"2025–2026-cı tədris ilində məktəbəqədər təhsil müəssisələrinə 58 min 500 uşağın qəbulu proqnozlaşdırılır". 1news.az xəbər verir ki, bu barədə brifinq zamanı Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər təhsilin təşkili şöbəsinin müdiri İlahə Rəsulova məlumat verib. Onun sözlərinə görə, qeydiyyatın başlandığı 18 iyul tarixindən etibarən bu günə qədər 32 min 381 uşağın bağçalara qəbul olunması ilə bağlı valideynlərə SMS bildiriş göndərilib. Bağçaların mövcud olmadığı və ya əhalinin sıx yaşadığı ərazilərdə uşaqların məktəbəqədər təhsilə cəlb olunması üçün alternativ olaraq qısamüddətli təlim qrupları fəaliyyət göstərir. Bu qruplar əsasən ümumtəhsil məktəblərinin nəzdində yaradılır. 2024–2025-ci tədris ilində 1177 qrupda ümumilikdə 18 380 nəfər 3–4 yaşlı uşaq gündəlik 2 saatlıq təlimlərə cəlb olunub. 2018-ci ildən tətbiq olunan bu model qadınların məşğulluğu, icma mədəniyyətinin bərpası, valideynlərin tədrisə qoşulması və uşaqların məktəbəqədər təhsillə tanışlığı baxımından önəm daşıyır. 2025–2026-cı tədris ilində bu proqram çərçivəsində 25 min uşağın təlimlərə cəlb olunması gözlənilir. İlahə Rəsulova bildirib ki, özəl-dövlət əməkdaşlığı modeli çərçivəsində, 2-si regionda olmaqla, ümumilikdə 24 özəl bağça qrant layihəsinə qoşulub və 1300 uşaq bu xidmətdən yararlanıb. “Layihə çərçivəsində dövlət hər bir uşaq üçün aylıq 250 manat vəsait ayırır, ödənişin yerdə qalan hissəsi isə valideyn tərəfindən qarşılanır. Bu model özəl sektorun məktəbəqədər təhsilin əhatə dairəsinin genişləndirilməsində rolunu artırır”, – deyə o qeyd edib. Onun sözlərinə görə, dövlət məktəbəqədər müəssisələrində optimallaşdırma prosesi də aparılır. "Növbəsi olmayan və boş qruplar bağlanır, ehtiyac olan bağçalarda isə əlavə qruplar yaradılır. İlkin mərhələdə bu tədbirlər nəticəsində əlavə olaraq 448 uşaq təhsilə cəlb olunub. İkinci mərhələdə isə daha 500 uşağın cəlb olunacağı gözlənilir. Bağça infrastrukturunun inkişafı da diqqət mərkəzində saxlanılır. Məktəbəqədər təhsil müəssisələrinin Elm və Təhsil Nazirliyinin tabeliyinə verildiyi dövrdən etibarən 14 yeni bağça istifadəyə verilib, 3 müəssisədə isə əsaslı təmir işləri aparılıb. 2025–2026-cı tədris ilində əlavə olaraq 11 yeni bağçanın fəaliyyətə başlaması planlaşdırılır".