhram Çubini əzəmətli bir cahangir, cəsur bir türk sərkərdəsi olaraq təsvir edir. Rum qeysərinin hücumu ilə Bəhramın üzərinə gələn Xosrov qələbə çalır. Nizami bu vuruşu rumlu ilə türk arasında olan döyüş kimi təsvir edir: "Türklərin o qovğasında türk neyinin (şeypurunun) səsi ucalmışdı. O səsdən türklərin boğazı qurumuşdu".

"Xosrov və Şirin" əsərində Bəhram Çubin Xosrovun atası Hürmüzün dövründə Sasani qoşununun sərkərdəsi idi. Nizami yazır ki, Xosrov atasının qorxusundan Azərbaycana qaçdı və Ərməndə Məhinbanunun yanında ikən atasının ölüm xəbərini gətirən qasid onun yanına çatdı. Şah taxtına yaxın olan adamlar ona belə bir məktub göndərmişdilər: "Tez gəlməyə tələs. Taxt əldən gedir". Xosrov öz paytaxtına yola düşüb taxta əyləşdi. Vilayəti fitnədən azad elədi və ədalət göstərdi. Qoşun başçısı olan Bəhram Çubin Xosrovun taxta oturmasını eşidib özü hakimiyyət həvəsinə düşdü və belə bir şayiə yaydı ki, Xosrov öz atasının gözlərinə mil çəkdirərək onu öldürüb. Atasını öldürən bu adamdan şah olmaz. Meyi, nəğməni ölkədən çox sevir. Belə bir hiylə ilə çoxbilmiş Bəhram xalqı Xosrova qarşı qaldırdı. Xosrov Pərviz taxt üstündə gedən o qovğadan özünü Azərbaycana, Muğana çatdırdı. Bəhram Çubin bir ilə (590-591) yaxın Sasani taxtında oturdu. Xosrov tezliklə qoşun yığıb, həm də Şirinin öyüd-nəsihəti ilə Bəhram üzərinə hücum çəkib onun hakimiyyətini devirdi. Bəhram Çubin Türk xaqanlığının yanına qaçdı və orada öldürüldü. "Bəhram yağılıq edib zor işlətdiyindən dünya onu - Bəhramı gur kimi yıxdı. Xudbin adamın sınmadığı görülməmiş hadisədir. Bəhram Xosrovdan üz çevirdiyindən düşmənlər kimi kam alıb, nakam oldu!"

Atasının ölüm xəbəri Xosrova çatanda o, bərk məyus olur, baxmayaraq ki onlar düşmən idilər və aralarında qanlı savaş baş vermişdi. Hətta Xosrov üç gün - gecə-gündüz bu ölümün qüssəsinə dalaraq özünə qapanır, heç yana çıxmır. Bəs düşmən üçün bu qədər qəm çəkməyin mənası nədir? Hər ağıllı adam, hər aqil insan gərək öz düşmənini güzgüsü hesab edə, onun zəif cəhətlərinə baxıb onları təkrarlamaya, əksinə, güclü tərəflərinə nəzər yetirib onları aşmağa çalışa.

Bəhram Çubin zalım, qəddar olsa da, qüdrətli sərkərdə sayılırdı. Xosrov düşünür ki, əgər o özü bu qədər güclüdürsə, atası hakimiyyəti illərində (579-590) bunca parlaq zəfərlər qazanıbsa, bunun bir səbəbi də onun güclü düşməninin olması - Bəhram Çubinin mövcudluğudur. Çünki güclü düşmənlə savaşan qüdrətli olmağa və daim səfərbər qalmağa məhkumdur. Əgər dillərə dastan olan qələbə qazanmaq istəyirsənsə, gərək qarşı tərəf də - düşmənin də cahana öz adını parlaq hərflərlə yazdırmış olsun. Xırdalar, acizlər üzərində zəfər çalmaqla böyümək mümkünsüzdür, gərək düşmənin iti zəkalı, dərin dərrakəli ola ki, onu üstələmək üçün sən də zəngin biliklər sahibi, döyüş üsullarına bələd olan mahir sərkərdə kimi tarixdə iz salasan.

Bu, Xosrovun öz düşməni Bəhram Çubinə verdiyi dəyərdir, bəs dünyanın cahanda bu cür ad çıxarmış hökmdara biçdiyi qiymət donu nədən ibarətdir?

Zəmanə bizi ağacla döyəcləyəndə

Fələk Bəhram üçün çubuq döyürdü.

Bizim bəxtimizin ağacı bar verəndəsə

Çubinin ayı Şərqdə çubuğa döndü.

Yəni bu dünyada nə zillət, nə də üstünlük əbədidir. Bir zaman dünya Bəhramın qarşısına qırmızı xalı sərir, bəxt üzünə hər an gülürdü, ancaq dünyanın üzünün ondan döndüyü andaca hər şey tərsinə çevrilir. "Çıraq yağdan nur alır, amma yağdan da sönür. İnsan dünyadan qüdrət alır, ancaq dünya insanı qüdrətindən məhrum edir". Dünya insanı ucaldır, həm də sonda axırına çıxır. İnsanın tamahını artıran təkcə öz nəfsi deyil, həm də bəxtin onun üzünə gülməsi, cahanın cürbəcür imkanlarını onun önündə taybatay açmasıdır. Bəxt üzə güldükcə, insan şahin kimi qanadlarını daha geniş açır, daha iri şikar üçün daha ucalığa şığıyır, get-gedə onda daxili əminlik yaranır ki, hər şey yolundadır və onun qarşısını alacaq qüvvə yoxdur.

Fələk nə qədər ki, ona cahanda yar idi,

O, cahangirlik təmənnasında idi.

Əslində, bu dünyada alınan, satılan əsasən bir şey var: Torpaq. İnsan bütün maddi imkanlarını səfərbər edərək dünyada daha çox yer almağa çalışır. Böyük evlər, mülklər, xanələr və sair. İnsan yaşamaq, yaxud var olmaq üçün daha çox yer əldə etmək istəyir. Bəşər övladı ətrafındakı insanların nüfuzlu mövqelərə yerləşməsini, ali məqamlarda çalışmasını istəməsi də torpaq sevgisi ilə bağlıdır. İnsan yaxın ətrafındakı adamların haralardasa yerləşməsini həmin yeri tutması kimi qavrayır, fiziki olaraq dərk edir. Bu həm də şüuraltı istəkdir. Bəhram Çubin dünyada ayrı-ayrı yerləri tutduqca cahanı zəbt etdiyini düşünür, ölümsə ona qoynunda sadəcə biradamlıq yer verir.

Nizami Bəhramın qüsurlarını ümumi öyüd kimi sadalayır:

- Çox yemə ki, xörək ağzında murdara, xurma ağzında tikana çevrilməsin.

- Tülkü ona görə qurda şahlıq edir ki, tülkü tələni görür, qurd isə balığı.

- Xam tədbir görənin sinəsini qızıl-gümüş yox, ox bəzəyər.

- İnsan yalnız öz peşəsi ilə öyünməlidir, əldə etdikləri ilə yox.

- Həsir toxuyan zərli parça toxuya bilməz - hər kəs bildiyi işin üstünə düşsün.

- Özgələrin gümüşü ilə öz evini bəzəyənin xanəsi gec-tez xarabaya çevrilər.

- Öz eybinə bir cüt gözlə, başqasının paxırına yüz cüt gözlə baxma, aynanın hünəri odur ki, o, gözəlin də, çirkinin də sirrini özündə saxlayır, heç birinə heç nə demir.

- Xam oyunçunu udmaq çətindir, çünki o, ağılla gedişlər etmir, ona görə də zəif düşməni gərək xor görməyəsən.

Bu öyüdlər içərisində belə bir əhvalat da yada salınır. Deməli, avam adamların arasında adı dəli kimi anılan biri varmış. Həddi-büluğa çatmamışlar onunla dava edəndə o, dərhal böyüklərə daş atarmış. Bu hərəkətinin səbəbini soruşandasa o deyərmiş ki, böyüklər uşaqların əməlinə gülməsələr, uşaqlar ürəklənib pis iş tutmazlar. Bəzi hökmdarlar da belədir, onlar özlərindən vəzifəcə kiçiklərə ayaq verməklə uşaq-muşağı aqillərin üzərinə qaldırırlar. Bəhram da hakimiyyətində bu cür naşılıqlara yol verdiyinə görə nəhayətdə cəzasını aldı.

Dünya insanı naşı böyüklər kimi pis işlərə həvəsləndirir, biz öz əməllərimizlə axirətimizi daş-qalaq edir, həqiqi dəyərləri alçaldırıq. Həqiqi dəyərləri yerbəyer edən ölümsə daşı böyüklərə tullayır.

Bəhramın ölümü nəticəsində onun bütün günahları üzə çıxır, naqis cəhətləri qabarıq şəkildə nəzərə çarpır. Nizami göstərir ki, həyat insanı gizlədən, ölüm isə iç üzləri açandır. Ölərkən bizi müdafiə edən olmayacaq, elə yaşamaq lazımdır ki, əməllərimiz bizim vəkillərimiz olsun, iddiaçımız yox...

Dağa dönmək

(Fərhadın ölümü)

Şirin Fərhadı görmək üçün onun yanına gedir. Bu görüşün əsas səbəblərindən biri Bisütun dağının çapılmasına tamaşa etmək və oradan çəkiləcək su (süd) arxı ilə bağlı görülən işlərlə tanışlıq idi. Amma eyni zamanda eşq yolunda Fərhadın hansı əzablara qatlanması da həmin görüşdə üzə çıxır. Şirin görüş zamanı Fərhada süd camı verir. Xosrov isə Şirini güdmək, izləmək üçün mindən artıq xəbərçi tutur ki, Şirin ayağını hara qoysa, dərhal ona bu barədə məlumat versinlər. Əlbəttə, Fərhadla Şirinin görüşünü Xosrova bildirəndə o sanki dəliyə dönür. Həm də xəbərçiləri Xosrova onu da deyirlər ki, Fərhad dağı elə çapır, sanki daşlar toza çevrilir, elə bil o, daşların əlindən sərtlik xasiyyətini alıb. Əgər belə getsə, bu şücaətinə görə Şirin onunla izdivaca razılıq verəcək. Necə ki tərəzi üçün fərqi yoxdur, onun gözlərinə qoyulan qızıldır, yoxsa arpa, tərəzinin gözünə arpa çox qoyulsa, onun həmin tərəfi arpaya sarı əyiləcək, qadınlar da belədir, onlar ən dəyərlini yox, ən çox olanı seçirlər. Bu, Fərhadın qənaətidir.

Nizami yazmır ki, Xosrov bu vəziyyətdən çıxmaq, rəqibini aradan götürmək üçün müdrik qocanı yanına çağırıb ondan məsləhət soruşdu, yazır ki, fərasətli bir qocadan məsləhət aldı. Çünki müdrik adam kiməsə şər yol göstərməz, amma fərasətli biri öz məqsədi üçün başqasına əyri yolu nişan verə bilər. Həmin fərasətli qoca Xosrova çıxış yolu olaraq Şirinin ölüm xəbərini Fərhada çatdırmağı tövsiyə edir. Beləcə, Xosrovun göstərişi ilə bir zabitəli adam tapıb onu qorxudur və pul verirlər ki, get bu yalanı - Şirinin dünyadan vaxtsız köçməsini Fərhada çatdır. Həmin zabitəli adam xəbəri Fərhada deyən kimi Fərhad dağın başından dağ kimi yerə aşıb ölür. Nizami bu ölümlə mənəviyyatlı insanın zərifliyini göstərir, bir tərəfdən dağlar yaran bir insan, yeri gələndə, eşitdiyi bircə sözdən ölür. Və Nizami yazır ki, dünyada heç nəyin gücü yoxdur, dağ nə qədər dözümlü olsa da, gec-tez qum olub düzə dağılır. İnsan da belədir. İnsanların sevdikləri kəslər onların zəif yerləridir, Nitsşenin təbirincə, insanı gücləndirən nədirsə, onu gücdən salan da odur, əgər bədənin ağırlığı olmasa, cismimiz pambıq qədər yüngül olsa, onda yıxılmaq bizə heç nə eləməz. Yuxuda heç bir zərbədən bədənimiz ağrımır, çünki yuxuda bədənimizdən arınırıq. Bizə həzzlər verən bədənimiz həm də əzablarımızın mənbəyidir. Fərhada dağ yardıran, qayaları toza döndərmək gücü verən eşq, bircə anda onun cüssəli bədənini süst salır, onu dağın başından yerə sərir. Nizami Xosrovu nə qədər öysə də, "eşqdə Fərhad olmaq gərək" yazır. Xosrov Fərhadı öldürməklə, əslində, özünü də öldürür. Çünki özgəsi üçün hansı pisliyi edirsənsə, həmin pisliyin başqası tərəfindən sənə olunmasına irəlicədən haqq qazandırırsan. Xosrov sevdiyi qadını əldə etmək üçün hiylə ilə Fərhadı öldürür, oğlu Şiruyə də hiylə ilə onu aradan götürür. Xosrov Fərhadı ən uzaqdakı adam vasitəsilə öldürtdürür, özü isə ən doğma bildiyi oğlunun əli ilə aqibətinə qovuşur. Beləcə, hər bir günah öz qisasını doğurur. Nizami açıq yazır ki, hər kim ki başqasına pislik eləsə, həmin pislik mütləq bir gün onun özünə qayıdacaq. Fərhad ölür, ancaq onun aqibəti elə Xosrovun axır gününün səbəbkarı olur.

Bu hadisədən - Fərhadın ölümündən sonra Xosrov Şirinə məktub yazaraq ona ürək-dirək verir, səbir arzulayır, ancaq xeyli ikibaşlı fikirlər də dilə gətirir. Yazır ki, sən səhərsən, o, çıraq, çıraq gərək səhərdən qabaq sönə. Bədirlənmiş Ay yerindədirsə (Şirin sağdırsa), Hilalın bölünməyindən (Fərhadın ölümündən) ziyan yoxdur. Və riya dolu bu məktub Xosrovu Şirinin gözündən salır, çünki bu namədən aydın görünür ki, Xosrov eşq amalına bütün vasitələrə əl ataraq çatmaq istəyir, onun üçün keçdiyi yolun necəliyi vacib deyil, eyni zamanda o, sevdiyinə xüsusi tərzdə yanaşır, amma ona əziz olan hər şeyəsə ümumi. Bu cəhət isə aşiqi məşuqun gözündə kiçildən amildir. Beləcə, Fərhadın həyatı onu mənəvi ucalıqlara, yüksəkliyə qaldırır, Xosrovunsa ölümü. Fərhad da ölür, Xosrov da ölür, Şirin də ölür, Şiruyə də ölür, bəs qalan kim, yaxud nə olur? Qalan Bisütun dağı olur, çünki o, yaralıdır, məhəbbətlə vurulan zərbələr onun köksünü dəlib. Fərhadın yarımçıq taleyi, Xosrovun nakam ölümü, Şirinin ağrılı sonu Bisütun dağının köksündə tarixə dönüb. O dağ dünyanı simvolizə edir, çünki dünya yaraları sağaltmır, yaşadır. Eynən eşqin qüdrəti ilə Fərhadın qopardığı qaya parçalarının yeri kimi...

(Ardı var)

Seçilən
2
kulis.az

1Mənbələr