UNESCO-nun yeni hesabatına görə, iqlim dəyişikliyi ilə bağlı erkən yaşda ekstremal istiyə məruz qalan uşaqların təhsil həyatında ciddi itkilər baş verə bilər. Belə ki, hesabatda bu uşaqların 1.5 ilə qədər məktəb təhsilindən geri qala biləcəyi vurğulanır.
AzEdu.az xarici mənbədən aldığı məlumata əsasən xəbər verir ki, hesabat UNESCO-nun Qlobal Təhsil Monitorinqi (GEM) qrupu, MECCE layihəsi və Kanadanın Saskatchewan Universitetinin birgə tədqiqatı əsasında hazırlanıb. Mənbədə bildirilir ki, iqlim dəyişikliyi təkcə ətraf mühiti deyil, həm də təhsil sistemlərini təsir altına alır. Havanın temperaturu artdıqca, məktəbə davamiyyət azalır, təhsil performansı zəifləyir və xüsusilə qız uşaqları arasında məktəbdən ayrılma halları çoxalır.
UNESCO bu tendensiyaya qarşı təhsil sistemlərində iqlim dəyişikliklərinə adaptasiya imkanlarının artırılmasını, həmçinin məktəb infrastrukturunun bu dəyişikliklərə uyğunlaşdırılmasını tövsiyə edir. Məqsəd — iqlim böhranının təhsildə yaratdığı uçurumu dərinləşdirməməkdir.