Bakı, 30 iyul, AZƏRTAC
Elm və Təhsil Nazirliyinin Botanika İnstitutunun Herbari şöbəsinin əməkdaşları Ağdərə rayonunda geniş botaniki tədqiqatlar aparıblar.
İnstitutdan AZƏRTAC-a bildirilib ki, ekspedisiyanın məqsədi 30 ilə yaxın müddətdə erməni işğalı altında qalmış Ağdərə və ətraf ərazilərin bioloji müxtəlifliyi, mövcud floristik vəziyyətin qiymətləndirilməsi, bu ərazilərdə yayılan çoxsaylı bitki növlərinin müqayisəli təhlili, yeni növlərin, yeni yayılma yerlərinin, həmçinin endemik və nadir, Qırmızı kitaba düşən növlərin əsaslı monitorinqinin aparılması olub.
Əsasən meşəlik ərazilərdən ibarət olan Ağdərə rayonundan 70-ə qədər bitki növü yığılıb. “Digitalis ferruginea L.”, “Epipactis palustris”, “Hylotelephium maximum” (L), “Chrysojasminum friticans” (L.), “Phedimus” spurius kimi növlər ilk dəfə olaraq Ağdərə rayonundan Herbari fonduna (yeni yaradılan qalereyaya) daxil ediləcək. Yay fəsli olmasına baxmayaraq ərazidə erkən yaz florasına mənsub “Cephalanthera longifolia” (L.) növü müşahidə olunub. Tədqiq olunan ərazilərdən toplanılmış bitki nümunələrinin GPS məlumatları qeydə alınıb və yerindəcə herbariləşdirilib.
Ekspedisiya müddətində, həmçinin Ağdam, Əsgəran, Xankəndi, Xocalı və Şuşa rayonu ərazilərində tədqiqatlar aparılıb. Böyük Qayıdışa dair Dövlət Proqramının həyata keçirilməsinə töhfə olaraq professor Səyyarə İbadullayevanın müəllifliyi və redaktorluğu ilə hazırlanan, xalq təbabəti, baytarlıq təbabəti, quşçuluq və arıçılığın inkişafına aid istifadə olunan bitkilər haqqında “Qarabağ florasında yayılan dərman bitkilərindən istifadəsi” adlı buklet və broşürlər öz ata-baba yurdlarına qayıtmış yerli icmalara təqdim edilib. Bununla yanaşı, “Qarabağın nadir və nəsli kəsilməkdə olan növləri barədə məlumat kitabı” bələdiyyələrə, məktəblərə və yerli icmalara təqdim olunub.
Ekspedisiyanın nəticəsi olaraq 24 fəsiləyə 49 cinsə və 72 növə aid 210 nüsxə herbari materialları yığılıb Herbari fonduna təhvil verilib.