Bakı, 30 iyul, AZƏRTAC
NASA Mars, uzaq qalaktikalar, qara dəliklər və digər tədqiqatlarını davam etdirərkən, “Artemida” proqramı vasitəsilə Ayın səthinə ilk ekipajlı missiyanı hazırlayır.
AZƏRTAC kosmik agentliyin məlumatına istinadla xəbər verir ki, 1958-ci ildə yaradılan NASA 1969-cu ildə ilk ekipajlı missiyanı Aya göndərib, Marsda həyat əlamətlərinin axtarışı üzrə kosmos elminə böyük töhfələr verir. Agentlik hazırda həyat əlamətləri tapmaq üçün Marsı tədqiq edərkən, həm də müxtəlif zondlar və teleskoplarla kosmosu, Günəşi müşahidə edir.
NASA-nın 1972-ci ildə “Apollon 17” missiyası ilə başa çatan proqramının bir hissəsi olaraq, on iki astronavt Ayın səthinə ayaq basıb. Agentlik indi - 53 ildən sonra yenidən Aya astronavt göndərməyə hazırlaşır.
“Artemida I” missiyası insanların Ayın səthində gəzməsindən təxminən yarım əsr sonra gündəmə gələn eyniadlı proqramının birinci mərhələsidir və onun çərçivəsində 2022-ci ilin noyabrında ekipajsız zond buraxılıb. “Orion” kosmik gəmisi Ayın ətrafında 25,5 gün dövr edib və dekabrın 11-də Sakit okeana düşüb.
Növbəti, “Artemida II” missiyası ekipajlı olacaq. Dörd astronavtdan ibarət komanda Ayın orbitinə çatacaq və onun səthinə enmədən Yerə qayıdacaq. Təxminən 10 gün davam edəcək missiya “Orion”un həyat dəstəyi sistemlərini və Aya 10,300 kilometrlik səyahət üçün manevr qabiliyyətini sınaqdan keçirmək məqsədilə 2026-cı ilin aprelində baş tutacaq.
“Artemida III” missiyası astronavtları ilk dəfə kəşfiyyat üçün Ayın cənub qütbünə aparacaq. Bu proqram gələcəkdə insanları Marsa aparacaq uzunmüddətli kosmik missiyaların əsasını qoymağa yönəlib.
NASA artıq bir müddətdir ki, Marsda həyat əlamətlərini axtarır. İlk kəşfiyyat proqramlarından biri olan “Mariner” seriyası 1962-1973-cü illər arasında Merkuri, Venera və Marsa ekipajsız missiyaları əhatə edirdi.
“Mariner 9” missiyası ilk dəfə bir kosmik gəminin Marsın orbitinə çıxması idi. Missiya ən hündür vulkanların və böyük kanyonların kəşfinə gətirib çıxardı. Bu, əvvəllər Marsın səthi ilə bağlı təsəvvürləri alt-üst etdi, çünki o, Ayın səthinə bənzədilirdi.
Mars kəşfiyyat aparatları “Curiosity and Perseverance” Qırmızı planetin torpağını araşdıraraq orada vaxtilə suyun olub-olmadığını öyrənib. 2012-ci ildə Marsa enən “Curiosity rover” su izlərini axtararkən planetin iqlim şəraiti haqqında məlumat toplayıb, 2021-ci ilin fevralında Marsa enən “Perseverance rover” isə nümunələr toplamaqda davam edir. Mütəxəssislər deyirlər ki, bu nümunələr keçmişdə Marsda mikrob həyatının olub-olmamasına cavab verə bilər.
NASA kosmik teleskoplar vasitəsilə planetləri, ulduzları və qalaktikamızdan kənarda dumanlıq kimi digər kosmik hadisələri izləyir. 2009-cu ildə buraxılan “Kepler” kosmik teleskopu Günəş sistemimizdən kənarda başqa ulduzların ətrafında fırlanan planetləri kəşf edib və 2018-ci ildə fəaliyyətini dayandırıb.
“Hubble” teleskopu 1990-cı ildə istifadəyə verildiyi gündən bəri “Qartal dumanlığı” kimi ulduzların, qara dəliklərin, uzaq qalaktikaların və kosmik hadisələrin şəkillərini təqdim etdi. O, hələ də fəaliyyətdədir və bu ilin aprelində 35 illik yubileyini qeyd edib.
2021-ci ildə buraxılan “James Webb” kosmik teleskopu kainatı infraqırmızı işıqda müşahidə etmək üçün nəzərdə tutulub ki, bu da ona uzaq qalaktikaları, ilkin kainatı, ulduzları, ekzoplanetləri və gənc qalaktikaları görünməmiş detallarla tədqiq etməyə imkan verir.