AZ

Qətər ilə Aİ arasında gərginlik artır: Doha qaz ixracatını dayandıra bilər

Paris, 30 iyul, AZƏRTAC

Avropa İttifaqı (Aİ) ilə Qətər arasında münasibətlər kəskin gərginləşib. Qətər rəsmən Avropaya maye təbii qaz (LNG) ixracatını dayandıra biləcəyi ilə bağlı Belçikanı xəbərdarlıq edib. Bu addımın səbəbi Aİ tərəfindən qəbul edilən və Qətərin iqtisadi maraqlarına zidd hesab etdiyi yeni korporativ məsuliyyət direktividir.

AZƏRTAC xəbər verir ki, CSDDD (Corporate Sustainability Due Diligence Directive) adlı sənəd Aİ-də fəaliyyət göstərən iri şirkətləri təchizat zəncirinin bütün mərhələlərində insan haqları və ekoloji normalara riayət olunmasını təmin etməyə məcbur edir ki, bu, ölkə xaricindəki tərəfdaşlara da aiddir.

Qanuna əsasən, insan haqlarını pozan və ya iqlim öhdəliklərinə əməl etməyən tərəfdaşlarla əməkdaşlıq edən şirkətlər qlobal dövriyyələrinin 5 faizinədək cərimələnə bilərlər. Qətər bu direktivin bir sıra müddəalarını sərt tənqid edib. O, qanunu qaz istehsal edən ölkələrin iqtisadi suverenliyinə müdaxilə kimi qiymətləndirib. Bu hüquqi çərçivə Qətəri Avropa ilə ticarət əlaqələrinə yenidən baxmağa və qaz ixracatını daha sabit və tərəfdaşlığa hörmət edən bazarlara yönəltməyə vadar edə bilər.

Ukrayna müharibəsindən sonra Rusiya qazının azalması ilə Qətər Avropa üçün əsas LNG tədarükçülərindən birinə çevrilib. Beynəlxalq Enerji Agentliyinə görə, hazırda Avropanın qaz idxalının 12–14 faizi Qətərin payına düşür. Qətər qazının azalması və ya tam kəsilməsi, xüsusən də qış aylarında tələbatın artdığı dövrdə, enerji böhranını yenidən alovlandıra bilər.

Avropa Komissiyası məsələ ilə bağlı birbaşa şərh verməkdən çəkinib, lakin dialoqa açıq olduğunu bəyan edib. Brüsseldə hazırda sənədin ticarət əlaqələrini pozmadan tətbiq olunmasına dair dəyişikliklər müzakirə edilir.

Belçika hökuməti isə diplomatik yazışmaların məxfiliyini əsas gətirərək Qətərin məktubuna münasibət bildirməkdən imtina edib.

Siyasi müşahidəçilər bu böhranı Avropanın davamlılıq yanaşması ilə Körfəz ölkələrinin enerji maraqları arasındakı toqquşma kimi dəyərləndirirlər. Brüssel daha etik bir iqtisadi model tətbiq etməyə çalışır, Doha isə bu tələbləri siyasi təzyiq vasitəsi kimi görür. Avropa İttifaqında daxili danışıqlar davam etdiyi bir vaxtda prinsiplərlə realizm arasında düzgün balansın tapılması, həm Avropa–Qətər münasibətlərinin gələcəyi, həm də qlobal enerji bazarının sabitliyi üçün həlledici olacaq.

Seçilən
22
2
azertag.az

3Mənbələr