“Toyota Motor” 2025-ci ilin birinci yarısı üçün avtomobillərin satışı və istehsal həcminə dair məlumatları dərc edib. İlk altı ayda Yaponiya konserni 5.16 milyon avtomobil satmağa nail olub. Bu, ötən illə müqayisədə nəinki 5.5% çoxdur, həm də şirkət üçün ümumi rekorddur.
Satışların artmasına Donald Trampın ilin əvvəlində elan etdiyi tariflər töhfə verib, belə ki, ABŞ prezidentinin tətbiq etdiyi yeni idxal rüsumları səbəbindən alıcılar qiymətlər qalxmazdan əvvəl avtomobil almağa tələsib.
Bundan əlavə, rekord satışlara hibrid avtomobillərə yüksək tələbat kömək edib. Altı ayda konsernin satdığı 5.1 milyon avtomobilin demək olar ki, yarısı (43%) hibrid olub.
Bu ilin ilk altı ayında “Toyota” dünya üzrə 4,9 milyon avtomobil istehsal edib ki, bu da illik müqayisədə 5.8% çoxdur, Yaponiyanın özündə isə istehsal təxminən 20% artıb.