AZ

Nazirdən qalmaqallı açıqlamalar: PKK, meşə yanğını...

Türkiyə Respublikasının Ədliyyə Naziri Yılmaz Tunç ölkə üzrə baş verən meşə yanğınları ilə bağlı diqqətçəkən açıqlamalar verib. 

“Cebheinfo.az” xəbər verir ki, naziri meşə yanğınları ilə bağlı 1 iyun tarixindən bu günə qədər 168 nəfərin saxlanıldığını bildirib. 

Onlardan 39 nəfəri barəsində həbs-qətimkan tədbiri seçilib. 64 nəfər barəsində isə məhkəmə nəzarəti tədbiri seçilib. İstintaq davam edir. Keçmişdə meşə yanğınlarına səbəb olduqları üçün 127 nəfər həbsdə olub, onlardan 67-si artıq məhkumdur. Tunç qeyd edib ki, Türkiyənin terror bəlasından qurtulması tarixi bir addımdır: 

“Türkiyənin inkişafının qarşısında duran böyük bir maneədir. Ən önəmlisi isə şəhidlərimizdir, həkimlərimiz, müəllimlərimiz şəhid oldular. Terror ölkəmizə böyük zərər vurub. Əgər terror olmasaydı, bu gün ölkəmiz daha inkişaf etmiş bir vəziyyətdə olardı. Demokratikləşmə addımları, ayrı-seçkiliyin aradan qaldırılması, əsas hüquq və azadlıqların təmin olunması çox mühüm məsələlərdir. 

Kürd dilinin qarşısındakı əngəllər aradan qaldırıldı, dövlət televiziyasında kürd dilində yayımlar başladı, məktəblərdə kürd dili seçmə dərs kimi tədris olunur. Xüsusilə bölgədə keçmişdə edilən səhvlər aradan qaldırılıb. 

Terrora zəmin yaradan amillər ortadan qalxdıqca, terror təşkilatları ilə ciddi mübarizə aparılıb. Silahların yerə qoyulması və bu prosesin davamlı olması vacibdir. Bu davamlılıq üçün dövlətin bütün qurumları birlikdə çalışmalıdır.

Koalisiya hökumətləri dövründə bu mümkün olmurdu, çünki partiyalar arasında fikir ayrılığı mövcud idi. Siyasi partiyalar fikirlərini ifadə edəcəklər. Terror təşkilatının buraxılması hər hansısa bir razılaşmanın nəticəsi deyil.

Dövlət belə bir bazarlığa getməz. "Bunun müqabilində bunlar ediləcək" kimi bir məsələ ola bilməz. Dövlət siyasətində hüquq dövlətinin tələbləri nədirsə, o yerinə yetirilir. Türkiyə Böyük Millət Məclisində (TBMM) qurulacaq komissiya fəaliyyətə başladıqda, həmin orqan daxilində müxtəlif fikirlər səsləndiriləcək”. 

Ədliyyə naziri bildirib ki, 700 PKK üzvünün azadlığa buraxılması ilə bağlı yayılan xəbər doğru deyil: 

“Parlamentimiz ağır xəstə məhbuslarla bağlı dəyişiklik edib. Cəza ağırlaşdıran ömürlük həbs deyilsə, cəzalar təxirə salına bilər. Parlamentimiz həmin şəxslərin cəzalarını evdə çəkmələri baxımından qanun dəyişikliyi edib. 700 PKK-çının azadlığa buraxılması başlığı ilə bir qəzetdə yayımlanan xəbər doğru deyil. 

Bu, bütünlüklə Konstitusiya Məhkəməsinin qərarın ləğvi ilə bağlı qərarından sonra Parlamentin hər hansı yeni qaydalar qəbul etməməsi ilə bağlıdır. Məsələ burasındadır ki, təşkilatın adından cinayət törədənlər təşkilatın üzvü kimi cəzalandırılacaqlar. Bir təşkilatın təşkil etdiyi proqrama və ya toplantıya qatılan şəxsi cəzalandıra bilərsiniz, lakin məhkəmə də təşkilatın üzvü kimi cəzalandırma qərarını ləğv etdi”. 

Nazir eyni zamanda Veysi Aktaşın azadlığa buraxılması ilə bağlı iddialara da aydınlıq gətirib: 

“Veysi Aktaş hər hansı bir dəyişiklik nəticəsində azad olunmayıb. Onun aldığı cəzanın müddəti bitdiyi üçün, yəni 30 il keçdiyinə görə sərbəst buraxılıb. Cəzasını tamamlayan təşkilat üzvləri ola bilər. 

Qanun nə tələb edirsə, məhkəmə hansı hökmü veribsə, o da tətbiq edilir. Əgər müəyyən müddətli cəza alıbsa və bu müddət bitibsə, azad edilə bilər. Bunu “təşkilat üzvləri azadlığa buraxılır” kimi təqdim etmək doğru deyil”. 

Nazir bildirib ki, pandemiya dövründə müəyyən məhkumlar COVID iznindən yararlanaraq cəzalarını müəssisə xaricində, nəzarət altında çəkməyə başlamışdılar: 

““31 iyul qanunu” olaraq adlandırılan məsələ daim gündəmdə olub. COVID dövründə bu şəxslər izindən faydalanıblar. 31 iyul 2023 –cü il tarixindən etibarən bu müddət başa çatıb. 

Bu tarixdə icazədə olan şəxslərə yeni bir imkan yaradılıb, cəzasının bitməsinə 5 il qalan şəxslər çöldə, yəni nəzarət altında, cəzalarını çəkməyə davam ediblər. Onlar yenidən həbs olunmayıblar. Yeni bir tənzimləmə müzakirə olundu. TBMM tərəfindən yeni bir dəyişiklik qəbul edilməyib. Bu məsələdə DEM Partiyasının (Xalqların Bərabərlik və Demokratiya Partiyası) bir təklifi olmayıb. Ancaq əvvəlki dövrdə bu partiya təklif etmişdi ki, terrorda ittiham olunan şəxslər də COVID iznindən yararlansın”. 

Seçilən
24
cebheinfo.az

1Mənbələr